BURADA REKLAMINIZ OLA
BİLƏR

Şadlıq sarayında sevgilisini qızının gözü önündə bıçaqlayan şəxsin cəzası azaldıldı

Ali Məhkəmədə qadını bıçaqlamaqda təqsirləndirilən Səbuhi Məmmədovun barəsindəki hökmdən verilən kassasiya şikayətinə baxılıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İlqar Qılıcovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, onun kassasiya şikayəti qismən təmin edilib.

 

Belə ki, S.Məmmədovun 8 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası 7 ilə endirilib.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünü ilə 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilən S.Məmmədov cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkir.

 

İttiham aktına əsasən, hadisə 2021-ci ilin iyul ayında paytaxt ərazisində qeydə alınıb.

 

Belə ki, Tərtər rayon sakini, 1987-ci il təvəllüdlü S.Məmmədov tanış olduğu qadın - M.V (Ad, soy adı şərti) ilə əvvəl tanış olub, daha sonra aralarında sevgi münasibətləri yaranıb. Onlar bir neçə dəfə müxtəlif vaxtlarda həm S.Məmmədovun kirayə qaldığı mənzilində, həm də qadının yaşadığı evdə görüşüblər.

 

Görüşlərin birində M.V ona ailəli olduğunu və həmin vaxt həyat yoldaşının Rusiyaya getdiyini bildirib. Daha sonra S.Məmmədov qadını qısqanmağa başlayıb. M.V-nın telefonuna tanımadığı şəxslərdən gələn zənglərə görə aralarında bir neçə dəfə mübahisə düşüb.

 

S.Məmmədov M.V-nı qısqandığı üçün 2 dəfə döyüb. Buna görə qadın ondan polisə şikayət edib.

 

O, 2021-ci il iyulun 17-si saat 23 radələrində qadının işlədiyi “Kainat” şadlıq sarayına gedib. Orada zərərçəkmiş S.Məmmədovla ayrılmaq qərarına gəldiyini deyərək onunla danışmaqdan imtina edib. Buna əsəbləşən S.Məmmədov şadlıq sarayının birinci mərtəbəsində, foyedə qadının 2008-ci il təvəllüdlü qızının gözləri qarşısında üzərində olan bıçaqla M.V-nın bədəninin müxtəlif nahiyələrinə iki dəfə vuraraq xəsarət yetirib.

 

Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub.

 

Hadisənin səhəri günü o, polis bölməsinə gedərək törətdiyi cinayəti etiraf edib.

 

İstintaq dövründə S.Məmmədovun barəsində Cinayət Məclləsinin 126.2.3-cü (Qəsdən sağlamlığa ağır zərər vurma, xüsusi amansızlıqla, o cümlədən zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə), 126.2.4-cü (Qəsdən sağlamlığa ağır zərər vurma, ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə) və 128-ci (Qəsdən sağlamlığa yüngül zərər vurma) maddələri ilə ittiham irəli sürülüb.

 

Xatırlatma: İstintaq materialında S.Məmmədovun da evli olduğu qeyd olunur.

 

Kamal Məmmədov

Tarix: 23 Fevral 2023, 09:01   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin