BURADA REKLAMINIZ OLA
BİLƏR

Heydər Əliyev azərbaycançılıq ideologiyasını dünya azərbaycanlılarının vahid bir ideya ətrafında birləşməsində görürdü və o, buna nail oldu - RƏY

““İndi hər bir azərbaycanlı qürur hissi keçirə bilər ki, mən azərbaycanlıyam, mənim millətim, mənim millətimin dövləti, ölkəm var. İsveçrədə, Almaniyada, Fransada yaşasam da, fərqi yoxdur, mənim xalqımın müstəqil dövləti var və dünya xalqları içərisində yerim var. Azərbaycan xalqının əsrin sonunda əldə etdiyi ən böyük nailiyyət budur”. Bu sözlər Azərbaycanın ümummilli lideri Heydər Əliyevə məxsusdur. Azərbaycançılıq ideologiyasının əsasını qoymuş Heydər Əliyev həyatının mənasını Vətənə xidmətdə görüb, azərbaycançılıq ideologiyasının formalaşmasında, xaricdə yaşayan soydaşlarımızın milli özünüdərketmə hisslərinin oyanışında və onların təşkilatlanmalarında mühüm rol oynayıb. 2023-cü il mayın 10-da Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur. Cənab Prezident İlham Əliyevin Sərəncamı ilə 2023-cü il “Heydər Əliyev İli” elan edilib.

 

Mövzu ilə bağlı Pravda.az-a fikirlərini bölüşən Milli Məclisin deputatı Arzu Nağıyev deyib ki, hər millətin bir lideri olmalıdır və o, elə bir lider olmalıdır, ona istinad olunsun.

“Biri var, rəhbərlər, biri də var, dövlətin qurucuları. Düşünürəm ki, Heydər Əliyev Azərbaycan dövlətinin qurucularından biridir. Bu, daim tarixdə belə qalacaq. Heydər Əliyev azərbaycançılıq ideologiyasını dünya azərbaycanlılarının vahid bir ideya ətrafında birləşməsində görürdü və o, buna da nail oldu. Heydər Əliyev siyasətində məhz milli-mənəvi ənənələrin qorunması ən mühüm amillərdən idi. İstər Sovetlər dönəmində, istər ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra bu ənənələri daim davam etdirmək istiqamətində addımlar atdı. Heydər Əliyev fenomenini fərqləndirən də o idi ki, o, azərbaycançılığı dövlət ideologiyasına çevirdi, dövlətin ideologiyasında azərbaycançılıq çox mühüm yer tutdu. Heydər Əliyev milli həmrəyliyi, bütövlüyü, milli təəssübkeşliyi və vətənpərvərlik hissini Azərbaycan xalqında gücləndirdi. Təsəvvür edin, o dövrdə ölkə xaosdaydı, darmadağın olmuşdu, ölkənin müxtəlif feodal qurumlara bölünmək qorxusu belə var idi. İstər Şimaldan, istər Cənubdan, istər Şərqdən, istərsə də Qərbdən bu istiqamətdə addımlar atılırdı. Heydər Əliyev bunların qarşısını aldı, azərbaycançılıq ideyasını ortaya qoydu, milli mənsubiyyətindən asılı olmayaraq ciddi bir dövlətin qurulmasında böyük addımlar atdı. Bu gün də bu ideyalar yaşayır. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə bu ideyaların ətrafında Azərbaycan xalqı birləşib. Əldə etdiyimiz qələbələrin də təməlində məhz ulu öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyası durur”.

 

Əməkdar elm xadimi, professor Nizaməddin Şəmsizadə isə deyib ki, “Heydər Əliyev və azərbaycançılıq ideologiyası” adlı kitab dövlət mükafatına layiq görülüb:

Nizaməddin Şəmsizadə haqqında yayılan ölüm xəbərlərindən danışdı: “Çox  böyük alçaqlıqdır...”

“Heydər Əliyev elə bir tarixi, fenomenal şəxsiyyətdir ki, onun məşğul olduğu bütün sahələrə diqqət yetrisək, hər bir sahədə yüksək peşəkarlıqla məşğul olduğunu görərik. Heydər Əliyev böyük siyasətçi, diplomat, dövlət xadimi və ideoloq idi. Heydər Əliyevin fəaliyyətində azərbaycançılıq mühüm yer tutur. Çünki o, Azərbaycan tarixini gözəl bilirdi. SSRİ-nin əvvəllərində xəritələrdə “Azərbaycan” sözü yox idi, “Qafqaziya” var idi. İlk dəfə Məhəmməd Əmin Rəsulzadə İranda farsca çıxan “İrane-nou” qəzetində Azərbaycan haqqında silsilə məqalələr yazdı. Onun əslində Azərbaycan qayəsi ideyası var. Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin bir çox ənənələrini davam etdirib, özü də əlavələrlə. Heydər Əliyev azərbaycançılığı dövlətçiliyə tətbiq etdi. Mənim “Azərbaycançılıq” adlı kitabım var. Bu kitabın birinci variantı 1996-cı ildə, ikinci variantı isə 10 il sonra – 2006-cı ildə çap olunub. Həmin kitablarda Heydər Əliyevin çox fikirlərindən istifadə etmişəm. Heydər Əliyev çıxışlarının birində demişdi ki, “hər bir xalq, millət öz milli qüruru ilə fəxr etməlidir, mən fəxr edirəm ki, azərbaycanlıyam”. Heydər Əliyevin bilirdi ki, dövlət siyasətinin, diplomatiyasının əsaslı olması üçün iqtisadi müstəqillik lazımdır. Ümummilli lider 1994-cü ildə “Əsrin Müqaviləsi” adı ilə tariximizə daxil olan kontraktlarda azərbaycançılığın iqtisadi əsaslarını qoydu. Həmişə demişəm, Heydər Əliyevin ən böyük əsəri cənab Prezident İlham Əliyevdir. Bu, gün cənab Prezident ulu öndər Heydər Əliyevin ənənələrini davam etdirir. Bəzi adamlar bunu başa düşmür, onun böyüklüyünü görmürlər. Böyüklüyünü görmək üçün gərək özün də bir az böyük olasan. Heydər Əliyev Azərbaycanı kənarda qalmış, futbol termini ilə desək, “ofsayt”da qalmış bir ölkədən gətirib beynəlxalq münasibətlərin mərkəzinə çıxarıb. Qənirə Paşayeva Heydər Əliyevə sual vermişdi ki, ATƏT-in Minsk Qrupu Qarabağı almağa kömək edəcək? Heydər Əliyev demişdi ki, yox, bu, diplomatiyadır, Qarabağı silahla alacağıq. 30 il sonra bu həqiqət öz təsdiqini tapdı”.

 

N.Şəmsizdadə bildirib ki, Heydər Əliyev ictimai prosesləri duyan adam idi:

 

“O, xalqın ürəyini almağı, onun qəlbinə girməyi bacarırdı. Fəxr etməliyik ki, taleyimiz və tariximiz XX əsrdə bizə Heydər Əliyev kimi fenomenal şəxsiyyət nəsib etdi. Tariximizdə böyük şəxsiyyətlər çox olub. Amma mən Heydər Əliyevi rusların “böyük Pyotr” adlandırdıqları I Pyotrla müqayisə edərdim. Pyotr Rusiyada millət yaratdı. Heydər Əliyev də SSRİ-nin başçısı Lenin fəlsəfəsi ilə tərbiyə almış insanlara milli qürur hissi aşıladı. Sübut etdi ki, əsl işğal yadın yaddaş üzərində hökmranlığından başlayır. O dedi ki, biz birinci yaddaşımızı, iqtisadiyyatımızı bərpa etməliyik. Dövlət birinci iqtisadi təməllər üstündə dayanır. Milli azadlıq o zaman tarixi fakta çevrilir ki, həmin azadlığın iqtisadi təməlləri möhkəm olsun. Tarix belədir. Heydər Əliyev Azərbaycan tarixinin müxtəlif dövrlərinin, nəsillərinin səhvlərini başa düşüb, onları islah etməyə çalışdı, Azərbaycanda Azərbaycan dövlətçiliyini, müstəqilliyini yaratdı. 1990-cı illərin əvvəllərində parçalana-parçalana gedirdik, vəziyyətimiz çox pis idi. O, xalqı, milləti bir yerə toplaya, bir məqsədə yönəldə bildi. Bu məqsəd azərbaycançılıq idi. Heydər Əliyev dedi ki, yolumuz budur. XX əsrin əvvəllərində Məhəmməd Ağa Şahtaxtlı yazırdı: “Bir tiflisli müsəlmandan soruşur ki, əfəndim, sənin millətin nədir? O da deyir ki, müsəlmanam”. Tiflisli ona başa sala bilmir ki, müsəlman sənin dini mənsubiyyətindir, sən azərbaycanlısan. Azərbaycan ərazisində yaşayan bütün toplumlar, xalqlar, millətlər - başda türk milləti olmaq şərtilə, hamı azərbaycanlıdır. Çünki azərbaycanlılar ərazi birliyi ilə, vətəndaşlıq bağlantısı ilə birləşmiş bir xalqdır. Ona görə də bu yolla irəliləməliyik. Cənab Prezidentimizin siyasətini çox gözəl başa düşürəm. O, sübut etdi ki, dünya səviyyəsində nömrə birdir. İlham Əliyev Heydər Əliyevin ənənələrinin çoxunu yerinə yetirdi. Lakin bir şeyi yüksək səviyyədə icra etdi. Əlbəttə, silah gücü, müharibə də olar, aclıq da, xəstəlik də. Amma tarixdə heç bir padşah, prezident İlham Əliyev qədər xalqın rəğbətini qazana, xalqına yaxın ola bilmədi. Prezidentlə xalqın gücü 44 günlük müharibədə böyük bir işğala son qoydu. Heç kimin ağlına gəlmirdi. İlham Əliyev müharibədən əvvəl BMT-nin Təhlükəsizlik Şurasındakı çıxışında müharibə zərurətini beynəlxalq aləmdə əsaslandırdı. Bütün bunlar Heydər Əliyevin azərbaycançılıq ideyasının təzahürləri idi. Ulu öndər böyük azərbaycanlı, böyük türk idi, böyük bir millətin, xalqın təmsilçisi idi. Əbədi olaraq da tarixdə bu cür yaşayacaq”.

 

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə yardımı ilə “Azərbaycançılıq ideyasının təbliği – “Heydər Əliyev İli”” mövzusu üzrə dərc olunub.

 

Aytəkin Qardaşova

 

Tarix: 25 Fevral 2023, 11:31   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin