BURADA REKLAMINIZ OLA
BİLƏR

“Deputat: “Hər bir Xocalı sakini öz yurd-yuvasına dönəndə qətlə yetirilmiş Xocalı sakinlərinin ruhu rahatlıq tapacaq”

“Azərbaycan xalqı 200 il ərzində erməni millətçi-şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırım siyasətinə məruz qalıb”.

 

Pravda.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.

 

O bildirib ki, aqressiv və cinayətkar erməni siyasətinin nəticəsi olan "Xocalı" soyqırımı təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir: “Bu cinayətlərdən və vəhşiliklərdən kifayət qədər faktlar üzərində danışmaq olar. 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biri olan Xocalı soyqırımı aktı baş vermişdir. Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərinə hücum etmiş və dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan tutmuşdur. Faciə günü Xocalı şəhərini tərk edən əhali pusquya salınmış və Naxçıvanlı, habelə Pircamal kəndləri yaxınlığında erməni hərbi postları tərəfindən ya atəşə tutularaq qətlə yetirilmiş və ya əsir götürülmüşdür. Hücum başladıqdan sonra şəhərdə qalan 2500-ə yaxın əhali azərbaycanlıların nəzarətində olan ən yaxın məkana çatmaq məqsədilə şəhəri tərk etməyə cəhd etmişdirlər. Əsasən qadın və uşaqlardan ibarət əhalinin qalan hissəsi dağlarda hərəkət edən zaman donvurma nəticəsində həlak olmuşdurlar”.

 

Xocalı soyqırımı zamanı 106 qadın, 63 uşaq və 70 yaşlı insanolmaqla 613 nəfər qətlə yetirilmiş, 1275 sakin girov götürülmüş, 150 nəfərin taleyi isə bu günədək naməlum qalmışdır. Şəhər yerlə-yeksan edilmişdir. Həmin faciəvi gecədə 76 nəfəri uşaq olmaqla, 487 nəfər Xocalı sakini ciddi şəkildə şikəst edilmişdir. 8 ailə tamamilə məhv edildiş, 25 uşaq hər iki valideynini və 130 uşaq isə bir valideynini itirmişdir”, - deyə deputat bildirib.

 

O əlavə edib ki, qətlə yetirilən insanlardan 56 nəfəri xüsusi qəddarlıqla - diri-diri yandırılaraq, başının dərisi soyularaq, boynu vurularaq, gözləri çıxarılaraq, hamilə qadınların isə qarın boşluğuna süngü ilə vurularaq öldürülmüşdür: “İşğalın nəticəsində Xocalı şəhərində 105 sosial-məişət obyekti, 3200 fərdi yaşayış binası, 14 məktəb, 21 klub, 29 kitabxana, üç mədəniyyət evi və bir tarix-diyarşünaslıq muzeyi dağıdılıb. Şəhərdə XIV-XV əsrə aid türbələr, günbəzlər, məzarlar yerlə-yeksan olunub, qəbiristanlıq vandallara xas üsullarla dağıdılmışdır. Azərbaycan xalqının XX əsrdə üzləşdiyi dəhşətli Xocalı faciəsi yalnız Holokost soyqırımı kimi insanlıq tarixinə düşmüş qanlı faciə ilə müqayisə oluna bilər. XX əsrin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. “Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir” – deyən Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il, fevralın 24-də Milli Məclis “Xocalı soyqırımı günü haqqında” qərar qəbul etmişdir. Ulu Öndər Heydər Əliyevin 25 fevral 1997-ci il tarixli Sərəncamı ilə Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək məqsədi ilə hər il fevral ayının 26-sı saat 17.00-da Azərbaycan Respublikası ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq sükut dəqiqəsi elan edilmişdir”.

 

Deputat əlavə edib ki, soyqırımından illər keçməsinə baxmayaraq, heç bir azərbaycanlı bu hadisələri yaddan çıxarmayıb: “Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun hər bir əsgəri və zabiti 44 günlük Vətən müharibəsində əzmkarlıqla Zəfərə doğru getdikləri hər bir yolda şəhidlərin, Xocalıda qətlə yetirilmiş soydaşlarımızın qisasını aldılar. Hazırda azad olunmuş torpaqlarımızda bərpa, quruculuq işləri aparılmaqla həmin ərazilərin sakinlərinin öz yurd-yuvasına qayıdışının təmin edilməsi ilə bağlı genişmiqyaslı işlər həyata keçirilir. Düşünürəm ki, Prezident İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində hər bir Xocalı sakini öz yurd-yuvasına dönəndə qətlə yetirilmiş Xocalı sakinlərinin ruhu rahatlıq tapacaq. Bu, həm də yaşayan Xocalı sakinlərinin yaralarına bir məlhəm olacaq”.

 

Tarix: 25 Fevral 2023, 15:58   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin