BURADA REKLAMINIZ OLA
BİLƏR

Aqil Ələsgər: “2018-ci ildə AZAL-a göndərdiyimiz müraciətə 2020-ci ildə cavab gəldi, “operativ” işləyirlər”

Azərbaycan Hava Yolları (AZAL) ilə xarici ölkələrə səfər edən vətəndaşlarımızın ən çox rastlaşdıqları problemlərdən biri yoxlanış zamanı AZAL-ın işçi qrupu tərəfindən çamadanlarla ehtiyatsız davranılması, plastik materialdan olan çamadanların sındırılmasıdır. AZAL sərnişinləri bildirirlər ki, zərər görən əşyalarının pulu aviaşirkət tərəfindən geri ödənilmir. Başqa sözlə desək, dəymiş ziyanı AZAL-dan “qopara” bilmək üçün gərək beton qədər möhkəm səbriniz olsun. Müəyyən səbəblərdən uçuş bileti “yanan”lar da eyni vəziyyətlə üzləşirlər. Bəziləri uzun sürən qaçdı-qovdudan sonra bilet pulunu geri ala bilirlərsə, səbri çatmayanlar naəlac qalıb, öz ciblərinin pulunu AZAL-a “bəxşiş” buraxırlar, təki, əsəbləri sakit olsun.

 

“Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər də Pravda.az-a açıqlamasında AZAL-la bağlı yaşanan bəzi problemlərdən söz açıb.

 

A.Ələsgər problemləri belə səciyyələndirib: “Birincisi, digər ölkələrlə müqayisədə çamadanlar çox gec gəlir. Nəzərə alaq ki, Azərbaycana eyni anda yeddi-səkkiz təyyarə enmir. Amma dünyanın ən böyük hava limanı olan İstanbul Hava Limanı ilə müqayisədə baqajlar bizdə daha gec gəlir. Bunun arxasında hansısa məmurların monopoliyasında olan hansısa əşyaların, malların sadə vətəndaşlar tərəfindən gətirilməsinin qarşısını almaq məqsədi dayanır. Çox təəssüf ki, gömrük hansısa monopolistin mövqeyini qorumaq üçün bəzən saatlarla vətəndaşı gözlədir. İkincisi, biletlərin bahalaşması ayrı bir dərddir. AZAL-ın qiymətləri digər ölkələrlə müqayisədə çox bahadır. Tez-tez getdiyimiz Türkiyəni misal gətirsək, Türkiyədən Tiflisə, Moskvaya və ya Avropa, Baltikyanı ölkələrə qiymətlər daha ucuzdur, nəinki Azərbaycanda. Bəzi ölkələrə məsafənin Azərbaycandan iki dəfə çox olmasına baxmayaraq, qiymətlər Türkiyədə daha münasibdir. Burda da AZAL-ın monopolist mövqeyi rol oynayır. Biletlərin geri alınması məsələsi də çox ciddi bir problemdir. İnanmırıq ki, bu məsələ öz həllini tapa. 2018-ci ildə bir problem yaşamışdıq, AZAL-a e-mail vasitəsilə müraciət etmişdik. Müraciətimizə cavab 2020-ci ildə gəldi. Yəni AZAL bu qədər “operativ” işləyir. Belə bir məsəl var - imam üçün ağlayanda arada Yezidi də unutmamaq lazımdır. Məsələn, təyyarəsinin komfortu, yeməklərin keyfiyyəti, təyyarələrinin yeniliyi… Bu baxımdan AZAL Azərbaycandan uçuş edən digər hava yolları şirkətləri ilə müqayisədə daha yüksək keyfiyyətdə xidmət verir. Amma bu xidmətin yanında anlamsız qiymət, baqajlarla kobudluq və digər problemlər AZAL-ın yaxşı gördüyü işi də kölgədə qoyur”.

 

Aytəkin Qardaşova

Tarix: 28 Fevral 2023, 14:37   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin