BURADA REKLAMINIZ OLA
BİLƏR

Müharibə iştirakçısı komunal borca görə keçmiş polis olan komendantı döydü

Abşeron Rayon Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Samir Quliyevin (soyadı şərti) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Sevinc Quliyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə o, qazancından dövlət nəfinə 20 faiz tutulmaqla 6 ay müddətinə islah işləri cəzasına məhkum edilib.

 

İttihama görə, hadisə 11 iyun 2022-ci il tarixdə saat 11 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi, “Yeni Bakı” yaşayış kompleksində qeydə alınıb.

 

Belə ki, Samir Quliyev yaşadığı 5C saylı binanın komendantı vəzifəsində işləyən zərərçəkmiş İsrafil Əliyevlə (soyadı şərti) əvvəl telefon vasitəsi ilə mübahisə edib. Daha sonra o, zərərçəkmişi həmin yaşayış kompleksində yerləşən 5A saylı binanın qarşısına dəvət edib. Samir orada İsraili yerə yıxaraq ona sağlamlığa zərər vurmayan bədən xəsarətləri yetirib.

 

Samir Quliyev məhkəmədə elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O deyib ki, 2012-ci ildə Qafqaz universitetini bitirib, hərbi xidmətə getdib, müddətli hərbi xidməti bitirdikdən sonra leytenant rütbəsi ilə Qazax rayonu “N” saylı hərbi hissədə iki il xidmət etdikdən sonra ehtiyata buraxılıb. 2020-ci ilin sentyabr ayında İkinci Qarabağ müharibəsi başlayan zaman müharibədə iştirak edib.

 

Onun sözlərinə görə, "Yeni Bakı” yaşayış kompleksində yerləşən mənzili 2015-ci ildə alsa da, orada 2016-cı ildən yaşayır. Yaşadığı binanın komendantı işləyən İsrafil 2021-ci ildən hadisə anınadək mütəmadi olaraq ondan həmin mənzildə yaşamadığı müddət ərzində olan kommunal borcunu istəyib. Sabir qeyd edib ki, hər ay əsassız olaraq pul yığıldığını bildiyi halda 36 manat kommunal xərcləri ödəyib. Lakin yaşamadığı dövrə görə pul ödəməkdən imtina edib. Ona görə də İsrafil mütəmadi olaraq binanın girişindən onun yaşadığı mənzilə gələn elektrik xətlərini kəsib. Bu səbəbdən onların aralarında bir neçə dəfə mübahisələr olub.

 

Hadisə günü Samir yaşadığı məhəllədə özünə məxsus avtomobili yudurdarkən İsrafil yenə də onun mobil nömrəyə zəng edərək kommunal xərcləri ödəməyini tələb edib. Təqsirləndirilən şəxs də zərərçəkmişə kommunal xərclərini ödədiyini bildirsə də, İsrail köhnə borclarını nəzərdə tutduğunu deyib. Bundan sonra onlar bir neçə dəqiqə telefonda mübahisə edib. Sonra Samir telefonu söndürüb, İsrafil onun yanına gəlib.

 

Təqsirləndirilən şəxs bildirib ki, binanın həyətində yerləşən avtoyuma məntəqəsinin yaxınlığında mübahisə zaman İsrafil onun əynində olan paltarın yaxasından yapışıb. O da İsrafilin yaxasından tutub. Bundan sonra zərərçəkmiş şəxs qəflətən sağ əli ilə onun burnunun üstündən yumruqla zərbə vurub. Həmin zərbənin təsirindən o, müvazinətini itirib arxa tərəfə sol çiyin üstə yıxılıb. Bu zaman Samir zərərçəkmiş şəxsin yaxasından yapışdığı üçün İsrafil də onun üstünə yıxılıb. O, yerdən qalxdıqdan sonra burnunun üstündən qan gəldiyini hiss edib, İsrafil də bunu gördükdə qorxub sakitləşdirib.

 

Samir deyib ki, əməlində peşmançılıq çəkir.

 

Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində İsrail Əliyev dindirilərkən ifadəsində bildirib ki, 1988-2016-cı il tarixədək daxili işlər orqanlarında xidmət edib, Birinci Qarabağ müharibəsi veteranıdır. 2020-ci ilin sentyabr ayından Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən "Yeni Bakı" yaşayış kompleksində komendant vəzifəsində işləyir.

 

O, təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbinin olmadığını söyləyib.

 

Kamal Məmmədov

Tarix: 1 Mart 2023, 17:02   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin