BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda idarədən silah oğurlayan sabiq polislər kassasiya şikayəti verdi

Bakıda silah oğurluğunda təqsirləndirilən Sabunçu Rayon Polis İdarəsinin sabiq əməkdaşları Musa Allahverdiyev və Elxan Mustafayevin barəsində olan hökmdən kassasiya şikayəti veriblər.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, Ali Məhkəməyə müraciət edən məhkumlar cəzalarının yüngülləşdirilməsini istəyirlər.

 

Şikayət hakim Rəşad Abdulovun sədrliyi ilə araşdırılacaq.

 

Məhkəmənin ilkin hazırlıq iclası martın 7-nə təyin edilib.

 

Bakı Ağır Cinayətlər Məhkəməsində hökmünə əsasən, Musa Allahverdiyev 5 il 6 ay və Cavid Hüseynov isə 3 il 6 ay azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkumlar apellyasiya şikayəti veriblər. Bakı Apellyasiya Məhkəməsində birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən, apellyasiya şikayəti isə təmin edilmədən saxlanılıb.

 

Xatırlatma: Sabunçu Rayon Polis İdarəsinin əməkdaşı Musa Allahverdiyev 2020-ci ilin dekabrında İdarənin balansında olan “Zəfər K” tapançalarından birini saxlanc yerindən gizlincə götürərək dostunun bağında gizlədib.

 

Bakı Şəhər Baş Polis İdarəsinin dekabrın 29-da apardığı yoxlama zamanı 1 silahın çatışmadığı məlum olub. Araşdırma nəticəsində müəyyən edilib ki, silahı polis əməkdaşı Musa Allahverdiyev oğurlayıb və Post-Patrul Xidmətinin əməkdaşı Elxan Mustafayevin bağında gizlədib. Silahın olduğu çantada tapançadan əlavə qandal və dəyənək də olub. 2021-ci ilin aprelində hər iki polis saxlanıb. 

 

Məhkəmədə ifadə verən Musa Allahverdiyev deyib ki, silahı pula ehtiyacı olduğu üçün satıb qazanc əldə etmək məqsədilə oğurlayıb. Onun sözlərinə görə, bağa apardığı çantanın içində tapança olmasından dostu Elxan Mustafayevin xəbəri olmayıb. PPX əməkdaşı Elxan Mustafayev də silahın oğurlanmasından və onun bağında gizlədilməsindən məlumatı olmadığını deyib. 

 

2020-ci ilin dekabrında yoxlama zamanı silahın yoxa çıxdığı aşkarlananda bir sıra şəxslər cəzalandırılıb. Sabunçu Rayon Polis İdarəsinin Növbətçi hissənin rəisi Səhrab Rzayev vəzifəsindən azad edilərək sərəncama göndərilib. Silahı oğurlayan şəxslər tutulduqdan sonra Səhrab Rzayev 13-cü Polis Bölməsinə inspektor təyin edilib.

 

Məhkəmədə dindirilən Səhrab Rzayev deyib ki, silah Vətən müharibəsi dövründə oğurlanıb.

 

Kamal Məmmədov

Tarix: 6 Mart 2023, 09:19   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin