BURADA REKLAMINIZ OLA
BİLƏR

Balakən RİH iddialara cavab verdi

Xəbər verdiyimiz ki, Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham olunur. Bildirilir ki, icra başçısı məhkəmə qərarı olmadan Balakən rayon sakinlərini həyətyanı sahələrində tikdikləri və yay aylarında istifadə etdikləri çardaqlarını (naves) sökməklə hədələyir. Eyni zamanda Balakən ərazində xeyli sayda boş torpaq sahələrinin İslam Rzayev tərəfindən zəbt edildiyi də iddia edilir.

 

Pravda.az məsələni aydınlaşdırmaq üçün Balakən RİH-ə sorğu göndərib.

 

İcra Hakimiyyəti tərəfindən saytımıza verilən açıqlamada bildirilib ki, rayonun Mənzil İstismar Müəssisəsi tərəfindən müəssisənin balansında olan çoxmənzilli binaların həyətlərində, əhalinin ümumi istifadəsi üçün nəzərdə tutulan ərazilərdə monitorinq aparılıb: “Monitorinq zamanı müəssisəsinin balansında olan və əhalinin ümumi istifadəsi üçün nəzərdə tutulan çoxmənzilli binaların həyətlərinin bir neçə şəxs tərəfindən qanunsuz zəbt olunaraq hasarlandığı və yardımçı binaların tikildiyi müəyyən olunub. Məsələ ilə əlaqədar Mənzil İstismar Müəssisəsi tərəfindən dövlət mülkiyyətində olan torpaqları qanunsuz zəbt edən şəxslərə qarşı Balakən Rayon Məhkəməsində “qanunsuz istifadə etdikləri torpaq sahələrinin hasarlarının sökülməsi və zəbtdən çıxarılması” tələbi ilə iddia qaldırılıb. Bildiririk ki, bu günə qədər qeyd olunan ərazilərdə hər hansı söküntü işi aparılmayıb. Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq  olunmuş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 3.11., 4.16.3 və 24 noyabr 2014-cü il tarixli 375 nömrəli Fərmanı ilə təsdiq  olunmuş  “Dövlət şəhərsalma nəzarətinin  həyata keçirilməsi Qaydaları”na əsasən  Balakən Rayon İcra Hakimiyyəti tərəfindən  rayon ərazisində dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqlardan təyinatı üzrə istifadə edilməsi, memarlıq və şəhərsalma sahəsində dövlət siyasətinin həyata keçirilməsinin təmin edilməsi məqsədilə  müvafiq işlərin həyata keçirilməsi diqqət mərkəzində saxlanılır, qanunamüvafiq tədbirlər görülür”.

 

Balakən ərazində xeyli sayda boş torpaq sahələrinin İslam Rzayev tərəfindən zəbt edilməsi iddiasına isə RİH tərəfindən heç bir mövqe bildirilməyib.

 

Aytəkin Qardaşova

Tarix: 7 Mart 2023, 13:51   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin