BURADA REKLAMINIZ OLA
BİLƏR

Həyat yoldaşını öldürən ər: “Onun xəyanət etməsindən şübhələndim...”

Gəncədə həyat yoldaşı Aynurə Vəliyevanı qətlə yetirməkdə təqsirləndirilən Rauf Vəliyevin məhkəməyə verdiyi ifadəsi məlum olub.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Faiq Mahmudovun sədrliyi ilə keçirilən prosesdə o, elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib.

 

O ifadəsində göstərib ki, Aynurə ilə ailə həyatı dövründə münasibətləri çox yaxşı olub, lakin 2022-ci ilin əvvəllərindən başlayaraq münasibətləri pisləşməyə başlayıb. 2022-ci ilin iyun ayının əvvəllərindən başlayaraq Aynurənin ona xəyanət etməsindən şübhələnib. Buna səbəb qadının özünə məxsus olan telefonu əvvəllər açıq vəziyyətdə olduğu halda, həmin vaxtlar kilidli vəziyyətdə saxlaması, eləcə də telefonuna baxmaq istədikdə ona mane olması olub. Telefonun kilidini açmasını istədikdə Aynurə buna imkan verməmiş, açmayacağını bildirib.

 

07 iyun 2022-ci il tarixdə evə gəlib. Borclarının olmasına görə evdə olan soyuducunu və ya paltaryuyanı satmaq istədiyini, daha sonra işləyərək alacağını deyib. Lakin Aynurə ona etiraz edib və buna görə aralarında sözlə mübahisə yaranıb. Aynurə bu barədə anası, atası və qardaşına bildirib. Arvadının ailə üzvləri gəldikdə yenə sözlə onlarla mübahisələri olub, ona ev əşyalarını satmamağını deyiblər və DİN-in “102 zəng mərkəzi”nə şikayət ediblər Bununla əlaqədar Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsində araşdırma aparılıb.

 

Rauf Vəliyevin sözlərinə görə, 2022-ci ilin 7 iyun tarixindən Aynurə kiçik övladını götürməklə atasının evində yaşamağa başlayıb. 15 iyun 2022-ci il tarixdə saat 17 radələrində kiçik oğlunu görmək məqsədi ilə Azərbaycan Texnologiya Universitetinin qarşısında yerləşən uşaq bağçasına gedib. Oğlunu götürərək geri qayıtmaq istədikdə Aynurənin atası İltifatın gəldiyini görüb. Bu zaman Aynurənin harada olduğunu soruşduqda İltifat bunun ona aidiyyəti olmadığını bildirib.

 

O qeyd edib ki, normal halda uşaqlar bağçadan saat 16:30-da götürülməli olduğu halda təxminən yarım saat keçməsinə baxmayaraq, Aynurənin gəlməməsi onu daha da şübhələndirməyə başlayıb. Həmin gün saat 20 radələrində Aynurənin yaşadığı evin yaxınlığına gedib. Lakin qadının hələ evə qayıtmadığını başa düşüb. Evə gələrək saat 23 radələrində yenidən Aynurənin yaşadığı ünvana yollanıb. Bu zaman arvadının tez-tez girib-çıxdığı Sabit adlı şəxsin qapısına gəlib, ondan Aynurənin harada olduğunu soruşub. Sabit Aynurənin onlarla birlikdə, 2 oğlan və 2 qız ümumilikdə 4 nəfər olmaqla Daşkəsən rayonuna birlikdə yeyib-içməyə getdiklərini deyib. O, Sabitə əsəbləşərək bundan sonra Aynurə ilə görüşməməsini bildirib.

 

Həmin günün səhəri balaca oğlunu Aynurəyə təhvil verərək bundan sonra bağçaya gecikməməsini deyib. Arvadından Daşkəsənə kimlə getməsini soruşub. Qadın yaxşı etdiyini, onun işinə qarışa bilməyəcəyini və ayrılmaq istədiyini söyləyib.

 

Təqsirləndirilən şəxs deyib ki, həmin vaxtdan sonra Aynurəyə qarşı şübhələri kəskin artmış və qadının xəyanət etməsi artıq ona tam aydın olub. Bu zaman Aynurəni faktla tutmaq və bu zaman onu öldürmək üçün fürsət axtarmağa başlayıb. Hadisə baş verməzdən 2 gün əvvəlcədən qadını öldürmək üçün artıq üzərində bıçaq gəzdirməyə başlayıb.

 

23 iyun 2022-ci il tarixdə günorta saatlarında Gəncə şəhəri, Ş.İ.Xətai pr.-də yerləşən Azərbaycan Texnologiya Universitetinin qarşısına gələrək kiçik oğlunun Aynurə tərəfindən nə vaxt götürüləcəyini gözləməyə başlayıb. Bu zaman Aynurənin böyük oğlu və qardaşı ilə birlikdə harasa getmək istədiyini görüb. Həmin vaxt onlara yaxınlaşaraq bir müddət sonra kiçik oğlunu bağçadan götürülmə vaxtı olduğunu və uşağı gözlətməməsini, belə olduğu halda övladını özü götürəcəyini bildirib. Aynurə onun işinə qarışmamasını, uşaqdan və ondan əl çəkməsini deyib. O, uşaqların xatirinə barışmaq istədiyini bildirib, lakin qadın ona öz həyatını yaşamaq istədiyini, bir-biriləri ilə alınmayacığını söyləyib. Rauf bu sözdən sonra əsəbləşərək Aynurənin xəyanət edib-etməməsini müəyyən etmək məqsədi ilə onun əlində olan “Samsung” markalı telefonu çəkərək alıb. Həyat yoldaşı onun əlindən telefonu almaq istəyib. Rauf isə telefonu cibinə qoyaraq, sağ tərəfdə şalvarın belində olan bıçağı çıxarıb. Daha sonra o, Azərbaycan Texnologiya Universiteti ilə üzbəüz bərbərxananın qarşısında arvadına təxminən 2-3 ədəd bıçaq zərbəsi vurub. Bu zaman Aynurə qaçaraq yaxınlıqda olan dayanacaq istiqamətində gedib. Rauf yenidən onun saçından tutub saxlayaraq təxminən 4-5 ədəd bıçaq zərbəsi vurub. Həmin bıçaq zərbələri Aynurənin sinə, boğaz və arxa kürək nahiyəsinə dəyib.

 

O, Aynurəyə bıçaq zərbələri endirən zaman qadın əli ilə ona mane olmağa çalışıb. Bununla əlaqədar onun sağ və sol qolunda Aynurənin dırnağının izləri vardı.

 

Rauf bildirib ki, bıçaqla Aynurəyə xəsarət yetirməkdə məqsədi xəyanət etdiyi üçüb onu öldürmək olub. Arvadına bıçaq zərbəsi endirdikdən sonra ona köməklik göstərməyib, 2-ci Polis Şöbəsinə gələrək təslim olub. Hadisə zamanı Aynurədən başqa heç kim xəsarət almayıb. Törətdiyi əməldən peşmandır.

 

O deyib ki, Aynurəyə xəsarət yetirməzdən əvvəl oğlunu arxa tərəfdə olan binaların yanına aparıb: “Oğlumun həmin yerdən hadisəni görməsi mümkün deyil. O, həmin hadisəni görməyib. Oğlum hadisənin baş verdiyi yerə onunla deyil, anası Aynurə və dayısı Röyal ilə birlikdə gəlib. Arvadıma xəsarət yetirdiyim zaman Röyal hadisə yerində olsa da, müdaxilə etməyib. O, baş verən hadisəyə qışqırmaqla ətrafdakılardan kömək istəyərək reaksiya verib. Əməlimdən səmimi peşmanam”.

 

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 16 il müddətinə azadlıqdan məhrum edilib.

 

Ona qarşı Cinayət Məcəlləsinin 120.2.2-ci (Qəsdən adam öldürmə, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

 

Kamal Məmmədov

Tarix: 10 Mart 2023, 08:05   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin