BURADA REKLAMINIZ OLA
BİLƏR

Cümşüd Nuriyev: “Rusiya bu qədər çox sevirsə, erməniləri aparsın, məmnuniyyətlə erməniləri ruslara bağışlayırıq”

“Əslində, Qarabağda nə baş verirsə, Rusiyanın təxribatları nəticəsində baş verir. Rusiya xarici işlər naziri Sergey Lavrov Bakıdan istədiyini ala bilməyəndən sonra, daha dəqiq desək, Azərbaycan razılıq verməyəndən sonra Rusiya Qarabağda təxribatlara, rus sülhməramlıları Ermənistandan gələn silahlıları müşayiət etməyə başladı. Kənar yollarla yenə də təxribatçılar, silahlılar gətirir. Azərbaycan ekofəalları artıq 90-cı gündür, Şuşa-Xankəndi yolunda askiyadadır. Hələ bu günə qədər rus sülhməramlılarının komandanı Andrey Volkov Azərbaycanın tələbini eşitmir, heç kimlə görüşmür. Dünya praktikasında belə bir şey yoxdur, olası deyil. Aksiyada iştirak edənlər hamısı gənclərdir, geri çəkilməyəcəklər, onlara heç kimin gücü çatmayacaq. Onlar bu millətin qaymağı, yetişdirdiyi övladlardır. Amma rus sülhməramlılarının məsələsi parlamentə qaldırılmalıdır. O uşaqlar yazıqdır, gecə-gündüz yolda qalıblar. Xroniki xəstəliyə tutula bilərlər. Parlament məsələ qoymalıdır ki, rus sülhməramlıları öz Nizamnamələrini, mövcud beynəlxalq hüququn bütün maddələrini, o cümlədən BMT Nizamnaməsinin 36 və 46-cı maddələrini tam pozurlar. Doğrudur, onlara BMT səlahiyyət verməyib. Amma bütün hallarda üçtərəfli razılaşma ilə Qarabağda yerləşdiriliblər. Azərbaycan hələ də üçtərəfli bəyanatı ratifikasiya etməyib. Düzgün də edib. Azərbaycan üçtərəfli bəyanatdan çıxmalıdır ki, rus sülhməramlıları öz səlahiyyətlərini aşır. Onlar sülhməramlılıqdan başqa hər şeylə məşğuldurlar. Əksinə, təxribat törədirlər, ermənilər üçün ağıllarına nə gəlirsə, edirlər”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında sabiq deputat, politoloq Cümşüd Nuriyev deyib.

 

“Azərbaycanın müdafiə naziri elan etdi. Yaxşı idi. Amma Rusiyanın Müdafiə Nazirliyi hesabatda yazır ki, Azərbaycan Ordusu ermənilərin viza və pasport rejimini yoxlayan polisləri öldürüb. Axı buna fikir verilmədi. Hansı dövlətdən söhbət gedir ki, onun viza, pasport rejimi də olsun? Bəyəm erməninin burda “dövləti” var? Müdafiə naziri bunu diqqətdən yayındırıb. Onlar Azərbaycan ərazisindəki terrorçulardır, bizim üçün hardan, niyə gəldiklərinin fərqi yoxdur. Dövlətimizin, siyasətimizin əleyhinə gedirsə, separatizmlə məşğuldur. Belə halda, Azərbaycan təcili anti-terror əməliyyatı keçirməlidir”, - C.Nuriyev bildirib.

 

Onun sözlərinə görə, xalq diplomatiyası nəticə verməyəcək: “Vallah, xalq diplomatiyası ilə mən də vaxtilə uzun müddət məşğul olmuşam. Ermənistanın Kaynavan qəsəbəsində emənilərlə görüşüb geri qayıdanda mütləq təxribat olurdu. Sonuncu dəfə 1991-ci ilin 20 noyabrında vertolyotu vurdular. Ondan sonra xalq diplomatiyasını dayandırdıq. Ermənilər həddən artıq ikiüzlü, buqələmun xislətə malikdirlər. Bədən, dil diplomatiyası bunlara yaramır, ancaq güc diplomatiyası yarayır. Ona görə də xalq diplomatiyası bir nəticə verməyəcək. Amma həddindən artıq peşəkar komanda olmalıdır. Azərbaycanı İsmət Qayıbov, Məhəmməd Əsədov, Zülfü Hacıyev, Afiyəddin Cəlilov kimi peşəkarlar təmsil etməlidir. Yəni Azərbaycan ora “aslarını” göndərmişdi. İndi gedənlərdən biri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsidir. Hətta deputat Ramin Məmmədovun adını birinci dəfə eşitdim. Bilmirəm, o kimdir? O, nə edə biləcək? Hansı təcrübəsi var? Bilmirəm, onu kim irəli çəkib, hardan tapıb gətiriblər? Parlamentdədir, amma adını birinci dəfə eşitdim. Vallah, jurnalistlər deyəndə özümdən utandım ki, niyə onu tanımıram? Sonra düşündüm ki, axı bu adam harasa danışmayıb. Ümumiyyətlə, parlamentdə 20 ilin deputatları var, hələ də tanıya bilmirəm. Ramin Məmmədovun bacarığı olacağına heç cür inanmıram, çünki peşəkarlıq lazımdır, onun təcrübəsi yoxdur. Bəlkə də, erməni dilini bilir. Amma bütün hallarda bu, onun “xörəyi” deyil. Danışıqlara işi bilənlər, təcrübəli, yaşlı nəsil getməlidir. Cavanlar hələ öyrənməlidir. Cavanı qabağa verirlər, amma təcrübə yoxdur, daha da üz-gözünə bulaşdırır. Özləri bilərlər. Azərbaycanda hansısa məsələhət verirsənsə, sənə tez damğa yapışdırırlar. İmkanları olsa, deyərlər ki, bu, erməniyə işləyir. Ona görə də məsləhət vermək istəmirəm. Amma dəqiq deyirəm ki, bu cəhdlər uğursuzdur. Əksinə, ermənilərin təxribatları daha da artacaq, Rusiya və İranın köməyi ilə təxribatlar güclənəcək. İran rəsmən elan edir ki, “Dağlıq” Qarabağa 4 min mühafizəçi gətirirəm. Hələ də buna rəsmi cavabımız olmayıb. Bəlkə, var, mən bilmirəm?”

 

Sabiq deputat əlavə edib: “Hanı bu məsələyə baxan müvafiq qurumlar? Bunlar mediada müzakirə olunmamalıdır, masaya yatırılmalıdır. Yazıq media bunu etməli deyil. Siyasətçilər də danışır. Bizim əlimizdə nə var, kimik ki? Axı bunu parlament etməlidir. Siyasi partiyaların başları özlərinə qarışıb. Yeni qanundan sonra öz dərdlərini çəkirlər. Müxalifət harda ölüb? Görünür ki, İranın burda “beşinci kolon”u çox güclüdür, Rusiya ilə birləşib, Azərbaycan əleyhinə çox güclü təxribat aparırlar. İlham Əliyev 2020-ci il martın 10-da 6-cı çağırış parlamentin ilk iclasında ağıllı söz dedi – xaric burda “beşinci kolon” yaradıb, amma başa düşməlidirlər ki, bu, iqtidara qarşı deyil, Vətənə, dövlətə, millətə xəyanətdir. Azərbaycanda bu qədər xəyanətkar parlamentdə, müxtəlif vəzifələrdə oturub. Onlara heç “gözün üstündə qaşın var” deyən də yoxdur. Çox güclüdürlər. Bununla məşğul olmalıdırlar. Birmənalı şəkildə, parlamentdə Rusiyanın 63 deputatı var. Azərbaycanın o qədər gənci tələb edir. Onlarla görüşmək böyük bir işdir? Volkov kimdir ki? Rusiya qoymur”.

 

C.Nuriyev Azərbaycanın təhlükəsizlik orqanlarının işini yüksək qiymətləndirib: “Onlar kifayət qədər ermənilərlə danışıblar. Elan etməliyik ki, kimlər Azərbaycanın qanunlarını qəbul edirsə, Azərbaycan da onları qəbul edir. Məsələn, erməniləri Hadrut ərazisinə köçürmək olar. Orada yaşamaq istəyən erməni vətəndaşlarımız Azərbaycan vətəndaşlığını alır və Rusiyanın nəzarətindən çıxırlar. Rusiyanın hərbi kəşfiyyatı Gürcüstanı qarışdırmaq istədi, alınmadı. Mariya Zaxarova Bakıdan qayıdandan sonra açıq şəkildə dedi ki, “Qarabağ bizim üçün açardır”. Yəni Qafqazı itirməmək üçün Qarabağı nə mühafizə, nə də sülh vəziyyətində saxlamalıyıq. Amma cənab Prezident elan etdi, bizim o qədər səbrimiz, nə də imkanımız yoxdur ki, ermənilərin nazı ilə oynayaq. Rusiya bu qədər çox sevirsə, erməniləri aparsın, böyük məmnuniyyətlə erməniləri ruslara bağışlayırıq…”

 

Aytəkin Qardaşova

Tarix: 10 Mart 2023, 16:20   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin