BURADA REKLAMINIZ OLA
BİLƏR

“Azərişıq” tanınmış ilahiyyatçıya borc yazdı: “Qəbzdə doğru olan təkcə adım və abunə kodumdur”

“2021-ci ildən yaşadığım şəxsi mənzilimdə “Azərişıq” ASC-nin quraşdırdığı sayğacı ərizə, müraciət, təkid edəndən sonra smart sayğac quraşdırıldı. İki il müddətində çox normal şəkildə smart sayğacdan istifadə edirdik. Balansa özümüz pul yükləyir, sayğaca nəzarət edirdik. Kartda problem olanda idarəyə gedirdik. Deyirdilər ki, hər şey qaydasındadır. Keçən aydan maraqlı haqq-hesab baş verib. Blokumuzda müəmmalı biri peyda olub. Bilmirik, nəzarətçidir, ya əməkdaşdır. Sayğacı işlətdiyimiz artıq iki ildir, bu qədər vaxt sonra ötən ay mənim adıma, abunə koduma borcla bağlı qəbz gəlib. Guya iki manat yetmiş qəpik borcumuz var. Dedim ki, bu, yəqin, zarafatdır, səhv düşüb. Amma bu ay ürəklənib, artıq həmin rəqəmi 10-a vurublar. İyirmi dörd manat borc gəlib. Gülməli burasıdır ki, smart sayğac istifadə edən abunəçi olaraq şəxsi mənzilimə iki aydır, saxta qəbz göndərilir. Qəbzdə doğru olan təkcə adım və abunə kodumdur. Qalan əməliyyatların mənə aidyyəti yoxdur...”

 

Bu barədə ilahiyyatçı Hacı Təyyar Hüseynli Pravda.az-a göndərdiyi şikayətində bildirib.

 

“Axı “sayğac” adlı bir şey yoxdur ki, baxıb, uzlaşdırılsın. “Azərişıq” ASC-nin “199” çağırı mərkəzinə iki dəfə zəng etdim. Növbəyə dayandım, 11-13 nəfərdən sonra operatorla əlaqə saxlaya bildim. Dedim ki, adımda borc olub-olmadığını yoxlasınlar. Yoxladılar-sıfırdır. Çünki borc qala bilməz, onsuz da kartdakı balans bitsə, işıq dayanmalıdır. Məsələnin nə olduğunu bilmədilər, tərəddüdlə qarşıladılar. Tövsiyə olundu ki, idarəyə müraciət edim. Mən saxtalaşdırmadan şübhələnirəm. “Azərişıq”dan cavab ala bilmədiyimə görə “102”yə də müraciət etdim ki, blokumuzda peyda olanın kimliyini araşdırsınlar. Saxta qəbzlər əlimdədir. Sabah “Azərişıq” ASC-yə müraciət edəcəyəm. Bilmirəm, qurum bunu necə cavablandıracaq. Çünki cavab yoxdur, mənə konkret olaraq bu edənin adını verməlidirlər. Bu prosesi kim aparır? Nə deməkdir? Borc haradan meydana gəlib? Deyəsən, nəyinsə izinə düşmüşəm...”

 

Aytəkin Qardaşova

Tarix: 14 Mart 2023, 18:08   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin