BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat parlamentdə qaz limiti məsələsini qaldırdı

“Bu gün qarşılaşdığımız ən ciddi problemlərdən biri sığorta şirkətlərinin fəaliyyəti ilə bağlıdır. Sığorta şirkətləri əhalini, xüsusilə də sürücüləri incidirlər. Sürücülər sığortanı əldə etməkdə çətinlik çəkirlər”.

 

Pravda.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Naqif Həmzəyev parlamentin martın 17-də keçirilən plenar iclasında hökumətin hesabatının müzakirəsi zamanı deyib.

 

N.Həmzəyev vurğulayıb ki, digər əsas məsələ isə yeni sistəmə keçdikdən sonra tibb xidmətlərin göstərilməsində qarşılaşdığımız nöqsanlardır: “ İcbari tibbi sığorta paketinə daxil olan xidmətlərin sayı artırılmalı, əhatə dairəsi genişləndirilməlidir. İnsanları narahat edən başqa bir məqam da sağlamlığa dair arayışın ödənişli əldə edilməsidir. Düşünürəm ki, bu istiqamətdə addımlar atılmalı, ən azından qiymətlər hər həs üçün daha əlçatan və münasib olmalıdır. Vurğulamaq istədiyim digər məsələ isə sağlam həyat tərzinin təbliğ edilməsi və kütləviliyin təmin edilməsi üçün məhəllələrdə idman meydançalarının quraşdırılması işinin sürətləndirilməsidir. Bahalı mərmər və ya tikinti materialları əvəzinə sadə idman alətlərini bütün yaşayış məntəqələrinin məhəllələrində yerləşdirmək mümkündür. Həmçinin orta məktəblərin idman meydançaları özəlləşdirilərək başqa məqsədlər üçün istifadə olunur. Ölkədə şəhərlərarası avtomobil yolları yaxşı bəlkə də əla vəziyyətdədir. Ancaq eyni fikri daxili yollar haqında səsləndirmək mümkün deyil.  Şəhər və rayonların, qəsəbələrin daxili yolların keyfiyyətli çəkilməsinə nəzarət zəruridir. Xüsusilə seçildiyim Gəncə şəhərində avtomobil idarə etmək müşkül məsələdir. Xahiş edirəm nəzərə alasınız. Digər önəmli məsələ isə ölkə əhalisinin böyük bir qisminin Bakı şəhərində məskunlaşmasıdır. Bunun əsas səbəbi isə digər şəhər və rayonlarda iş imkanlarının olduqca az olmasıdır”.

 

Deputat əlavə edib ki, həmçinin universitetlərimiz əmək bazarında ehtiyac olan ixtisaslar üzrə kadrlar hazırlığında çətinlik çəkirlər: “Bəzi hallarda isə köhnəlmiş ixtisaslara da rast gəlinir. Həmin məzunlar sonradan başqa ixtisaslara yiyələnmək üçün vaxt itirirlər. Biz gələcəyin ixtisaslarına universitet və kolleclərdə daha çox yer verməliyik. Əhalı qaz limitinin olmasından narahatdır. Mart ayı olmasına baxmayaraq limiti keçmiş vətəndaşlarımız çoxdur. Gələcəkdə bu məsələni diqqətdə saxlayaraq vahid tarifə keçilməsi daha yaxşı olardı. Həmçinin bu gün çox sayda sosial evlər tikilir. Lakin həmin binalarda istixanalar yoxdur. Mərkəzləşdirilmiş istixanalar əhalinin komunal xərclərinin azalmasına səbəb olar və daha təhlükəsiz olduğunu düşünürəm. 2011-2018-ci illərdə şəhərin müxtəlif yerlərində ümumilikdə 840 hektara yaxın bir ərazidə 14000-ə yaxın fərdi yaşayış evləri tikilib. Bu evlərin sənədi olmadığı üçün ümumilikdə 70 minə yaxın şəxs qeydiyyat məsələləriylə bağlı problemlər yaşayır, bununla bərabər asan kamunala müraciət etdikdə yaşayış yerindən arayış tələb olunur və bunu təmin etmədikləri üçün onların faktiki yaşadığı təsərrüfatlar kamunal problemlərilə üz üzə qalır. Digər tərəfdən məhz bu 70 min vətəndaş seçki prosesində iştirak zamanı maneələrlə də qarşılaşır. Ölkənin ikinci böyük şəhərində 1525 mənzili olan 18 yataqxana mövcuddur və bu yataqxanaların hər biri qəzalı vəziyyətdədir. Bu yataqxanalarda məskunlaşan şəxslər həqiqətən ağır şəraitdə yaşayırlar. Hazırda iki yataqxananın sakinləri üçün yeni yaşayış binası inşa olunur. Lakin bu 16 yataqxanada yaşayan insanların təcili olaraq sosial-məişət problemləri həll olunmalıdır. Hər biri sovet dövründə inşa olunan yataqxanalardır. Qəzalı vəziyyətini o cümlədən şəraitsizliyini nəzərə alaraq insan yaşaya biləcək bir vəziyyətdə deyil”.

Tarix: 17 Mart 2023, 15:29   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin