BURADA REKLAMINIZ OLA
BİLƏR

Səbinə Kətanovanın məhkəmə ifadəsi: “O, “maşınla məni vurmusan, pul ver” dedi”

Bakıda piyadanı vurub qaçmaqda təqsirləndirilən bloqer Səbinə Kətanovanın məhkəməyə verdiyi ifadəsi məlum olub.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, Nərimanov Rayon Məhkəməsinin hakimi Hafiz Kamranovun sədrliyi ilə keçirilən prosesdə o, ittiham edildiyi əməldə özünü təqsirli bilməyib.

 

Bloqer ifadəsində deyib ki, 05 sentyabr 2021-ci il tarixdə, saat 18:10 radələrində özünə məxsus “Toyota Prado” markalı avtomobillə saatda 20 km/surətlə Nərimanov rayonu, Ak.H.Əliyev küçəsi ilə Atatürk prospekti istiqamətindən C.Hacıbəyli küçəsi istiqamətinə 2 zolaqdan ibarət maşın yolunun sağdan 2-ci zolağı ilə hərəkət edirmiş:

 

“Həsən Əliyev küçəsi ilə Ceyhun Hacıbəyli küçəsinin kəsişməsinə çatmağıma təxminən 15-20 metr məsafə qalmış mənimlə eyni istiqamətdə hərəkətdə olan avtomobillərin arası ilə sağ tərəfdə sonradan adını bildiyim piyada Röyal Çələbizadənin qəsdən maşınıma tərəf qaçmağa başladığını gördüm. Piyada avtomobil yoluna daxil olduqda maşının əyləcini dayanma həddinə qədər basdım. Həmin vaxt Röyal avtomobilin qarşısından keçib dayanaraq qəsdən maşının sol güzgüsünə özünün sol qol hissəsini toxundurdu. Artıq həmin vaxt avtomobili dayandırmışdım. Ona nə üçün belə etdiyini soruşan zaman cavabında “sən məni vurmusan” deyə bildirdi və qolunu tutub yolun sağ tərəfinə keçdi. Avtomobili sağ tərəfə çəkərək pəncərədən ona “sən nə üçün özünü qəsdən maşının altına atırsan” deyə soruşdum. Röyal mənə “sən məni vurmusan, pul ver, gedim marketdən su alım” cavabını verdi. Mən də avtomobilimdə olan suyu Röyala verdim. Röyalın səhhətində hər şeyin normal olduğunu gördüm”.

 

O söyləyib ki, zərərçəkmişin səhhətinin yaxşı olduğunu gördükdən sonra ərazidən uzaqlaşıb:

 

“Röyalın işinin özünü maşına çırpıb pul almaqdan ibarət olduğunu anladım. Sonra o, avtomobilimə yaxınlaşdı və mənim sosial şəbəkədə tanınmış bloqer olduğumu, tanıdığını bildirdi. Daha sonra hadisədən bir neçə gün keçdi və Röyal sosial şəbəkədə mənim istifadə etdiyim şəxsi profilimə mesaj yazaraq hədələdi”.

 

Səbinə Kətanova sonda məhkəmədən barəsində bəraətverici əsaslarla hökm çıxarılmasını xahiş edib.

 

Məhkəmənin hökmü ilə o, Cinayət Məcəlləsinin 263.1-ci (avtomobillə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olma) maddəsi üzrə cinayət məsuliyyətindən azad edilib və barəsində olan cinayət təqibinə xitam verilib.

 

Hökmdə qeyd edilib ki, təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 264-cü ((yol nəqliyyat hadisəsi yerindən qaçma) maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və Səbinə Kətanovaya 1 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 6 ay müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası təyin olunub. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılıb.

 

Hökmdən narazı qalan məhkum apellyaisya şikayəti verilib. Hazırda şikayət Bakı Apellyasiya Məhkəməsinin hakimi İbrahim İbrahimlinin sədrliyi ilə aradşırılır. Növbəti proses aprelin 5-nə təyin edilib.

 

İttihama görə, 1991-ci il təvəllüdlü Səbinə Kətanova 05 sentyabr 2021-ci il tarixdə, saat 18:10 dəqiqədə idarə etdiyi “Toyota Prado” markalı minik avtomobillə Nərimanov rayonu ərazisində yerləşən “Verona” mebel mağazasının qarşısı ilə saatda 5-10 km sürətlə hərəkətdə olarkən yolu sağdan sola doğru keçən piyada Röyal Çələbizadəni ehtiyatsızlıqdan maşının qabaq sol hissəsi ilə sağ ayağından, sol yan güzgüsü ilə isə zərərçəkmişin sol qolundan vurub. Nəticədə Səbinə Röyal Çələbizadənin sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər yetirib.

 

S.Kətanovanın barəsində Cinayət Məcəlləsinin 263.1-ci (avtomobillə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olma) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət ittiham irəli sürülüb.

 

Xatırlatma: Bir müddət öncə Səbinə Kətanova özü də başqa bir cinayət işi üzrə zərərçəkmiş kimi tanınmışdı. Belə ki, vəkil Vüqar Səfərli onu aldadaraq 130 min manatını ələ keçirmişdi.

 

Qeyd: Səbinə Kətanova instaqramda bloqer kimi tanınır. Onun 305 mindən çox izləyicisi var.

 

Kamal Məmmədov

Tarix: 18 Mart 2023, 09:32   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin