BURADA REKLAMINIZ OLA
BİLƏR

Nə qədər xarici və yerli sərmayə cəlb ediləcəksə, bölgələrin inkişafını o qədər çox müşahidə edəcəyik - RƏY

Regionların iqtisadiyyatının dinamik, dayanıqlı və şaxəli şəkildə inkişafı üçün bir sıra mühüm dövlət proqramları həyata keçirilir. Bu gün regionlarımız sosial-iqtisadi inkişaf strategiyasından təcrid edilmir. Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə əsasən, növbəti onillikdə reallaşdırılmalı olan milli prioritetlər ölkənin sosial-iqtisadi inkişafı üçün yeni hədəflər müəyyən edib, qeyri-neft iqtisadiyyatının inkişafın mərkəzinə çevrilməsi nəzərdə tutulub. O cümlədən, ölkə regionlarının, kənd yerlərinin sosial-iqtisadi inkişafı sahəsində görülmüş işləri növbəti illərdə də davam etdirmək, infrastrukturun və sosial xidmətlərin daha da yaxşılaşdırılması, bölgələrdə yaşayan əhalinin məşğulluğunun, maddi rifahının yüksəldilməsi məqsədilə “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” qəbul edilib.

 

Mövzu ilə bağlı Pravda.az-a fikirlərini bölüşən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib ki, regionların sosial-iqtisadi inkişafı Azərbaycanda balanslı iqtisadi baxımdan prioritet məsələlərdəndir.

“Nəzərə alsaq ki, son dövrlər regionlara daha çox sərmayə cəlb edilir, eyni zamanda Qarabağ və Şərqi Zəngəzurun bərpası fonunda bu ildən etibarən on il müddətinə işğaldan azad olunmuş ərazilərimiz üçün güzəştlərin tətbiqi paytaxt və regionlar arasındakı fərqin minimumlaşdırılması məqsədi daşıyır. Təbii ki, Qarabağ və Şərqi Zəngzurun bərpası xüsusi proqram çərçivəsində həyata keçirilir. İşğaldan azad olunmuş ərazilərimizin bərpa və yenidənqurulması heç də digər bölgələrimizin inkişafına vəsaitin və təşviqin ayrılmasını, yönəldilməsini azaltmayıb. Yenə də digər bölgələrimizdə sənaye parklarının, həm də sənaye məhəllələrinin, aqroparkların genişlənidirilməsi müşahidə olunur. Bu istiqamətdə dövlət tərəfindən maliyyə dəstəyi ayrılır. Bölgələrdə fəaliyyət göstərən sahibkarlar üçün də güzəştli kreditlərin həcmində artımlar var. Bu da həmin ərazilərdə yaşayan iş adamlarının daha aşağı faizli kreditlərdən istifadə imkanları deməkdir. Xüsusən bölgələrdə formalaşan infrastrukturun sərmayəyə çevrilməsi ilə bağlı fəaliyyətlərin genişləndirməsini təklif edirik. Çünki regionların dayanıqlı inkişafı, eləcə də iqtisadçı kadrların işlə təmin olunması, məşulluğa töhfəsinin artması birbaşa həmin bölgələrimizə cəlb ediləcək sərmayənin həcmindən asılıdır. Nə qədər xarici və yerli sərmayə cəlb ediləcəksə, bölgələrimizin inkişafını o qədər çox müşahidə edəcəyik. Ona görə də investisiyanın cəlb edilməsi ilə bağlı təşviqin, xüsusən bölgələrdə investisiya mühitinin daha da yaxşılaşdırılması ilə bağlı fəaliyyətin genişləndirilməsinə ehtiyac var ki, daha qısa zamanda regionlarımızla Bakı arasındakı fərqin minimumlaşmasını müşahidə edə bilək”.

 

İqtisadçı-ekspert Elmir Səfərli isə deyib ki, 2021-ci ildə post-pandemiya və post-müharibə dövrü - xüsusi stratejik əhəmiyyətə malik mərhələ Azərbaycanın sosial-iqtisadi dayanıqlılığının artırılması, institusional islahatlar kontektsində davamlı inkişafın təmin edilməsi, eləcə də ölkənin işğaldan azad olunmuş ərazilərində bərpa və quruculuq işlərinin güclənməsini səciyyələndirir:

Türk lirəsi ucuzlaşır: Azərbaycana təsiri necə olacaq? - ŞƏRH

“Bu gün Azərbaycanda regionların inkişafı, regionlarda işsizlik problemlərinin aradan qaldırılması, sahibkarlığın regionlar üzrə şaxələndirilməsi də sosial iqtisadi məsələlərin əsas prioritet müddəalarındandır. Regionlarda iqtisadi problemlərin aradan qaldırılması istiqamətində qərarların qəbul edilməsi, rəqabətli bazarların qurulması, regionlarda investorların qorunması, investisiyaların regionlara yönləndirilməsi və sektorlar üzrə diversifikasiyası, qurulan özəl şirkətlərdə yerli əhalinin işlə təmin olunması, istehsal effektivliyinin artırılması, sahibkarların yerli istehsal müəssisələrinin açılmasına yönəldilməsi, kollektiv sahibkarlıq təşəbbüsünün inkişafı, sovetlərdən qalan dövlət mülkiyyətinin və dövlət mülkiyyətində olan müəssisələrin özəlləşdirilərək sahibkarlara fəaliyyət üçün qarşılıqsız verilməsi, regionlarda fəaliyyət göstərən sahibkarlara istehsalın lisenziyalaşdırılması prosedurlarının azaldılması, dövlət qeydiyyat məsələlərinin vahid mərkəzdən sistemləşdirilməsi, bürokratik əngəllərin aradan qaldırılması, sistemli dövlət nəzarətinin yaradılması ümumilikdə regional sosial-iqtisadi inkişafın sürətlə artırılmasına zəmin yaradır. İşğaldan azad olunan torpaqlarda belə sənayə parklarının yaradılması, müxtəlif investisiya layihələrinin icrasına başlanılması regionların sosial-iqtisadi inkişafının artırılmasına bir nümunədir. Bildiyiniz kimi, cənab Prezident İlham Əliyevin Sərəncamı ilə “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” konsepsiyası da təsdiq edilib. Bu konsepsiyaya əsasən, ölkənin 2021-2030-cu illərində xüsusi uzunmüddətli sosial-iqtisadi inkişaf strategiyası formalaşdırılmalı, əhalinin rifah səviyyəsinin artırılması istiqamətində addımlar atılmalı, biznes və investisiya mühiti təkmilləşdirilməli, ümumi inkişaf çərçivəsində Milli Prioritetlər müəyyənləşdirilməli və tətbiq edilməlidir. Prioritetlərin müəyyənləşdirilməsi, o cümlədən strategiyaların hazırlanması zamanı diqqət ediləcək önəmli nöqtələr mövcuddur. İlkin olaraq 2030-cu ilə qədər Azərbaycanın hədəflədiyi əsas meyarlar müəyyənləşdirilməlidir. İkincisi, ötən 10 ildə ölkənin sosial-iqtisadi, siyasi qərarlarının nəticəsi analiz edilməli və daha yaxşı göstəricilərin əldə olunması üçün strategiyalar hazırlanmalı, müəyyənləşdirilən hədəf və prioritlərə çatmaq üçün yol xəritəsi müəyyənləşdirilməlidir. Son on ilin nəticələrini əsas tutaraq, Azərbaycanın iqtisadi, sosial, siyasi və mədəni inkişafın xüsusi mərhələsini keçdiyinin şahidi olarıq. Aparılan sosial-iqtisadi islahatların nəticəsi olaraq ölkə iqtisadiyyatı son on ildə müxtəlif göstəricilər üzrə 2-2,3 dəfə artım göstərib. Düşünürəm ki, Azərbaycanın sahib olduğu resurslar və əlverişli inkişaf şəraitinə uyğun olaraq bu rəqəmlər növbəti 10 ildə daha çox arta bilər”.

 

Ekspert bunun üçün atılması lazım olan addımları da sadalayıb: “İlkin olaraq, növbəti on illik üçün strategiyalar iki hissədən ibarət olmaqla hazırlanmalıdır. Birinci 5 illik planda əsas məqsəd işğaldan azad olunmuş ərazilərə qayıdış, bərpa və regionun iqtisadi fəallığının artırılması olmalıdır. Regionun əlverişli resurslarından, eləcə də potensial iqtisadi mövqeyindən istifadə edərək həm regionun bərpa olunmasını təmin etmək, həm də ölkənin ümumi iqtisadi inkişafına töhvə vermək mümkündür. Eyni zamanda birinci 5 illik strateji planda qabaqcıl beynəlxalq təşkilatlarla, qlobal şirkətlərlə, maraqlı investorlarla əməkdaşlıq qurulmalı və regionun, ölkənin iqtisadi inkişafı üçün lazımlı resursların, maliyyə mənbələrinin ölkəyə cəlb edilməsi təmin edilməlidir. Növbəti 5 illik planda isə ümumilikdə ölkə səviyyəsində sosial-iqtisadi maraqların təmin olunması istiqamətində işlər aparılmalıdır. Əvvəla, regionların iqtisadi resurslarından istifadə etməklə bölgələrin iqtisadi fəallığı artırılmalı, o ərazilərdə yaşayan insanların gəlir səviyyəsi və iş imkanları yüksəldilməli, regionlarda məhsul və xidmət istehsalının artırılması üçün bazar şərtləri asanlaşdırılmalı, sağlam rəqabət mühiti formalaşdırılmalı, eyni zamanda sosial xidmətlərin əlçatanlığı artırılmalıdır. İkincisi, ölkə səviyyəsinda son on ildə baş verən institusional problemlər aradan qaldırılmalı, prioritet sahələr üzrə qanunvericilik və eyni zamanda hüquqi normativ baza təkmilləşdirilməli, səmərəlilik artırılmalıdır. Üçüncüsü, qeyri-neft sektoru üzrə investisiyaların həcmi artırılmalı, xarici investisiyaların cəlb edilməsi istiqamətində təşviq proqramları hazırlanmalı və tətbiq edilməlidir. Dördüncüsü, neft iqtisadiyyatından elm, texnologiya və süni intellekt iqtisadiyyatına keçid sürətlənməli, rəqəmsal transformasiya üzrə hökumət strategiyası hazırlanmalı, təkmilləşdirilməli, innovativ texnoloji və maddi idarəçilik prinsipləri əsasında dayanıqlı iqtisadi inkişaf formalaşdırılmalı, yaşıl iqtisadiyyat və innovativ metodlar tətbiq edilməlidir”.

 

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə yardımı ilə “Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi” mövzusu üzrə dərc olunub.

 

Aytəkin Qardaşova

Tarix: 27 Mart 2023, 09:02   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin