BURADA REKLAMINIZ OLA
BİLƏR

Əsgərin ölümünə görə həbsdə olan keçmiş polislə bağlı QƏRAR

Ali Məhkəmədə Bakıda bir nəfərin ölümü ilə nəticələnən ağır yol qəzasında təqsirləndirilən Vaqif Novruzov barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası keçirilib.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İlkin Rəcəbovun sədrliyi ilə keçirilən prosesdə elan edilib ki, cinayət işinə kassasiya instansiya məhkəməsində mahiyyəti üzrə baxılanadək, məhkum cəza çəkdiyi Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 9 saylı Cəzaçəkmə Müəssisəsindən ərizə ilə müraciət edib.

 

O, ərizəsində qeyd edib ki, müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətini geri götürüb.

 

Qərara əsasən, Vaqif Novruzovun ərizəsi təmin edilib. Bakı Apellyasiya Məhkəməsinin qərarından məhkum və onun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılıb.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən qüvvədə saxlanılıb.

 

Qeyd: Hadisə 2021-ci ilin noyabrında paytaxtın Sabunçu rayonunda baş verib.

 

Belə ki, hadisə zamanı sabiq polis əməkdaşı V.Novruzov “Toyota” markalı avtomobillə idarəetməni itirərək yolun kənarında dayanmış Daxili Qoşunların əsgəri Rövşən Alxasovu vurub.

 

R.Alxasov dərhal xəstəxanaya yerləşdirilib və həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

 

Daha sonra V.Novruzov saxlanılıb və ona Cinayət Məcəlləsinin 263-1.3-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə ittiham irəli sürülüb.

 

Kamal Məmmədov

Tarix: 29 Mart 2023, 17:10   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin