BURADA REKLAMINIZ OLA
BİLƏR

Kəmalə Ağazadə: “Vətəndaş yetişdiririk, yoxsa gələcəkdə cəmiyyətdən asılı olacaq biri?”

Bakının Xətai rayonu, 3 saylı uşaq evinin 17 yaşlı sakini Məhəmməd Hacıyevin “uşaq evində ətin sümüyünü bişirir, özünü aparırlar, meyvələri, südü, ərzağı aparırlar, mənimsəmə var” dedikdən sonra onun Psixiatriya Xəstəxanasına təhvil verilməsi ciddi müzakirə yaradıb. Uşaq evinin müdiri Məhbubə Hüseynovanın mətbuata verdiyi açıqlamalar da narazılıqla qarşılanıb. Müzakirələr zamanı bildirilib ki, Bakıda fəaliyyət göstərən əksər uşaq evi və baxçalarda yeyinti, mənimsəmə halları var, 17 yaşlı Məhəmmədi xəstəxanaya yatırmaqla məsələni ört-basdır etmək olmaz.

 

Azərbaycan Uşaqlar Birliyinin rəhbəri Kəmalə Ağazadə bu barədə Pravda.az-a fikirlərini bölüşüb.

 

K.Ağazadənin sözlərinə görə, uşaqlar uşaq müəssisələrinə düşən zaman ən böyük yanlışlıq onda olur ki, onların davranış pozuntusundan əziyyət çəkib-çəkmədikləri, ciddi problemlərinin olub-olmaması ilə bağlı qiymətləndirilmə zamanında aparılmır: “Aparılsaydı, bu gün həmin uşaqların aqressiv davranışları, müəssisə üçün təhlükələr yaratma faktları ortaya çıxmazdı. Bu uşaqlarla reabilitasiya formatında işimizi düzgün təşkil edə bilsək, düşünürəm, onlarda belə hallara rast gəlinməz. Demirəm ki, müəssisələrdə neqativ hallar yoxdur. Ola bilər, ehtimal olunur. Zaman-zaman bu hallar üzə çıxdığına görə bu gün cəmiyyətdə də inamsızlıq yaranır. Artıq bir ildən çoxdur, beş təşkilat bir araya gəlmişik, “Çevik Ekspertlər Qrupu” kimi fəaliyyət göstəririk. Bu beş təşkilat qadın, uşaq hüquqlarının müdafiəsi istiqamətində sözünü yetərincə demiş təşkilatlardır. Müdafiə mexanizmlərini çox gözəl bilir, monitorinq, qiymətləndirməni həyata keçirə bilərlər. Eyni zamanda Qrupumuzun tərkibindəki təşkilatlardan birinin sədri bu gün Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədridir. Təklif etdim ki, biz müstəqil olaraq uşaq evlərinə gedib, monitorinq keçirə bilərik. Nə qədər ki, bu müəssisələrdə “səs etməyin, danışmayın, səsiniz çıxmasın, sosial şəbəkələrdə görünməyin, bu məsələlər ört-basdır olunmalıdır” deyiləcək, belə problemlər hər zaman qabardılacaq. Məhəmməd Hacıyevin vəziyyətinin düzgün qiymətləndirilməsi lazımdır. 3 saylı uşaq evindəki digər uşaqlarla da iş aparmaq, onlarla danışıb, əsl həqiqətləri üzə çıxarmaq olar. Bildiyim qədərilə, M.Hacıyev tərəfindən zamanında elə 3 saylı uşaq evinin özündə hansısa vəsaitlərin oğurlanması faktı olub. Bəlkə, zamanında bu məsələyə ciddi münasibət göstərilsəydi, ört-basdırlar olmasaydı, həmin yeniyetmə islah oluna biləcəyi bir müəssisəyə gedərdi. Çünki artıq islah olunan deyil. O yeniyetmə ruhi dispanserdən müəssisəyə geri döndükdə həmin müəssisənin aqibətinə, orada fəaliyyət göstərən kollektivin, yaşayan uşaqların həyati təhlükəsinin olub-olmayacağına kim zəmanət verir? Düşünürəm, bu, çox ciddi məsələdir. Bu stereotipləri uşaq müəssisələrinin üzərindən götürmək, uşaqlarla işləmək lazımdır. Bu gün sığınacaqların sayı çox azdır. Çünki “sığınacaq” dediyimiz uşaq, qadın müəssisələri daha çox qeyri-hökumət təşkilatlarının nəzdindədir. Bizdə də müəyyən problemlər var. Bizə gəlib çıxan uşaqlar məgər normal ailədən gələn uşaqlardır? Narkotik vasitə istifadə edənlərin uşaqlarıdır, davamlı şəkildə zərərli vərdişlərin əhatəsində olan, münaqişələr yaşayan uşaqlardır. Bu uşaqlarla əvvəlcədən iş aparmayanda və birbaşa müəssisəyə gətiriləndə, əlbəttə, onlarda araşdırılmamış müəyyən problemlər qalacaq”.

 

K.Ağazadə bəzi problemlərə də toxunub: “Bu gün ən ciddi problemlərdən biri də budur - xeyriyyəçi insanlar uşağın başına sığal çəkəndə, “sən nə istəyirsən, ürəyin nə istəyir?” deyib, uşağa planşet alıb verəndə onun bütün problemlərini həll etmiş olur? Əksinə, bu, uşağı çox pis bir vəziyyətə gətirib çıxarır. Uşaq artıq düşünür ki, hamı mənə borcludur, hamı mənə etməlidir. Niyə? Səbəb nədir? Biz vətəndaş yetişdiririk, yoxsa gələcəkdə cəmiyyətdən asılı olacaq biri? Sonra da belə problemlərlə qarşılaşırıq. Bir neçə müddət öncə bir qız bizim sığınacaqdan icazəsiz getmişdi, qaçmışdı. Dərhal polisə məlumat verdik. Tapılanda polis ona sual verdi ki, “sığınacaqda səni incidirdilər?” - “Yox”. “Sənə yemək vermirdilər?” – “Verirdilər”. “Paltarın var idi?” – “Bəli, ən yaxşı paltar məndə idi”. “Bəs nəyin yox idi?” – “Mənim saçımı hördürürdülər, deyirdilər ki, saçıaçıq gəzmək olmaz…” Bəzən o uşaqlar qayda-qanunu, öz vəzifələrini belə bilmirlər. Onlara nizam-intizamın nə olduğunu başa salanda belə düşünürlər ki, bu, onlara qarşı zorakılıqdır, təzyiqdir”.

 

K.Ağazadə əksər uşaq evlərində, sığınacaqlarda yeyinti, mənimsə hallarının olduğu barədə iddialara isə belə cavab verib: “Bu gün o qədər sözlər demək olar ki. Yəqin ki, mənim də, başqasının da haqqında deyəcəklər. Əgər fakt varsa, artıq aidiyyatı qurumlar bunu araşdıra bilər. Yaxud müəssisə kimin tabeçiliyindədirsə, o da araşdıra bilər. Yeri gələndə, media da sözün ucundan tutub, ucuzluğuna gedincə faktlar varsa, ortaya qoyub, məsələyə aidiyyatı qurumların diqqətini çəkə bilər. “O, elə dedi, bu, belə dedi” ilə olmaz. Məsələn, sığınacağımızın qarşısında bina var. Qonşu yaşlı qadındır, heç nə demirik, amma olduqca çox qıcıqdır. Bizə yardım gətiriləndə deyir ki, niyə ora aparırsınız, mənim də qızım boşanıb, mənim nəvələrimə də nəsə verin. Hərə bir cür yanaşır. Əlbəttə, cəmiyyətdə fikir formalaşacaq ki, görün bu sığınacağa nə qədər adam gəlir, ora nələr aparırlar. İnsanların bu gün düşüncəsini formalaşdıran kütlə əqidəsi var. Biri deyir, digəri də onun ardınca gedirsə, bu, heç də o demək deyil ki, bir müəssisəni, sahəni linç edib, ortaya qoymaq olar”.

 

Aytəkin Qardaşova

Tarix: 31 Mart 2023, 15:14   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin