BURADA REKLAMINIZ OLA
BİLƏR

Polis əməkdaşının atasını bıçaqlayan şəxs kassasiya şikayəti Verdi

Şəkidə adam öldürməyə cəhddə təqsirləndirilən Səlahəddin İsmailovun barəsindəki hökmdən yenidən kassasiya şikayəti verilib.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, Ali Məhkəmədə keçiriləcək proses aprelin 12-nə təyin edilib.

 

Şikayət hakim Nazim Mövsümovun sədrliyi ilə araşdırılacaq.

 

Qeyd: Rəsmi məlumata əsasən, 2021-ci ilin oktyabr ayının 17-də Şəki rayon sakini, 1971-ci il təvəllüdlü Murad Səmədovun qəsdən öldürülməsinə cəhd edilməsi faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə rayon prokurorluğunda başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb. İstintaqla müəyyən edilib ki, zərərçəkmişin qonşusu Səlahəddin İsmailov qeyd edilən tarixdə saat 19 radələrində Şəki şəhəri, Q.Məmmədli küçəsində biri-birinin avtomobilinə yol verməmək üstündə aralarında yaranan mübahisə zamanı heç bir əsaslı səbəb olmadan bıçaqla Murad Səmədova arvadının gözü qarşısında müxtəlif dərəcəli bədən xəsarətləri yetirib, daha sonra sonuncunun ölmədiyini görərək avtomobili onun üzərinə sürüb vurmaqla yenidən xəsarət yetirib. Səlahəddin İsmailov Cinayət Məcəlləsinin 29, 120.2.2 (xuliqanlıq niyyətilə qəsdən adam öldürməyə cəhd) və 29, 120.2.4 (xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürməyə cəhd) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. İş üzrə zərərçəkmiş qismində Murad Səmədovun həyat yoldaşı tanınır.

 

Məhkəmədə Səlahəddin İsmailov ona elan edilmiş ittihamda özünü qismən təqsirli bilib. O ifadəsində göstərib ki, 2020-ci ilin may ayında oğlu Elnur polis əməkdaşları tərəfindən saxlanılıb, həmin vaxt onu saxlayanlar arasında qonşusu Murad Səmədovun oğlu da olub: “Buna görə Muradla aramızda narazılıq yarandı və mübahisə etdik. 17 oktyabr 2021-ci il tarixdə Murada məxsus olan “Ford Transit” markalı avtomaşını onun evinin qarşısında olmadığını gördüm. Sonra “Niva” markalı avtomaşınımla stadion tərəfə hərəkət etdim. Təxminən 40 metr getdikdən sonra Muradın idarə etdiyi avtomaşın qarşıdan gələrək mənim avtomaşınıma yaxınlaşdı. Bu zaman avtomaşınların güzgüləri bir-birinə dəydi. Avtomaşından düşdükdən sonra Murad mənə yaxınlaşaraq yumruqla vurmağa başladı. Bundan sonra özümün avtomaşınıma tərəf gedərək oradakı bıçağı götürüb Murada təxminən üç dəfə vurdum. Sonra oraya gələn oğlumla ilə birlikdə avtomaşına minərək oradan uzaqlaşdım. Muradı bıçaqla vurub öldürməyə imkanım vardı. Lakin buna baxmayaraq özüm könüllü hadisə yerindən uzaqlaşmışam. Muradı bıçaqla vuran zaman onun arvadı orada olmayıb”.

 

Şəki Ağır Cinayətlər Məhkəməsi araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək və təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edib ki, onun əməli ittiham olunduğu Cinayət Məcəlləsinin 29, 120.2.2 (qəsdən adam öldürməyə cəhd) və 29, 120.2.4-cü maddələrindən həmin Məcəllənin xüsusi amansızlıqla və xuliqanlıq niyyətilə sağlamlığa qəsdən ağır xəsarət yetirilmə nəzərdə tutan 126.2.3 (qəsdən sağlamlığa ağır zərər vurma) və 126.2.4-cü maddələrinə tövsif edilməlidir. Hökmə əsasən, Səlahəddin İsmailov Cinayət Məcəlləsinin 126.2.3 və 126.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 8 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

 

Şəki Apellyasiya Məhkəməsi də onun apellyasiya şikayətini təmin etməyib.

 

Kamal Məmmədov

Tarix: 11 Aprel 2023, 08:56   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin