BURADA REKLAMINIZ OLA
BİLƏR

"Mühacir alveri” edənlər apellyasiya şikayəti verdi

Dələduzluqda təqsirləndirilən Nərminə Dadaşova, Akif Əsədov və Əziz Səfərəliyevun barələrindəki hökmdən apellyasiya şikayəti verilib.


Pravda.az-ın əldə etdiyi məlumata görə, Bakı Apellyasiya Məhkəməsinə müraciət edən şəxslər barələrində bəraət hökmünün çıxarılmasını istəyirlər.


Şikayət hakim Cavid Hüseynin sədrliyi ilə araşdırılacaq.


Məhkəmənin ilkin hazırlıq iclasının aprelin 25-nə təyin edilib.


Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Nərminə Dadaşova 8 il 6 ay, Akif Əsədova 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Əziz Səfərəliyevə isə şərti cəza verilib.


İttihama görə, Azərbaycan Avropa Hərəkatının və “No Border Travel Agency” MMC-nin rəhbəri Ramin Hacılı, “Gəncliyin Elmi-Mədəni İnkişafı” ictimai birliyinin sədri Sərdar İsgəndərov, “Yes Travel” MMC-nin vəzifəli şəxsləri Sərxan Abdullayev, Üzeyir Bağırlı, “HMH Baku Travel” MMC-nin rəhbəri Nərminə Dadaşova, Zakir Əmirov, Əziz Səfərəliyev, Akif Əsədov külli miqdarda qazanc əldə etmək məqsədi ilə ABŞ, Kanada və Avropa ölkələrinə səfər etmələri üçün Azərbaycan vətəndaşlarına viza alınması və səfər etdikləri ölkələrdə mühacir statusu alaraq yaşaya bilmələri üçün iş yerindən arayış, bank hesabından çıxarış, daşınar və daşınmaz əmlaka mülkiyyət hüququnu təsdiq edən sənədlər, hüquq mühafizə orqanlarına çağırış məktubu, guya xəsarət almalarına dair tibbi arayış və digər hüquq verən rəsmi sənədləri saxtalaşdırıb satmaqla, onlara müraciət edən şəxslərin qanunsuz miqrasiyalarını təşkil ediblər.


Qeyd edilənlərlə bağlı əvvəllər eyni xarakterli əməllərə görə dəfələrlə məhkum olunmuş Ramin Hacılı, eləcə də yuxarıda adları çəkilən digər şəxslər Cinayət Məcəlləsinin 178.3.1-ci (mütəşəkkil dəstə tərkibində dələduzluq) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb ediliblər.


Xatırlatma: Digər şəxslərin cinayət işi ayrıca icraata ayrılıb.


Ramin Hacılının işinə ayrı icraatda baxılıb və o, 7 il 7 ay 14 gün müddətinə azadlıqdan məhrum edilib.


Kamal Məmmədov 

Tarix: 24 Aprel 2023, 11:03   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin