BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycan hökumətinin həyata keçirdiyi işlər vətəndaş cəmiyyətinin formalaşmasına xidmət edir - RƏY

Azərbaycanda vətəndaş cəmiyyəti quruculuğunun formalaşması prosesi ictimai rəyin təkmilləşdirilməsi fonunda davam edir. Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra hüquqi dövlət quruculuğunun formalaşması prosesi də yenidən vüsət aldı, dövlətin müstəqilliyinə, demokratiyanın inkişafına, siyasi plüralizmə, insan azadlığına, insan haqlarının qorunmasına yüksək önəm verildi, hüquqi dövlət quruculuğunun əsas təməl prinsipləri müəyyən edildi.

 

Mövzu ilə bağlı Pravda.az-a fikirlərini bölüşən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu siyasəti komitəsinin üzvü Vüqar İskəndərov bildirib ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra  keşməkeşli yollardan keçib.

Deputat deyib ki, ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişi ölkəmizi bir çox ağır bəlalardan xilas edib: “1990-cı illərin əvvəllərində dünyada başqa çağırışlar var idi. SSRİ-dən qopan respublikaların içində Azərbaycan qədər ağır yollar keçən respublika olmayıb. Çünki həm daxildə hakimiyyəti idarə edən komanda səriştəsiz idi, həm də ermənilər Azərbaycan sərhədlərinə hücumlar edirdi, torpaqlarımız işğal olunurdu. Azərbaycanı daxili vətəndaş müharibəsinə çəkirdilər və bu, az qala baş tutacaqdı. Bütün bunların fonunda ümummilli liderimiz çox qətiyyətlə, siyasi iradə, ağılla, zəka ilə ölkəmizi bəlalardan qurtardı və Azərbaycan bütün sahələrdə sürətli inkişaf yolu keçməyə başladı. Bu inkişaf yolunda ümummilli lider Heydər Əliyevin əsas məqsədlərindən biri azad cəmiyyət, müstəqil düşüncəli insanların formalaşması, ümumilikdə, vətəndaş cəmiyyətinin bərqərar olması idi. Ölkəmiz həm hüquqi, həm də müstəqil siyasət yürüdən suveren ölkə kimi artıq dünya dövlətləri sırasında önəmli yer tutmağa başladı. Cənab Prezident İlham Əliyev prezident seçildikdən qısa vaxt sonra bu sahədə çox önəmli işlər görüldü. Siyasi plüralizm, siyasi partiyalarla görülən işlər, dövlət quruculuğu sahəsində önəmli dövlət proqramları, qanun layihələrinin hazırlanması, onların icra mexanizmlərinin təkmilləşdirilməsi çox vacib məsələ kimi qarşıya qoyulmuşdu. Bu gün Azərbaycan müstəqil dövlət kimi hüququn aliliyini rəhbər tutur, hüquq pozuntularına qarşı mübarizə aparır. Ölkə Prezidenti tərəfindən çoxspektrlı islahatlar paketi təqdim olunub və bu islahatların içində ən vacib elementlərdən biri də hüquqi dövlət quruculuğunun təkmilləşdirilməsi, vətəndaş cəmiyyətinin formalaşması çox önəmli məsələ kimi qarşıya qoyulub. Düşünürük ki, ölkəmiz bu məqsədlərə çatılması üçün bütün vacib addımların atılmasını təmin edəcək. İnamla deyə biləcəyik ki, Azərbaycan dünya ölkələri sırasında vətəndaş cəmiyyətinin yüksək səviyyəli inkişaf etdiyi hüququn aliliyini rəhbər tutan bir dövlətdir”.

 

Siyasi şərhçi Abutalıb Səmədov isə deyib ki, 2018-ci il prezident seçkilərində İlham Əliyev namizəd olaraq islahatların daha da dərinləşdirilməsi xəttini prioritet elan edib:

“Açıq şəkildə bəyan etdi ki, onun növbəti prezidentlik müddəti ərzində əsas məqsəd Azərbaycanda demokratik, hüquqi dövlət qurmaq istiqamətində addımları davam etdirmək, aparılan islahatları daha da dərinləşdirməkdir. Müxtəlif sahələrdə islahatların dərinləşdirilməsi üçün zəruri işlər görüldü. Təbiidir ki, bu şəraitdə vətəndaş cəmiyyəti institutlarına çox böyük ehtiyac yaranır. Vətəndaş cəmiyyəti institutlarını bu prosesə qoşmadan islahatları dərinləşdirmək qeyri-mümkündür. Bu səbəbdən Azərbaycan Prezidenti həm də vətəndaş cəmiyyəti insitutlarını aktivləşdirmək, onlara dövlət qayğısı göstərmək xəttini elan etdi. Bu istiqamətdə çox ciddi işlər gördü. Dəfələrlə insanlara, qeyri-hökumət təşkilatlarına, kütləvi informasiya vasitələrinə müraciət olunaraq bildirildi ki, ölkədə çox ciddi proseslər, islahatlar gedir. Təbii ki, bu islahatların nöqsansız, problemsiz aparılması qeyri-mümkündür. Bu səbəbdən vətəndaş cəmiyyəti institutları fəal olmalı, yol verilən nöqsanlar barədə hakimiyyət orqanlarını, ilk növbədə dövlət başçısını xəbərdar etməlidir. Mətbuat, kütləvi informasiya vasitələri bu işdə çox ciddi rol oynamalıdır. Bu məqsədlə onlara dövlət yardımı göstərmək üçün xüsusi agentlik yaradıldı. Mətbuatda yer alan nöqsanların aradan qaldırılmasına diqqət yetirildi, QHT-lərin sayı artı, müxtəlif istiqamətlərdə çoxsaylı QHT-lər yaradıldı, onların fəaliyyətlərinin təşkili, səmərəli işləmələri üçün hər cür şərait yaradıldı. QHT-lərin siqnallarına xüsusi həssaslıq göstərildi. Azərbaycanda siyasi partiyaların güclənməsi, hüquqi dövlət quruculuğunda onların potensiallarından daha artıq istifadə olunması üçün inqilabi addımlar atıldı. Siyasi partiyaların dövlət tərəfindən maliyyələşdirilməsi qərara alındı. Söhbət parlamentdə təmsil olunan siyasi partiyalardan gedir. Parlamentdə təmsil olunan, təmsil olunmayan partiyaların qərargahlarla təmin olunması istiqamətində ciddi işlər görüldü. Siyasi partiyalara yüksək səviyyədə təmir olunmuş, şəhərin ən əlverişli yerlərində qərargahlar ayrıldı. Bu da onların fəaliyyətlərinin güclənməsinə səbəb oldu. Böyük siyasi partiyaların ortaya çıxması üçün “Siyasi partiyalar haqqında” yeni qanun qəbul edildi. Müəyyən normalar sərtləşdirildi. Bu da Azərbaycanda partiyaların sayı artmaqda davam etsə də, təkcə kəmiyyətin yox, həm də keyfiyyətin yüksəldilməsinə, samballı, hüquqi dövlət quruculuğunda aktiv şəkildə iştirak edə biləcək siyasi partiyaların meydana çıxmasına xidmət edir. Kiçik partiyalar birləşmə xəttini, təmərküzləşmə yolunu tutsunlar ki, həqiqətən də, ciddi siyasi partiyaların ortaya çıxması mümkün olsun. Çünki bu gün müxalifətdə olan siyasi partiya sabah hakimiyyətdə ola bilər və o, hakimiyyət yükünü, məsuliyyətini üzərinə götürməyə hazır olmalıdır. “Siyasi partiyalar haqqında” qanunda müəyyən normaların sərtləşdirilməsi də məhz bu məqsədə xidmət edir. Son dövrlərdə bir neçə siyasi partiya, o cümlədən mənim sədrlik etdiyim Azərbaycan Naminə Alyans Partiyası fəaliyyətini dayandırmaq haqqında qərar qəbul etdi. Çox güman ki, digər partiyalarla birləşənlər də olacaq. Yeni ortaya çıxan partiyalar da daha samballı, səviyyəli, respublikanın hər yerində təmsil olunan, kadr potensialına malik partiyalar olacaqlar. Yeni qanun da bu məqsədə xidmət edir. Bütövlükdə aparılan işlər Azərbaycanda vətəndaş cəmiyyətinin formalaşmasına, rolunun artmasına və hüquqi dövlət qurulması məqsədlərinə xidmət edir”.

 

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə yardımı ilə “Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu” mövzusu üzrə dərc olunub.

 

Aytəkin Qardaşova

 

Tarix: 29 Aprel 2023, 13:49   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin