BURADA REKLAMINIZ OLA
BİLƏR

Vaşinqton və Brüssel münaqişənin tənzimlənməsi istiqamətində atdıqları addımlarda heç də səmimi davranmırlar - RƏY

“Sülh müqaviləsinin imzalanması istiqamətində istər Vaşinqtonda, istər Brüsseldə səmimi iradə mövcud olsaydı, Azərbaycanın irəli sürdüyü şərtlər və Ermənistanın etirafları əsasında sülh müqaviləsi imzalana bilərdi. Çünki İrəvan dəfələrlə bildirib ki, Azərbaycanın irəli sürdüyü şərtləri qəbul edir, onlar Alma-Ata bəyannaməsinə istinad edirlər. Belə olan halda mahiyyət etibarilə yekun sülh sazişinin imzalanması üçün ciddi maneə qalmır. Vaşinqton görüşündə hansısa mövqelərin yaxınlaşdırıldığı qeyd edilir, amma əsas məsələlərlə bağlı fikir ayrılığının qaldığı da bildirilir. Bu, aydın göstərir ki, yenə də Ermənistan öz destruktiv mövqeyindədir”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu deyib.

 

Deputat bildirib ki, Azərbaycanın mövqeyi çox aydındır: “Biz regionda dövlətlərin ərazi bütövlüyü çərçivəsində sülh müqaviləsinin imzalanmasının təşəbbüskarı və tərəfdarıyıq. Azərbaycan regionda yeni əməkdaşlıq platforması təşəbbüsü ilə çıxış edir. Azərbaycan Prezidenti bu gün Cənubi Qafqaz regionunda təhlükəsizliyin və sülhün təmin edilməsi istiqamətində ən təsirli addımlar atmaq iqtidarında olan liderdir, bu istiqamətdə addımlar atmaq istəyində olduğunu nümayiş etdirir. Bu baxımdan, Azərbaycanın mövqeyinə istinad edərək rahatlıqla Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalana bilər. Vaşinqtonda Azərbaycan-Ermənistan arasında münasibətlərin normallaşdırılması və sülh sazişinin imzalanması ilə bağlı səmimi istək olsaydı, onda Ermənistana münasibətdə fərqli mövqe sərgilənməli idi. Çünki destruktiv mövqe tutan İrəvandır. Azərbaycan tam konstruktiv, regionda sülhün və təhlükəsizliyin təmin olunmasını şərtləndirəcək mövqe sərgiləyir. Vaşinqton bu gün əsasən Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması məsələsini də özünün geosiyasi mübarizəsinin bir predmetinə çevirir”.

 

E.Mirbəşiroğlu deyib ki, Azərbaycan-Ermənistan arasında yekun sülh sazişinin imzalanmasını Azərbaycanın iradəsi və gücü şərtləndirəcək: “Hazırkı mərhələdə Azərbaycan özünün güc mövqeyini davamlı olaraq möhkəmləndirməkdədir. Sülh prosesi Azərbaycanın iradəsi ilə başladılıb. Azərbaycan yekun sülh sazişinin imzalanması üçün beş şərtini irəli sürüb. Bununla yanaşı, təəssüflə qeyd etmək lazımdır ki, Ermənistan tərəfi yenə də Azərbaycana qarşı həm hərbi, həm də siyasi xarakterli təxribatlarını davam etdirir. Azərbaycan tərəfi bu təxribatların qarşısını qətiyyətlə alır, hər dəfə mövqelərini möhkəmləndirir. Hesab edirəm, sülh prosesi ətrafında aparılan danışıqlarla bağlı bütün hallarda son nəticəyə Azərbaycanın gücü, iradəsi gətirib çıxaracaq. 30 il müddətində bu cür müzakirələr saysız-hesabsız aparıldı, lakin nəticə olmadı. ATƏT-in Minsk Qrupu tam fəaliyyətsizlik nümayiş etdirdi. Bir çox hallarda isə işğalçı Ermənistanın tərəfində olduğunu da aşkar göstərməkdə idi. Azərbaycan isə dəfələrlə qeyd edirdi ki, mənasız danışıqları sonsuzluğa qədər davam etdirməyəcək. Belə də etdi - torpaqlarını hərbi yolla işğaldan qurtardı. Düşünürəm, hadisələr arasında paralellik aparmaq mümkündür. Bu gün də bizim mövqeyimiz budur ki, Ermənistan sülh istəmirsə, onda biz bildiyimiz kimi davranacağıq. Yəni ərazilərimiz böyunca suverenliyimizin etibarlı şəkildə təmin olunması, milli təhlükəsizliyimizə mövcud təhdidlərin aradan qaldırılması  istiqamətində qətiyyətli addım atmaq əzmimizi və iradəmizi hər zaman nümayiş etdirmişik, bu gün də etdiririk. Azərbaycan ərazisində qalan ermənilərlə bağlı mövqeyimiz bütün dünyaya çox aydındır. Ya onlar Azərbaycan Konstitusiyasına, qanunlarına tabe olaraq mövcudluqlarını davam etdirəcəklər, ya da özləri üçün başqa yaşayış yeri seçəcəklər. Azərbaycan Prezidenti bunu dəfələrlə açıq mətnlə səsləndirib. Hesab edirəm, münasibətlərin normallaşdırılması nəinki Brüsseldə, yaxud Vaşinqtonda keçirilən görüşlərdən, Azərbaycanın atacağı təsirli addımlardan birbaşa asılıdır. Aydın müşahidə olunan budur ki, Vaşinqton və Brüssel münaqişənin tənzimlənməsi istiqamətində atdıqları addımlarda heç də səmimi davranmırlar. Məsələn, Brüsseldə görüşlər keçirildi, ümidverici elementlər ortaya çıxdı, amma nəticə olmadı. Nəticə isə Ermənistana mülki missiyanın göndərilməsi oldu. Hansı ki bu missiyanın göndərilməsinə heç bir ehtiyac yox idi”.

 

Aytəkin Qardaşova

Tarix: 5 May 2023, 18:14   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin