BURADA REKLAMINIZ OLA
BİLƏR

Heydər Əliyevin formalaşdırdığı azərbaycançılıq ideologiyası gələcək milli inkişaf prioritetlərimizin müəyyənləşdirilməsində mayak olacaq - RƏY

Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar arasında ideya birliyinin yaradılması və bu ideologiyanın əsaslarının hazırlanması prosesi 1993-cü ildə Ümummilli lider Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə gəlişindən başlayaraq həyata keçirilib. Milli dövlətçilik təlimi, milli-mənəvi və siyasi dünya görüşü, azərbaycançılıq ideologiyasının təbliği Heydər Əliyevin əməli və nəzəri fəaliyyətinin mühüm hissəsini təşkil edib. Heydər Əliyevin bu istiqamətdə toplanmış zəngin irsi təkcə ictimai-siyasi dairələr üçün deyil, həm də gələcək nəsillər üçün örnəkdir.

 

Mövzu ilə bağlı Pravda.az-a fikirlərini bölüşən Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu bildirib ki, azərbaycançılıq ideyasının formalaşdırılması, inkişaf etdirilməsi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır.

Deputat deyib ki, hər hansı ideyanın ümummilli dəstək alması, xalqın, millətin hərtərəfli inkişaf mayakına çevrilməsi ən birinci liderdən - idarəedicidən asılıdır:

 

“Bildiyimiz kimi, ulu öndər xalqımızın, dövlətimizin hərtərəfli inkişafı strategiyasını öz unikal, strateji baxışlarına söykənərək formalaşdırmışdı. Biz bu gün də həmin strategiyanı müasir dövrün tələblərinə uyğun elementlərlə zənginləşdirərək davam etdirməkdəyik. Bu ideologiyanın məğlubiyyətsizliyini hər ötən zaman daha aydın görür və dərk edirik. Sözsüz ki, hər bir inkişafın ideoloji əsası olarsa, o inkişaf daha dayanıqlı, keyfiyyətli olar. Buna görə də hesab edirəm ki, azərbaycançılıq ideyası ideologiyaya çevrilməklə xalqımızın həm mənəvi inkişafında, həm baxışlarının müasir dövrün inkişaf tələblərinə uyğunlaşdırılmasında çox əhəmiyyətlidir. Təbii ki, bu da ulu öndərin müstəsna xidmətlərindən biridir. Ümumiyyətlə, ideologiya xalqın, dövlətin inkişafının təyinedici elementi rolunda çıxış edir. Xüsusi vurğulamaq lazımdır ki, heç də dünya xalqlarının hamısının öz milli ideologiyası mövcud deyil. Fikir, hansısa ideya ola bilər, amma bunun ümummilli xarakter alması çox nadir hallarda baş verir. Biz həm də qürur duymalıyıq ki, azərbaycançılıq ideologiyamız mövcuddur. Heydər Əliyev bu ideologiyanı ölkənin, xalqın inkişafının əsas hərəkətverici elementi kimi görməklə yanaşı, həm də cəmiyyət üzvlərinin hər birinin fərdi inkişaf yolu kimi görürdü. Azərbaycan xalqının milli, mədəni, tarixi dəyərlərinə söykənərək, milli identikliyin qorunub-saxlanılaraq, inkişaf etdirilərək, gələcək nəsillərə səmərəli ötürülməsini təmin edərək, eyni zaman müasir bilik və bacarıqlara, dünya görüşlərinə sahib olmaqla milli inkişafa töhfə verə bilmək hər bir cəmiyyət üzvünün başlıca keyfiyyətlərindən biri kimi müəyyənləşdirilir. Azərbaycançılıq ideologiyasının kökündə dayanan amillər də məhz bundan ibarətdir. Müasir dünya görüşünə, texnoloji təsəvvürlərə malik olmaq, müasir inkişafın nəbzini tutmağı bacarmaq, eyni zamanda Azərbaycan xalqının milli dəyərlərinə söykənərək milli inkişaf prioritetlərimiz haqqında aydın təsəvvürlərə malik olaraq töhfə vermək istəyi, qabiliyyəti azərbaycançılıq ideologiyasının elementləri kimi nəzərdən keçirilə bilər. Ümumiyyətlə, azərbaycançılıq ideologiyası sadəcə oturuşmuş elementlərdən ibarət deyil. Heydər Əliyev hər zaman inkişaf dəyişikliklərini dəstəkləyən lider olub. Bizim milli ideologiyamız da dövrün tələblərinə uyğun yeni elementlərə hər zaman açıq olub. Təsadüfi deyil ki, müasir bilik-bacarıqlar, dünya görüşünə sahiblənmək, bütün bunlarla yanaşı milli identiklik elementləri haqqında aydın təsüvvürlərə malik olaraq onları qoruyub-saxlamaq, davranışlarında istinad etmək, düşünürəm, elə azərbaycançılıq ideologiyasının aşıladığı məqamlardandır. Heydər Əliyev həm Azərbaycanın unikal, məğlubiyyətsiz inkişaf strategiyasını müəyyənləşdirməklə, həm bu strategiyanın həyata keçirilməsinin hərəkətverici qüvvəsi, ümummilli inkişafın əsas drayverlərindən olan milli ideologiya - azərbaycançılıq ideologiyasını formalaşdırmaqla Azərbaycan xalqının, dövlətinin qarşısında misilsiz xidmət göstərib. Biz bu gün həm ideoloji dəyərlərimizə söykənərək, həm də milli inkişaf strategiyamızın tələblərinə, ruhuna uyğun davranaraq hər zaman müxtəlif istiqamətlərdə potensialımızı artırmaqda, mövqelərimizi gücləndirməkdəyik. Bu, bütün mənalarda Azərbaycanın inkişafını dəstəkləyən amildir. Nəzəri yanaşmadan çıxış etməklə inkişafda ideologiyanın rolunun nə dərəcədə böyük olduğu haqqında aydın təsəvvürlər əldə etmək mümkündür. Bu baxımdan, ulu öndərin azərbaycançılıq ideologiyasını milli, universal inkişafın hərəkətverici qüvvəsinə çevirməsi bugünkü uğurlarımızın başlıca səbəbidir. Bunu həm də 44 günlük Vətən müharibəsi ilə əlaqələndirmək olar. Milli ruhda, milli kimliyini dərk edən, milli-mənəvi, tarixi dəyərlərini,  xalqına, dövlətinə bağlılığını əldə rəhbər tutaraq, bu dəyərlərə söykənərək torpaqlarımız uğrunda canından keçməyə hazır olan igidlərimiz də məhz Heydər Əliyevin formalaşdırdığı azərbaycançılıq, vətənpərvərlik deologiyasının nə dərəcədə təsirli, güclü olduğunu bir daha nümayiş etdirdilər. Bundan sonrakı inkişafımızda da azərbaycançılıq ideologiyası irəli getməyimizin, güclənməyimizin, həmrəyliyimizin davamlı şəkildə möhkəmlənməsinin, gələcək milli inkişaf prioritetlərimizin müəyyənləşdirilməsi istiqamətində sözün əsl mənasında mayak rolunu oynayır və oynayacaq”.

 

Politoloq Amid Əliyev isə deyib ki, Heydər Əliyev müasir Azərbaycan dövlətçiliyinin əsasını təşkil edən Azərbaycançılıq idealogiyasının və fəlsəfəsinin əsasını qoymuş siyasi liderdir:

İran Azərbaycana qarşı necə münasibət göstərəcəksə, ona uyğun cavabı da  alacaq - Politoloq - AZƏRTAC

“Ümummilli lider hər zaman Azərbaycanın milli-mənəvi dəyərlərinə bağlı siyasi xadim olub. Hələ Sovet hakimiyyəti illərində 1978-ci ildə Azərbaycan SSRİ-nin yeni Konstitusiyası qəbul olunarkən ana dili kimi Azərbaycan dilinin qeyd edilməsi özlüyündə böyük cəsarət və dilimizə olan yüksək hörmətin əlaməti idi. Həmin illərdə azərbaycanlı gənclərin SSRİ-nin bir sıra ali məktəblərinə təhsil üçün göndərilməsi və ya Bakıda hərbi liseyin açılması da Heydər Əliyevin milli-mənəvi və tarixi irsimizə olan bağlılığından irəli gəlirdi. İki müxtəlif ictimai-siyasi formasiya dövrlərində yaşayan Heydər Əliyev hər zaman Azərbaycanın mədəni, mənəvi və tarixi irsinin qorunubsaxlanılması və gələcək nəsillərə ötürülməsi istiqamətində mühüm addımlar atıb. Onun tərəfindən əsası qoyulmuş hərbi vətənpərvərlik siyasəti öz təntənəsini 44 günlük Qarabağ müharibəsində təcəlli etdi. Məhz Heydər Əliyev tərəfindən  konturları cızılmış neft strategiyası əsasında bu gün Azərbaycan Avropanın enerji təminatçısı rolunda uğurla çıxış edir. Müəllifi Heydər Əliyev olan Azərbaycançılıq fəlsəfəsinin əsasında vətənə sevgi, dövlətə xidmət və xalqa etimad kimi mühüm baza elementləri dayanır. Heydər Əliyev siyasi fəaliyyətinin ən çətin anlarında bu elementlərə sadiqliyini nümayiş etdirərək xalqımızı və dövlətimizi ciddi böhranalardan xilas edib. 1990-cı illərdə Azərbaycanda vətəndaş müharibəsinin mövcud olduğu çətin zamanda məhz Heydər Əliyev özünün dərin zəkası və təcrübəsi əsasında bu qarşıdurmanı aradan qaldırdı. Sonrakı illərdə dövlət çevrilişinə və müstəqilliyimizə ciddi təhdidlər yarananda Heydər Əliyev məhz xalqa arxalanaraq suverenliyimizi qoruyub-saxlaya bildi. Bütün qeyd olunan faktlar Heydər Əliyevin Azərbaycan xalqına, dövlətinə və milli mənəvi dəyərlərinə nə qədər sıx bağlı olduğunu sübut edən faktların yalnız bir qismidir. Ömürünün bütün çağlarında ümummilli lider öz siyasətində Azərbaycan xalqını və dövlətçilik ənənələrini, tariximizi, mədəniyyətimizi və dini dəyərlərimizi hər zaman üstün tutub. Bütün bunlar Heydər Əliyev siyasətinin başlıca prinsipləri olub. Yeni Azərbaycan gəncləri hər zaman bu siyasəti örnək olaraq özlərinə nümunə götürməlidirlər. Bizi gələcək üfüqlərə apara biləcək siyasət və ideya Heydər Əliyev tərəfindən bizə miras qalmış azərbaycançılıq fəlsəfəsi və siyasəti olacaq”.

 

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə yardımı ilə “Azərbaycançılıq ideyasının təbliği – “Heydər Əliyev İli”” mövzusu üzrə dərc olunub.

 

Aytəkin Qardaşova

Tarix: 6 May 2023, 16:55   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin