BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: “Azərbaycanda həyata keçirilən islahatlara uyğun parlament formalaşacaq”

“Milli Məclisin deputatlarının parlamentin buraxılması ilə bağlı müraciəti ölkədə aparılan islahatların davamıdır. Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin həyata keçirdiyi işlərə uyğun addım atır”.

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının (YAP) Ağdaş rayon təşkilatının sədri Cavid Osmanov deyib.

 

C.Osmanov qeyd edib ki, yaxın gələcəkdə ölkədə həyata keçirilən islahatlara uyğun, aktiv parlament formalaşacaq: “Ümid edirik ki, Prezident İlham Əliyev müraciəti müsbət qarşılayacaq, parlamentin buraxılması və növbədənkənar parlament seçkilərinin elan olunması ilə bağlı sərəncamlar imzalayacaq. YAP Siyasi Şurasının qərarı xalqın sifarişinə, həyata keçirilən siyasətə uyğundur”.

 

Deputat növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı müxalifətin mövqeyinə də münasibət bildirib: “Azərbaycan Prezidenti İlham Əliyev Bakı Dövlət Universitetinin 100 illiyinə həsr olunmuş yubiley mərasimində söylədiyi nitqində ölkədə sağlam müxalifətin olmamasını qeyd etdi. Azərbaycanda sağlam müxalifət yoxdur, ayrı-ayrı küçə adamlarından ibarət dəstələr var. Onlar da şər-böhtan kampaniyasını həyata keçirirlər. Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli deyir ki, növbədənkənar parlament seçkiləri qış aylarına təsadüf edir. Seçkilərin qışda, yay, payızda, yazda olmasının nə fərqi var ki? Seçkilər bu mövsümlərdən birinə düşməlidir... Fəsillərin parlament seçkilərinin keçirilməsinə nə təsiri ola bilər ki? Əgər üşüyürsə, çölə çıxa bilmirsə, müalicə olunsun. Onsuz da xalq bilir ki, Əli Kərimli xəstədir. Onlar cəmiyyətdən məhrum olunublar. Seçkilərin hansı fəsilə düşəcəyi müzakirə mövzusu deyil, bunu normal adam dilə gətirməz. Növbədənkənar parlament seçkiləri elan olunmayıb, ona görə də indidən prosesə kölgə salmaq düzgün deyil. Prezident növbədənkənar parlament seçkilərinin elan edilməsi ilə bağlı sərəncam imzaladıqdan sonra Mərkəzi Seçki Komissiyası seçki təyin edəcək. Deyək ki, növbədənkənar parlament seçkiləri qışda olacaq, 2018-ci ildə yazda keçirilən növbədənkənar prezident seçkilərində harada idilər bəs? Uduzacaqlarını bilirdilər deyə kənara çəkildilər. Növbədənkənar prezident seçkilərində xalq həmişə onun yanında olan, qayğısına qalan İlham Əliyevə dəstək verdi. Hansısa partiya özünə güvənirsə, çıxsın meydana, gücünü qoysun ortaya... Bələdiyyə seçkilərində iştirak edə bilməyənlər parlament seçkiləri ilə bağlı uydurma fikirlər ortaya atırlar. Onların uydurmalarına fikir vermək lazım deyil”.

 

 

Xatırlatma: YAP Siyasi Şurası parlamentdə təmsil olunan üzvlərinə parlamentin buraxılması ilə bağlı təşəbbüslə çıxış etməyi tövsiyə edən qərar qəbul edib. Növbədənkənar parlament seçkilərinin keçirilməsi üçün Milli Məclis tərəfindən Azərbaycan Prezidentinə müraciət ünvanlanmalıdır. Daha sonra dövlət başçısı parlamentin buraxılması və növbədənkənar parlament seçkilərinin elan olunması ilə bağlı sərəncamlar imzalayacaq.

Tarix: 28 Noyabr 2019, 19:34   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin