BURADA REKLAMINIZ OLA
BİLƏR

Tikinti şirkətləri mənzilləri satarkən niyə çöldən hesablayır? – AYDINLIQ GƏTİRİLDİ

Son zamanlar inşaat şirkətləri ilə mənzil almaq istəyən vətəndaşlar arasında narazılıq halları artıb. Belə ki, tikinti şirkətləri çöl ölçülərini də qiymətə əlavə edirlər, lakin bu barədə vətəndaşa əvvəlcədən məlumat vermirlər. Şirkətlə müştəri arasında bağlanan müqavilədə də mənzilin əlavə ölçüləri yazılır. Bundan məlumatsız olan müştəri belə halda mənzilin çöl ölçüsünün qiymətini də şirkətə ödəmiş olur, amma reyestrdən çıxarış aldıqda isə iç sahə qeyd olunur.

 

Məsələ ilə bağlı Pravda.az-a açıqlama verən iqtisadçı ekspert, “Opera Group” MMC-nin direktoru Firdovsi Xəlilov deyib ki, əslində, ortada çox ciddi bir məlumatsızlıq var. “Deməzdim ki, inşaat şirkətləri də bu barədə çox məlumatlıdırlar. Şirkətlər mənzil satarkən oxdan-oxa ölçüb satırlar. Bu məsələdə haqsızdırlarmı? Xeyr, əsla. Onların haqlı olduqlarını göstərən səbəbləri sadalasaq, birinci səbəb vergi məsələsidir. Yaxın günlərə - ƏDV və mənfəət vergisi şəklində ödənişlər olunanadək sadələşdirilmiş vergi var idi. Dövlət qurumlarımız inşaat şirkətlərindən bütün blokun qat planını, hətta ümumi dəhliz, pilləkən, lift boşluqlarına qədər hesablayıb vergisini alırdılar. Onda sual yaranır: sizin bir mağazanız var, o mağazada kartof satırsınız - siz kartofa görə vergi ödəyirsiniz, yoxsa vitrinə görə? Vergi satış obyektindən, yəni satışın içindəki xidmətdən, əşyadan ödənilir. Əgər dövlətimiz dəhlizlərin, divarların satılmasına qarşısıdırsa, nə üçün vergi alanda ümumi divarların vergisini alır? Amma inşaat şirkətləri oxdan-oxa ölçərək satırlar. İkinci deyəcəyim səbəb məsələnin ən ciddi hissəsidir. Brut və net satış var. Brut satış oxdan-oxa ölçülməklə satılır. MTK nə deməkdir? Mənzil Tikinti Koorperativi. Yəni yüz yoldaş bir yerə yığışırıq, bir nəfəri içimizdən sədr seçirik, yüz mənzildən ibarət bir ev tikirik, hər birimiz də burada pay sahibi oluruq. Siz öz payınızın 100 kvadratmetrlik çöldən-çölə hissəsini götürüsünüz. Bu, sizin payınızdır, kupçasını alırsınız, nə istəsəniz, edirsiniz. Belə bir sual: sizin qonşunuzam, evinizin içindəki paydan mənə nə? Bu, brut ölçülmədir. Adətən müqavilələrdə bu cür yazırlar: oxdan-oxa ölçülməklə, habelə içdəki şaxtalar daxil olmaqla mənzil kvadratı 100 kvadratmetrdir. Qiyməti isə X manatdır. Əgər oxdan-oxa ölçülməklə, içindəki şaxtalar daxil olmaqla mənzil 100 kvadrat deyilsə, belə halda MTK müştərini aldadır. Yox, əgər deyirsə ki, mən sənə bu cür ölçməklə 100 kvadratmetr verirəm və 100 kvadratı verirsə, bu cür ölçüləcəyini siz əvvəlcədən bilirsinizsə, onda MTK sizi aldatmır, brut hesablayır. Bu məsələdə başqa məntiq də var. Məsələn, sizin 10 sot torpağınız var, mən isə fəhləyəm - daş ustası. Razılaşmışıq ki, mən daşın hörgüsünün 1 kvadratmetrini sizin üçün 8 manata hörəcəyəm. Siz də demisiniz ki, hörün, amma işin axırında gəlib ölçəcəyik, neçə kvadrat olsa, o qədər ödəniş edəcəyəm. Siz ölçmə anına gəldiyinizdə metrəni götürüb evin içindən girib ölçəcəksinizmi, yoxsa evin çölündən? Sizin üçün neçə kvadrat tikinti etdiyimi bilmək üçün necə ölçüm aparacaqsınızsa, bu, brut ölçüm deməkdir. Net hesablanma isə “net ərazi” deməkdir. Yəni mənzilin iç ölçüləri onun net ölçüsüdür. BT gəlib mənzilin iç ölçüsünü ölçür, burada da qəribə bir qanunauyğunsuzluq var. Bunu etmələri heç təəccüblü deyil. Məsələn, doqquzmərtəbəli Leninqrad layihəli iki otaqlı mənzillərdə çıxarışa 48 kvadrat yazılır. Sadəcə, qonaq və yataq otağının içərisi olmaqla hesablanır. Dəhlizlər, eyvan, tualet, mətbəx ölçülmür. Nə üçün? Bu, nə deməkdir? Hansı məntiqlə ölçülmür? Axı o kvadrat oradadır. Yeni tikili binalarda isə müvafiq maddəyə uyğun olaraq gəlib mənzilin içini ölçürlər. “Köməkçi sahələr”i fərqli hesablayırlar. Məsələn, “eyvanları üçdən bir korsetlə hesablayırıq” deyib, kupçaya yazırlar. Onlara sual verin ki, burada məntiq nədir? Eyvan 10 kvadratdırsa, 10 yazın. Niyə 3,3 yazırsınız? Yaxşı, bir eyvanı 3,3 kvadrat yazıb digər tərəfdə faktiki 10 kvadrat olan eyvanı niyə 5 kvadrat yazırsınız? Çox məntiqsiz bir hesablama olur”.

 

F.Xəlilov bildirib ki, dünya praktikasında mənzil satılarkən iki cür hesablanma aparılır: “Birincisi, net hesablanmadır. Hansı ki Sovet dövründən bizə miras qalıb, o mirasın da başına nə oyun gətirmişik, Allah bilir, çünki həmin vaxt bütün mənzillər dövlətin idi, biz, sadəcə, ondan istifadə edirdik. İkincisi isə brut hesablanmadır. Brut hesablanma hazırda Qərbdə, Türkiyədə həyata keçirilən hesablanmadır. Mən brut hesablanmadan yanayam. Məsələn, siz İstanbulda 120 kvadrat ev alırsınızsa, metrəni götürüb onun iç-xalça ərazisini ölçürsünüz, görürsünüz ki, 70 kvadratdır. Bəs 120 kvadrat hara getdi? Deməli, foye, hovuz və s. varsa, onlardan sizə pay hesablanır. Yəni brut hesablanır. Axı dəhlizlər, foyelər, hovuz sizindir, binanı tikən şirkətin yox. Məsələn, elə 70 kvadart yaz, 1000 manata yox, 2000 manata sat. Bu dəfə siz sosial xidmətlərdən, geniş, gözəl dəhlizlərdən, varsa hovuzdan, fitnesdən, qarajdan məhrum olacaqsınız. Əslində, burada məntiqəuyğunsuz nəsə yoxdur. Yaxşı olardı ki, dünya praktikasındakı brut hesablanma Azərbaycanda tətbiq edilsin. Mənzil sayına görə sosial - əlçatan resurslar tələbi qoyulsun ki, şərti olaraq bir kompleksdə iki min mənzil varsa, bunun mütləq fitnesi, hovuzu və s. olmalıdır, amma brut hesablayın. Artıq onda inşaat şirkətləri maraqlı olacaqlar ki, sizin diqqətinizi cəlb etsinlər. Daha çox resursları olan komplekslər sizə təklif etsinlər. Desəniz ki, evin içi nə qədərdirsə, onu mənə sat, bu dəfə inşaat şirkətləri sizin kompleksdə fitnes, məktəb və s. olmasına qəti maraq göstərməyəcəklər. Ancaq evin içinə güc verəcəklər və maksimum baha qiymətə satacaqlar. Nəticədə isə uduzan alıcı olacaq”.

 

Aytəkin Qardaşova

Tarix: 17 May 2023, 12:27   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin