BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: “Qorxudan başını PA-nın qapısından çıxara bilməyən AXC-Müsavat iqtidarından fərqli olaraq, İlham Əliyev siyasi və iqtisadi müstəqilliyi təmin edib”

“Azərbaycan Respublikası başqa dövlətlərlə münasibətlərini hamılıqla qəbul edilmiş beynəlxalq hüquq normalarında nəzərdə tutulan prinsiplər əsasında qurur. Eyni zamanda biz Konstitusiyada ali niyyət kimi bəyan etmişik ki,  ümumbəşəri dəyərlərə sadiq olaraq bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşayaq, bu məqsədlə qarşılıqlı fəaliyyət göstərək. Cənab İlham Əliyev bu ali niyyəti həyata keçirmək üçün milli maraqları rəhbər tutmaqla bütün platformaları fürsətə çevirir və bütün hallarda da Azərbaycan proseslərdən uduşlu çıxır. Ölkəmizin Avrasiya İqtisadi Birliyinin toplantısında qonaq qismində iştirakı da məhz bu prizmadan izah olunmalıdır. Avrasiya İqtisadi Birliyi hansı məqsədlə yaranıb, bu gün hansı məqsədləri hədəfləyir, bu, bizim üçün məsələnin ikinci planıdır. Çünki Azərbaycanın dayanıqlı və özünü təmin edən müstəqil iqtisadiyyatı, suveren xarici siyasəti Bakıya istənilən xarici təsiri istisna edir”.

 

Bu sözləri Pravda.az-a müsahibəsində Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.

 

Deputat bildirib ki, digər tərəfdən unudulmamalıdır ki, Azərbaycanın ikitərəfli əsaslarda Birliyə üzv ölkələrlə kifayət qədər dərin siyasi əlaqələri və 5 milyard dollara yaxın ticarət dövriyyəsi var: “Cənab İlham Əliyev isə bu əməkdaşlığın çərçivəsini dəqiq müəyyən edib və Azərbaycanın bu təsisata üzvlüyü müzakirə mövzusu ola bilməz. Ümumiyyətlə, Azərbaycan kimi ölkəyə hansısa təşkilat çərçivəsində əməkdaşlıq üçün üzvlük şərt deyil. Siyasi və iqtisadi suverenlik bütün platformalarda Bakıya sərbəst hərəkət imkanı verdiyi üçün Azərbaycan da məhz milli maraqları rəhbər tutaraq üzv olmadığı platformalardan heç vaxt kənarda qalmır. Əlbəttə, müstəqilliyin ilk illərində ölkəni məhvə sürükləmiş, vətəndaş müharibəsinə yol açmış, bütün qonşularla münasibətləri korlamış xəyanətkar və səbatsız bir təfəkkürün bunu anlaması mümkünsüzdür. Bu reallığı başa düşmək üçün ilk növbədə siyasi təfəkkür lazımdır ki, radikal müxalifət də 90-cı illərdə hansı səbata və vizyona sahib olduğunu nümayiş etdirib. Təbii ki, Qarabağa “anklav” deyən təfəkkürdən bunu başa düşməyi gözləmək sadəlövhlük olar. Digər tərəfdən, meydan hərəkatından hakimiyyətdə olduqları illərə qədər, daha sonra isə müxalifət fəaliyyətlərində müxtəlif ölkələrin kəşfiyyat xidmətləri ilə əməkdaşlıq təcrübəsi olan bir kəsim, təbii ki,  kiminsə maşası olmadan müstəqil fəaliyyət anlayışını, o cümlədən Rusiya ilə bərabərhüquqlu tərəfdaşlığı təsəvvür edə bilmir. Çinə bayraq sancmağı vəd edən, son nəticədə isə paytaxta qədər qovulan, qorxudan başını Prezident Aparatının (İndiki Prezident Administrasiyası - PA) qapısından çıxara bilməyən AXC-Müsavat iqtidarından fərqli olaraq, İlham Əliyev hakimiyyəti bu ölkənin siyasi və iqtisadi müstəqilliyini tam təmin edib. Təbii ki, əgər 90-cı illərin səbatsız hakimiyyətinin viran etdiyi zəif Azərbaycan olsaydı, bu və ya digər platformalara təhdid mənbəyi kimi baxa bilərdik, lakin bu gün Azərbaycan istənilən təhdidləri dəf edə biləcək gücdədir. Hətta Rusiya Prezidenti özü belə artıq açıq formada Azərbaycanın beynəlxalq gündəliyin bir çox aktual məsələlərinin həllində fəal rol oynadığını etiraf etdiyi bir zəmində, nə qədər vizyonsuz olmaq lazımdır ki, Şərq və Qərb arasında qütbləşmənin dərinləşdiyi bir vaxtda Azərbaycanın artan manevr imkanlarını görməyib bolşevik təfəkkürü ilə yaşayasan. Ən nəhayət, xarici siyasətin əlifbasından anlayışı olmayan, diplomatik məharətləri və təcrübələri yalnız səfirliklərə qrant və təlimat almaq üçün getməkdən ibarət olan bir kəsimin İlham Əliyev kimi diplomatiyaya möhür vurmuş bir liderin balanslaşdırılmış xarici siyasət kursunu tənqid etməsi, sadəcə, gülüncdür və ikrah doğurur".

 

Aytəkin Qardaşova

Tarix: 27 May 2023, 10:20   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin