BURADA REKLAMINIZ OLA
BİLƏR

“Bəziləri deyirlər ki, qrant müsabiqələrində deputatlara məxsus QHT-lər iştirak etməsinlər, bu, hansı qanunda yazılıb?” - Elman Nəsirov

“Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin qrant layihələrinin nəticələri elan edildikdən sonra kimlərinsə razı, kimlərinsə narazı qalması labüd prosesdir. Bu, heç kəsi təəccübləndirmir. Qrant layihəsi alanlar hesab edirlər ki, obyektiv qiymətləndirmə nəticəsində onlar buna layiq görülüblər. Qrant almayanlar, yaxud az miqdarda alanlar isə düşünürlər ki, şəffaf, obyektiv seçim olmayıb, bu şəkildə narazılıqlarını ifadə edirlər. Hər halda bir həqiqət var ki, Agentliyin qrant layihələrinin nəticələri elan edilənə qədər layihələr çox böyük ekspert nəzarətindən keçir, ciddi təhlil olunur. Bu qrant layihələrinin faydalılıq əmsalı, praktiki tətbiqi, gətirəcəyi dividentlər araşdırılır və yekunda qiymətləndirmə həyata keçirilir. Buna görə də razı qalanların da, narazı qalanların da mövqeyini anlayışla qəbul edirəm. Amma çalışıb obyektiv olmaq lazımdır. Xüsusilə, həqiqətdən, obyektivlikdən, ədalətdən danışan kəslər gərək özləri nümunə olsunlar”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.

 

“Narazı qalanlardan bəziləri deyirlər ki, bu prosesdə deputatlara məxsus QHT-lər iştirak etməsinlər. Bu, hansı qanunda yazılıb? Deputat Qeyri-Hökumət Təşkilatına malikdirsə, bu istqamətdə çalışırsa, sənin əlində hansı tutarlı arqumentin, faktın var, ittiham edirsən ki, deputatlar bu prosesdən kənarda qalsın? Qanundan danışırıqsa, qanun buna etiraz etmir. Qanun qarşısında hamı bərabərdir - deputat da, deputat olmayan da. Hesab edirəm, bu yanaşmanın özü artıq qərəzin ifadəsidir. Tutaq ki, elmdən, təhsildən gələn deputatdır və onun QHT-si var, prosesdə də iştirak edir. Nəyə görə iştirak etməsin, hüququ məhdudlaşdırılsın? Bu, yanlış yanaşmadır, qərəzliliyi özündə ifadə edir. Mənim mövqeyim belədir ki, Agnetliyin yeni tərkibi kifayət qədər təhsilli, savadlı, bilikli, vətənpərvər insanlardan ibarətdir. Onların bu reallıqda qeyri-obyektiv mövqe tutmaları ilə bağlı iddiaları qəbul etmirəm. Bu və ya digər məsələlərdə kiçik nöqsanlar ola bilər, ideal insan yoxdur, amma bütövlükdə QHT-lərin qrant layihələri ilə bağlı nəticələrinə kölgə salmaq, ittiham etmək qərəzlidir, qəbuledilməzdir”, - deputat bildirib.

 

Aytəkin Qardaşova

Tarix: 29 May 2023, 13:27   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin