BURADA REKLAMINIZ OLA
BİLƏR

Qorxmaz Əlilicanzadə: “Azərbaycan bayrağında ay-ulduz niyə tərsinə olmalıdır?” - FOTO - VİDEO

“Müstəqil Azərbaycanın bayrağında ay-ulduz niyə tərsinə olmalıdır? Batan ay mənim aləmimdə yaxşı rəmz deyil. Çünki sonluğa doğru gedir. Türk xalqı niyə sonluğa getsin? Buna görə də Azərbaycan bayrağında doğulan ay olmalıdır”.

 

Bu təklifi Pravda.az-a müsahibəsində Azərbaycanın ilk şoumeni, Əməkdar artist, ixtiraçı-alim Qoxmaz Əlilicanzadə deyib.

 

O xatırladıb ki, türk və müsəlman dünyasında ilk demokratik respublika 1918-ci ildə Azərbaycanda qurulub: “Dünya xəritəsində yeni demokratik dövlət yarandı. İlk bayrağımız tam qırmızı rəngdə olub. Bayrağın üzərində aypara və səkkiz guşəli ulduz simvolu yerləşdirilib”.

 

Q.Əlilicanzadənin sözlərinə görə, səkkiz guşəli ulduzun və ayparanın mənaları haqda  müxtəlif fikirlər var: “Aypara və ulduz niyə bir yerdə təqdim edilir? Əgər səkkiz guşəli ulduzu günəş simvolu kimi qəbul etsək, onda günəş və aypara birlikdə nə məna kəsb edir? Çin və Hindistanın 5000 min il əvvəl yazılmış mənbələrində astranomiya elmi haqda dəyərli məlumatlara rast gəlirik. Mənbələrdən belə məlum olur ki, 5000 min il əvvəl göydə yalnız Günəş olub, Ay olmayıb. Səma planetlərinin xəritəsində Ay göstərilməyib. Belə məlum olur ki, Yer ətrafında firlanan Ayın ən çox 5000 ilə yaxın yaşı var. Hətta “Qurani-Kərim”də ayə var: “Biz sizin üçün ayı yaratdıq ki…” Belə demək olar ki, türk dünyasında gərək iki simvol olaydı - Günəş və Ay. Amma belə qoşa simvollara türk bayraqlarının tarixində rast gəlinməyib. Türk alimləri arasında belə bir ehtimal var ki, türklər göydən yerə endirilib. Bu səbəbdən bizi “Göy türklər” adlandırırlar. Göy türklərin “Sirius” ulduzundan yerə endirildiyini ehtimal edən alimlər də var. Üçrəngli bayrağımızın və üzərindəki ay-ulduz simvolları barədə məndə suallar yaranıb. Məni həmişə düşündürürdü ki, nəyə görə Azərbaycan bayrağında batan ay rəmzi verilib. Yəni ay-ulduz tərsinə vurulub. Həmişə göyə baxanda görürük ki, sağda ay nazik görünür, buna “doğulan ay” deyirlər. Doğulan ay tədricən 14-15 gün ərzində bədirləşir. Sonra azalmağa başlayır, sol tərəfə doğru nazilir, batır. Maraqlandım ki, görəsən, türk dövlətlərinin bayrağında necədir? Tükiyənin bayrağı məlum idi. Amma fikir verdim ki, Türkmənistanda doğulan aydır. Sonra digər dövlətlərin bayraqlarını araşdırmağa başladım. Bir neçə bayraqda da doğulan ay gördüm.

 

İçimdə belə bir fikir oyandı ki, axı arzu edirik, gələcəkdə Turan dövləti qurulsun. Biz müstəqil Azərbaycan olmuşuqsa, niyə ay-ulduzumuz tərsinə olmalıdır? Batan ay mənim aləmimdə yaxşı rəmz deyil. Çünki sonluğa doğru gedir. Türk xalqı niyə sonluğa getsin? Buna görə də Azərbaycan bayrağında da doğulan ay olmalıdır. Bu gün Azərbaycan inkişaf edir. İstər Türkiyənin sənayesini götürək, istər Azərbaycanın. Bu qədər neft, qaz kontraktları bağlanır, torpaqlarımızı azad etdik. Azərbaycan yenidən doğulur, yenidən dirçəlir, düşmənlərə sinə gərir, torpaqlarımız yenidən bütövləşir, yeni həyat başlayır. Hər yenilik yeni doğulan hadisə, gün, ay deməkdir... İstərdim ki, alimlər, tarixçilər, cəmiyyət səsimə səs versin. Doğulan ayı bayrağımızda bərpa edək”.

 

O düşünür ki, Azərbaycan bayrağındakı rənglərin də sıralanması düzgün deyil: “Çünki birinci yaşıl, ikinci qırmızı, üçüncü göy olamlıdır. Hər halda o vaxt da yazardılar ki, birinci göy ikinci qırmızı üçüncü yaşıl. Bunu da dəyişiblər. Niyə belə olub? Həm ay-ulduz tərsinə dəyişib, həm də rənglərin yeri. Əslən Maştağa kəndinin sakini olmuş Gülmirzə Bağır (Bağırov) mühacirətdə olarkən Məhəmməd Əmin Rəsulzadə ilə tez-tez görüşürdü. 1952-ci ildə Rəsulzadə Gülmirzə Bağıra Azərbaycan bayrağını təqdim edir və xahiş edir ki, haçansa Bakıya gedə bilsən, bu bayrağı ora apar. G.Bağır 1976-cı ildə xalq şairi Nəbi Xəzrinin köməyi ilə Azərbaycana qayıdır. Bayrağı gizli şəkildə vətəninə gətirir. Hətta Maştağa kənd sovetinin üstündəki dövlət bayrağını çıxarıb, Rəsulzadədən əmanət gətirdiyi bayrağı asır. İki saatdan sonra bayrağı çıxarırlar, o isə bayrağı yenidən evində gizlədir. Azərbaycan müstəqil olandan sonra G.Bağır həmin bayrağı İsa Qəmbərə verir. Bu hadisənin videosu çəkilir. Mən “Youtube” kanalında bu videoya baxanda 3.35-ci dəqiqədə Gülmirzə Bağır bayrağı İ.Qəmbərə verən məqamdə aydın görünür ki, həmin bayraqda göy rəng yuxarıda, qırmızı rəng ortada, yaşıl rəng aşağıda olub, aypara isə doğulan ayparadır.

 

“Məlum məsələdir ki, yaşıl rəng İslamın, qırmızı rəng müasirliyin, demokratiyanın, göy rəng türkçülüyün rəmzi rəngləridir. 1918-ci il 9 noyabrda Azərbaycan Demokratik Respublikasının bayrağının təsdiqi qərarında birinci yaşıl rəng, ikinci qırmızı rəng, üçüncü goy rəng yazılıb.

 

 

Bu rəng düzülüşünü məntiqlə araşdırsaq, belə nəticəyə gəlirik ki, “ayağımızın altında türk torpağı - göy rəng, torpağın üstündə müasirlik və demokratiya - qırmızı rəng, başımızın üstündə Tanrı, müasir dillə İslamiyyət. Bildiyiniz kimi, türklər tək Tanrılığı İslamdan əvvəl qəbul edib. İndiki bayrağın rəng düzülüşünü məntiqləndirsək, belə çıxır ki, İslam ayağımızın altında, üstündə müasirlik və demokratiya, başımızın üstündə isə  türkçülükdür”, - o bildirib.

 

Q.Əlilicanzadə bayraqdakı ay və ulduzu belə səciyyələndirib: “Düşünürəm, 1918-ci ildə dünyada yeni yaranan müstəqil ilk türk dövlətinin bayrağında nə səbəbdən batan ay olmalıdır? Mənimlə bu barədə bəzi alim dostlar fikir mübadiləsi edib. Bəziləri deyiblər ki, nə fərqi var? Çox böyük fərqi var. Rəsulzadə öz əqidə silahdaşları ilə birlikdə heç vaxt dövlət bayrağını fikirləşmədən, məntiq olmadan, necə gəldi bayraq simvollarını yaratmazdı. Sadəcə, bu gün dövlət bayrağını tərsinə asıblar. Əgər indiki bayrağı tərsinə döndərsək, 1918-ci ildə yaranan Azərbaycan Demokratik Respublikasının əslini görmüş olarıq. Buna bir sübut da var. 1919-cu ildə o zamankı dövlət tərəfindən ilk poçt markasına diqqətlə baxsaq, bütün suallara nöqtə qoymuş olarıq. Fikirləşdim ki, görəsən, bizim ilk ayparamız Məhəmməd Əmin Rəsulzadənin vaxtında necə olub? 1919-cu ilin poçt markası rastıma çıxdı və fikirlərim təsdiqləndi. Azərbaycan Demokratik Respublikasının ilk bayrağında, markadan da görünür ki, ay doğulan ay olub. Yəni aypara səkkiz guşəli ulduzun sağ tərəfdədir, solda yox.

 

Əfsus ki, bayrağın rəng düzülüşü aydın deyil. O vaxtın şəkilləri rəngli olmadığından dəqiq görünmür. Lakin iclaslarda dövlət bayrağında ay ulduz aydın görünür ki, doğulan aydır. Qədim dövrlərdə bəzi türk dövlətlərinin bayraqlarına nəzər salın.

 

 

 

Osmanlı dövlətinin bayrağı bir daha sübut edir ki, bayraqda doğulan ay olub.

Sual ola bilər: bəs necə oldu ki, müasir Türkiyə dövlətinin bayrağında batan ay oldu? Bildiyiniz kimi, Türkiyə müstəqillik qazandıqdan sonra dilçilik məsələsi ortaya qoyuldu. Nədənsə mərhum Mustafa Kamal Atatürk erməni əsilli bir “dilçi alimə” müraciət edib, bu məsuliyyətli işi erməniyə tapşırıb. Bu səbəbdən Osmanlı ləhcəsi dəyişdirildi və əyalət ləhcəsi qəbul olundu. Bildiyiniz kimi, qədim Osmanlı dövründə bizim indi danışdığımız Azərbaycan ləhcəsi dövlət dili idi. 1923-cü ildə Osmanlı ləhcəsi digər ləhcə ilə əvəzləndi. Biz ikinci dəfə müstəqilliyimizi qazandıq, batan ay nəyimizə gərək? 30 il zülm çəkdik. İndi isə Azərbaycan çiçəklənir. Tanrının izni ilə Cənubi Azərbaycan, Qərbi Azərbaycan da Şimali Azərbaycana birləşdirilər, bütöv Azərbaycan, Türkiyə və Orta Asiya ölkələri birləşərək böyük Turan dövləti yaranar. Bəs niyə bizim bayrağımızda doğan ayımız olmasın? Bu məsələni düşünək, tarixçilərimiz, xalq təklifini versin, Milli Məclis baxsın, hörmətli Prezidentimizə təqdim etsin. Düşünürəm, batan ayı doğan ayla əvəz etməyin vaxtı gəlib çatıb”.

 

Aytəkin Qardaşova

Tarix: 30 May 2023, 15:12   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin