BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanlı İranın qurduğu gizli silahlı dəstəyə necə qoşulub? - İFADƏSİ

İran xüsusi xidmət orqanının nəzarəti altında yaradılmış qanunsuz silahlı birləşmədə iştirak etməkdə təqsirləndirilən Haqverdiyev Tural Səfər oğlunun cinayət işinin detalları məlum olub.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Mikayıl Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə elan olunub ki, o, Azərbaycan hüdudlarından kənarda, yəni Suriya Ərəb Respublikasının ərazisində “Musa” ləqəbli şəxs və digərlərinin təşkilatçılığı, rəhbərliyi ilə yaradılmış sabit qrupun tərkibində təlimlərdə iştirak etmək məqsədi ilə 22 noyabr 2019-cu il tarixdə “Qırmızı Körpü” sərhəd-keçid məntəqəsindən ölkə ərazisini tərk edərək Gürcüstan və İrandan keçməklə Suriyanın Hələb şəhərinə gedib.

 

Daha sonra Tural Haqverdiyev orada dini düşmənçilik, dini radikalizm və dini fanatizm zəminində yaradılaraq fəaliyyət göstərən azərbaycanlılardan ibarət qanunsuz silahlı sabit qrupa qoşulub. O, 2019-cu ilin noyabr-dekabr aylarında həmin qruplaşmanın digər üzvləri ilə birlikdə dini düşmənçilik, dini radikalizm və dini fanatizm zəminində təlimlərdə iştirak edib.

 

Bundan başqa, təqsirləndirilən şəxs Suriya ərazisində “Musa” ləqəbli şəxs və digərlərinin təşkilatçılığı, rəhbərliyi ilə yaradılmış sabit qrupun tərkibində yenidən təlimlərdə iştirak etmək məqsədi ilə 2020-ci ilin fevral ayının əvvəllərində eyni marşrut üzrə hərəkət edərək Hələb şəhərinə gedərək dini düşmənçilik, dini radikalizm və dini fanatizm zəminində yaradılaraq fəaliyyət göstərən azərbaycanlılardan ibarət qanunsuz silahlı sabit qrupa qoşulub. O, 2020-ci ilin fevral ayında həmin qruplaşmanın digər üzvləri ilə birlikdə dini düşmənçilik, dini radikalizm və dini fanatizm zəminində təlimlərdə iştirak edib.

 

Cinayət materiallarına görə, Tural Haqverdiyev həm Azərbaycanın, həm də ərazisində törədildiyi Suriyanın qanunvericiliyinə əsasən cinayət sayılan həmin əmələ görə xarici dövlətdə məhkum olunmayıb.

 

Məhkəmə istintaqı zamanı ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərib ki, Qazax rayonunun Dəmirçilər kənd sakini, qaynaqçı işləyən Samir Məmmədovla uzaq qohum və bir qonşu kimi həmişə münasibətləri yaxşı olub. O qeyd edib ki, Samir Məmmədov da onun kimi ibadətlə məşğul olub. Boş vaxtlarında Samirlə görüşüb, dini söhbətlər edib və dini ayinləri birlikdə icra ediblər.

 

Tural Haqverdiyev bildirib ki, eşitdiyinə görə, Samir Türkiyənin İstanbul şəhərində yaşayıb. Sonuncu dəfə Samir Məmmədovla təxminən 2020-ci ildə telefon əlaqələri olub. Ümumilikdə o, Samir Məmmədov və digər dindarlar Azərbaycanda şəriət qanunları ilə idarə olunan bir dövlətin qurulmasını və cəmiyyətimizin o fikirdə olmasını arzulayıblar.

 

2019-cu ilin sonlarında kənddə olan zaman Samir Məmmədov ona birlikdə İrana, oradan isə hərbi təlimlərdə iştirak etmək üçün Suriyanın Dəməşq şəhərinə getməyi təklif edib və təlimlərdə iştirak edən hər bir şəxsə 500 dollar pulun veriləcəyini bildirib. Tural da onun həmin təklifi ilə razılaşıb. O, 22 noyabr 2019-cu il tarixdə Samir Məmmədovla birlikdə “Qırmızı-körpü” keçid məntəqəsindən keçməklə taksi ilə Gürcüstanın Tbilisi şəhərinə, oradan isə təyyarə ilə Tehrana uçublar. Təyyarə biletlərinin öncədən onlayn qaydada alınması və sair işlərin təşkil edilməsi Samir Məmmədov tərəfindən həyata keçirilib. Tehran hava limanında onları Samirin əvvəlcədən tanıdığı təxminən 50-55 yaşlarında olan özünü “Kərbəlayi” kimi təqdim edən şəxs qarşılayıb və taksi ilə onun evinə gediblər. Evdə onlardan başqa təxminən 20 nəfər adlarını xatırlamadığı azərbaycanlı şəxslər olub. “Kərbəlayi” deyilən şəxsin evində 5 gün qalıb və həmin müddət ərzində Tehrandakı məscidləri gəziblər. Daha sonra onlar birlikdə təyyarə ilə Tehrandan Dəməşq şəhərinə uçublar. Oradan isə onlar üçün ayrılmış xüsusi avtobusla Hələb şəhərinə yollanıblar. Hələb şəhərində yerləşdikləri yer köhnə xarabalığı xatırlatmış, ətrafda hər hansı yaşayış məntəqələri olmamış və qaldıqları bina köhnə bir tikili olub. Hiss edib ki, həmin yer hərbçilərin təlim düşərgəsi olub.

 

Oradakı otaqlarda idman etmək üçün avadanlıqlar, eyni zamanda avtomatların saxlanıldığı silah otağı olub. Həmin əraziyə çatan kimi hərbiçilər tərəfindən hərbi forma ilə təmin edilib, sonra onların hər birinə sərbəst dini ad götürmək təklif edilib. Tural isə özünə “Qulam” dini adını götürüb. Oradakı şəxslər Samir Məmmədovu əvvəlcədən tanıdıqları üçün “Malik” deyə müraciət edirdilər.

 

Təqsirləndirilən şəxsin sözlərinə görə, qidalanmaqları üçün yeyib-içmək kənardan gətirilirmiş. Onlar hər gün dini dərslərlə yanaşı, fiziki təlimlərə də cəlb olunub. Fiziki təlimlərdə bədən tərbiyəsi ilə yanaşı təkbətək döyüş qaydaları, işgəncə zamanı dözümlülük və sair öyrədilirmiş. Təlimlər oradakı hərbçilər tərəfindən aparılıb. Qaldıqları düşərgənin mühafizəsi özləri tərəfindən növbəlilik əsasında avtomat silahı ilə təchiz olunmuş formada aparılıb.

 

O bildirib ki, İsrail və digər düşmənlərlə gələcəkdə aparılacaq müharibələrdən söhbət edərək, bu mübarizənin şiələrin və “Hüseynçi”lərin haqq işi olduğunu təbliğ edirmişlər. Orada olduqları müddətdə onları hərbiçilərin müşayiəti ilə təxminən 500 metr məsafədə yerləşən poliqona da aparırmışlar. Poliqonda əsasən avtomat silahdan istifadə qaydaları, atışlar, küçə döyüşlərinin hansı qaydada aparılmasına dair təlimlər almışlar. Hər dəfəsində atış üçün hər bir kəsə 3 güllə veriblər. Ona və digər azərbaycanlıların hər birinə yalnız “kalaşnikov” avtomatı təhkim edilib və yalnız həmin silahdan istifadə qaydalarını öyrədiblər. Təlimin sonuncu günü ona və digər təlimdə iştirak edən hər bir kəsə “Kəbleyi” kimi tanıdıqları şəxs tərəfindən 500 ABŞ dolları pul verilib. Təxminən 20 gün həmin düşərgədə qaldıqdan sonra gəldikləri marşrutla geri qayıdıblar.

 

24 dekabr 2019-cu il tarixdə rəsmi sənədi əsasında Gürcüstandan “Qırmızı Körpü” sərhəd buraxılış məntəqəsindən keçməklə Azərbaycana yaşadığı kəndə qayıdıb. Növbəti dəfə 01 fevral 2020-ci il tarixdə yenə də Samir Məmmədovun təklifi ilə hərbi təlimlərdə iştirak məqsədi ilə birlikdə “Qırmızı-körpü” keçid məntəqəsindən keçməklə taksi ilə Gürcüstanın Tbilisi şəhərinə, oradan da Tehran və Dəməşqə, daha sonra isə Hələb şəhərindəki təlim düşərgəsinə gediblər. Təlimdə iştirak edən şəxslər tam əvvəlki şəxslər olmamış, həmin şəxslərin içərisində təlimlərdə əvvəllər görmədiyi, oraya yeni gəlmiş azərbaycanlılar olublar. İkinci dəfə getdikləri təlimlərdə də eyni ilə birinci dəfəki təlimdə olduğu kimi avtomat silahdan istifadə qaydaları, atışlar, küçə döyüşlərinin hansı qaydada aparılmasına dair təlimlər almışlar. İkinci təlimdən sonra ona və digər şəxslərə əvvəlki təlimdə olduğu kimi 500 dollar deyil, 1000 dollar pul veriblər.

 

Tural hərbi təlimləri başa vurub 04 mart 2020-ci il tarixdə Rusiya istiqamətindən “Samur” sərhəd-buraxılış məntəqəsindən keçməklə Azərbaycana qayıdıb.

 

O ifadəsində söyləyib ki, törətdiyi cinayət əməli ilə bağlı xarici ölkə ərazisində məhkum olunmayıb.

 

İfadəsinin davamı olaraq təqsirləndirilən şəxs bildirib ki, 2020-ci ilin mart ayının 04-dən Azərbaycana qayıtdıqdan sonra bir daha ölkəni tərk etməyib. Törətdiyi əməldən peşmandır, peşmançılığını tutulmamışdan əvvəl hiss etmiş və bir daha İran, oradan isə Suriyaya getmək fikrindən daşınıb.

 

Qeyd: Tural Haqverdiyev ötən il Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşları tərəfindən saxlanılıb.

 

Məlumata görə, İran xüsusi xidmət orqanları tərəfindən Azərbaycan vətəndaşlarının gizli şəkildə ölkə hüdudlarından kənarda hərbi təlimlərə cəlb olunması, onların maliyyələşdirilməsi və fəaliyyətlərinin istiqamətləndirilməsi, Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi maraqlarına zidd olaraq istifadə edilməsi məqsədilə şantaj və digər zorakı üsullarla təsir dairəsində saxlanılması halları ilə bağlı Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən kompleks araşdırma tədbirləri həyata keçirilir.

Əməliyyat-istintaq tədbirləri ilə müəyyən edilmişdir ki, İran xüsusi xidmət orqanının nəzarəti altında, radikal-ekstremist dini ideyaların aşılanması yolu ilə Azərbaycan Respublikası vətəndaşlarından ibarət gizli yaradılmış qanunsuz silahlı birləşməyə rəhbərlik analoji cinayət əməllərinə görə 2018-ci ildən barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilərək beynəlxalq axtarışa verilib, hazırda İranda gizlənən İbrahimbəyli Tohid Alim oğlu, Əsədov Rövşən Elçin oğlu, Məmmədov Orxan Kəmran oğlu, Hacıyev Elşad Elçin oğlu (Əkrəm Hacızadə) və digərlərinə həvalə edilib.

 

Ötən müddət ərzində qanunsuz silahlı birləşmə tərəfindən əsasən əvvəllər müxtəlif cinayətlərə görə məhkumluğu olan, habelə özlərini “Müsəlman Birliyi Hərəkatı” adlandırdıqları təşkilatın üzvü hesab edən şəxslərin sırasından seçilmiş Azərbaycan Respublikası vətəndaşları üçüncü ölkələrin ərazisindən keçirilməklə İranın Tehran şəhərinə, orada mobil telefon və pasportları götürülməklə, əlaqələrinin gizliliyinə və konspirasiya tələblərinə dair təlimatlandırılmaqla, dini ləqəblər verilərək, təqdim olunmuş saxta sənədlərlə hərbi yük təyyarələrində Suriyanın Dəməşq şəhərinə aparılıblar. Onlar Suriya ərazisində müxtəlif odlu silahlardan istifadə qaydaları və döyüş taktikasının öyrədildiyi hərbi təlimlərə cəlb edilmiş, təlimlərdə iştirak etmiş hər bir şəxsə təqdim olunan qəbzlərə imza etdirməklə müxtəlif məbləğlərdə pul vəsaitləri verilib.

 

Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı qanunsuz silahlı birləşmələrin hərbi təlimlərində iştirakı müəyyən edilən 19 nəfər Azərbaycan Respublikası vətəndaşı istintaqa cəlb olunmuş, qanunsuz silahlı birləşmə və onun tərəfindən təşkil edilmiş hərbi təlimlər barədə çoxsaylı dəlillər, qanunsuz yollarla Azərbaycana keçirilmiş müasir inkişaf, dünyəvi dövlət ideyalarına qarşı radikal, dini-ekstremist münasibəti təbliğ edən, yayılması Azərbaycanda qadağan edilmiş müxtəlif kitablar, videomateriallar aşkar edilərək götürülüb.

 

Cinayət işi üzrə əvvəllər məhkum edilmiş Hüseynov İskəndər Hani oğlu, Haqverdiyev Tural Səfər oğlu, Şükürov Eltun Əli oğlu və digərləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 279.1-ci (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrdə iştirak etmə) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilərək saxlanılıblar.

 

Digər şəxslərin cinayət işi ayrıca icraata ayrılıb.

 

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

 

Kamal Məmmədov

 

Tarix: 31 May 2023, 16:00   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin