BURADA REKLAMINIZ OLA
BİLƏR

Həmkəndlisinə qarşı dələduzluq etməkdə təqsirləndirilən şəxslə bağlı QƏRAR

Şirvan Apellyasiya Məhkəməsində rüşvətə təhrik etməkdə təqsirləndirilən Valeh Məmmədovun (şərti) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Elçin Xasməmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, apellyasiya şikayəti qismən təmin edilib. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 21 dekabr 2022-ci il tarixli hökmü Cinayət Məcəlləsinin (CM) 32.4, 312.2-ci maddəsi ilə təqsirli bilindiyi hissədə ləğv edilib. Valeh Məmmədova təqsirli bilindiyi CM-in 32.4, 312.2-ci maddəsi ilə, təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə bəraət verilib. Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 296.2-ci maddəsi ilə 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası (elektron qolbaq) təyin edilib. CM-in 69.3-cü maddəsinə əsasən məhkum Valeh Məmmədovun 04 oktyabr 2022-ci il tarixdən 23 may 2023-cü il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı 7 ay 19 gün, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş cəzadan çıxılıb və üzərində qəti olaraq 8 ay 22 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.

 

İttihama görə, Valeh Məmmədov Sabirabad rayonu, Suqovuşan kənd sakini zərərçəkmiş Nizami Əliyevin (şərti) əmlakını dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə ələ keçirmək məqsədilə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabirabad rayon şöbəsində olan tanışlarının vasitəsilə onun oğlunu müddətli həqiqi hərbi xidmətdən saxladacağını vəd edib. O, zərərçəkmiş şəxsin özünün vasitəçiliyi ilə bilə-bilə qanunsuz hərəkətlərə görə vəzifəli şəxsə rüşvət verməyə təhrik edib.

 

Belə ki, təqsirləndirilən şəxs həmin məsələnin müsbət həlli üçün vahid niyyətlə 2021-ci ildə ümumilikdə Nizami Əliyevə 3200 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq edib.

 

Bundan başqa, o, 19 iyul 2022-ci il tarixdə Azərbaycan Baş Prokurorluğuna yazdığı şikayət ərizəsində, eləcə də həmin ərizə üzrə Sabirabad Rayon Prokurorluğunda verdiyi 26 iyul 2022-ci il tarixli izahatında və 19 avqust 2022-ci il tarixli ifadəsində həmkəndlisi Nizami Əliyevin oğlunu müddətli həqiqi hərbi xidmətdən saxlatdıracağı adı ilə aldadıb dələduzluq yolu ilə ələ keçirdiyi 3200 manat məbləğində pul vəsaitinə, guya ki, öz şəxsi vəsaiti hesabına 800 manat pul da əlavə etməklə, ümumilikdə 4000 manat məbləğində pulu 2021-ci ilin oktyabr ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış Dövlət Xidmətinin Sabirabad rayon şöbəsinin inzibati binasında şöbənin sabiq müfəttişi, zərərçəkmiş Məhəbbət Qasımova (şərti) verdiyini bildirib. O, həmin şəxsi ağır cinayət törətməkdə ittiham olunması ilə bağlı cinayət edilməsi haqqında bilə-bilə yalan xəbərçilik edib.

 

Kamal Məmmədov

Tarix: 2 İyun 2023, 08:57   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin