BURADA REKLAMINIZ OLA
BİLƏR

Tahir Rzayev: “Büdcə gəlirləri inkişafımıza istiqamətləndirilir”

“Azərbaycan Respublikasının 2023 - cü il dövlət büdcəsi haqqında Azərbaycan Respublikasının Qanununda edilmiş dəyişikliklər bir daha göstərir ki, iqtisadiyyatımız davamlı və inkişafdadır. Əlbəttə bu, dövlətimizin rəhbəri cənab İlham Əliyevin düşünülmüş iqtisadi siyasətinin nəticəsi olmaqla, hökumətin, müvafiq orqanların büdcə sisteminin formalaşdırılması sahəsində həyata keçirdikləri birgə səmərəli tədbirlərin göstəricisidir.        Dünyada baş verən iqtisadi çətinliklər, geosiyasi gərginliklər, inflyasiyanın yüksəlişi zəminində ölkədə iqtisadi artımın əldə edilməsi müsbət dəyərləndirilməlidir və bu bilavasitə gələcək uğurlara imkan yaradacaqdır. 2023 - cü ilin üç ayı ərzində əvvəlki ilin eyni dövrü ilə müqayisədə Ümumi Daxili Məhsulun, dövlət büdcəsi gəlirinin artımı müsbət haldır. Xüsusilə qeyri - neft sektorunda büdcə gəlirləri payının artması nikbinlik yaradır”.

 

Pravda.az-ın xəbərinə görə, bunu deputat Tahir Rzayev bildirib.

 

“Mövcud reallıqlar - böyük dövlətlər arasında iqtisadi əlaqələrin zəiflədiyi, müharibələrin baş alıb getdiyi, ixracın, idxalın çətinləşdiyi, bir çox ölkələrin iqtisadi - siyasi böhran şəraitində yaşadığı bir dövrdə Azərbaycan iqtisadiyyatının dayanaqlı, dinamik inkişafda və rəqabətə davamlı olması təqdirəlayiqdir. Bu il dövlət büdcəsinə 3 milyard manatdan artıq əlavə vəsaitin daxil olacağı ilə bağlı proqnozlar reallığa əsaslanır. Bu gün ölkənin müdafiə qabiliyyətinin möhkəmləndirilməsi və təhlükəsizliyin  gücləndirilməsi qarşıda duran birinci dərəcəli vəzifədir. Vəzifənin aktuallığı və bu sahədə dövlətimizin rəhbərinin gördüyü tədbirlər 44 günlük müharibədə özünü göstərdi və sözünü dedi.       Hər bir vətəndaş öz ordusunu daha güclü, sərhədlərini daha təhlükəsiz, özünü və torpağını azad görmək arzusundadır. Ölkənin müdafiə qabiliyyətinin  və milli təhlükəsizliyinin gücləndirilməsi üçün  1.105,0 milyon manat əlavə vəsait ayrılması hər bir kəsin ürəyindəndir. İndi işğaldan azad olunmuş ərazilərdə Böyük Qayıdış Proqramının uğurla yerinə yetirilməsi, görülən möhtəşəm işlər, Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması və sakinlərin öz ata - baba yurdlarına daha tez qayıdışı hər bir azərbaycanlını ciddi düşündürür. Büdcədən bu məqsədlə nə qədər çox vəsait ayrılsa yenə də azdır. Çünki tikinti - abadlıq - bərpa işlərinin həcmi çox böyükdür. Ərazilərin bərpası məqsədi ilə 2260,0 milyon manat əlavə vəsait ayrılmasını təqdirəlayiq hal hesab edirəm. İnsanların müdafiəsi işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən tədbirlər abadlıq, yenidənqurma, bərpa işləri, yeni məktəblərin, xəstəxanaların, uşaq bağçalarının, sosial obyektlərin tikilməsi sosial məsələlərdir, insanların sosial  - rifah halının yaxşılaşdırılması üçündür. Büdcə gəlirləri artımının bu istiqamətlərə yönəldilməsi sosial yönümlülük prinsipinə əməl olunması, insanlara qayğı və diqqətin ifadəsidir. Digər sahələrə ayrılan vəsaitlər də gələcək inkişafımıza, xarici əlaqələrimizin, əməkdaşlığın möhkəmləndirilməsi xidmət edir. Bu da beynəlxalq aləmdə dövlətimizin nüfuzunun yüksəldilməsi üçün vacibdir. Sahibkarlığın inkişafı üçün ayrılan əlavə vəsait dövlət proqramında nəzərdə tutulan tapşırıqların yerinə yetirilməsinə əsaslanır və əhəmiyyətlidir”, - T.Rzayev qeyd edib.

Tarix: 6 İyun 2023, 17:27   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin