BURADA REKLAMINIZ OLA
BİLƏR

Məhkəmə 2 nəfərin ölümünə səbəb olan gənc sürücü ilə bağlı qərar çıxardı

Gəndob-Yalama yolunun Şabranın Ağalıq kəndi ərazisindən keçən hissəsində “Volvo” markalı TIR-la dəhşətli qəza törədən Rusiya vətəndaşı, 2000-ci il təvəllüdlü Azizov Abduljalil Elbrusoviçin barəsindəki hökmdən verilən apellyasiya şikayətinə baxılıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi Azər İsmayılovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, onun apellyasiya şikayəti təmin edilməyib.

 

Qeyd: A.Azizova qarşı Cinayət Məcəlləsinin 263.3-cü (2 və ya daha artıq şəxsin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətmə) maddəsi ilə ittiham elan olunub.

 

Məhkəmədə A.Azizov deyib ki, hadisədən bir neçə saniyə əvvəl idarə etdiyi yük maşınının qarşısına it çıxıb.

 

Bu səbəbdən qarşıdan gələn Gəndob istiqamətində hərəkətdə olan 1960-cı il təvəllüdlü Əfəndiyev Zəbişah Əbdülhəqq oğlunun idarə etdiyi “VAZ 21061, 1985-ci il təvəllüdlü Paşayev Cəbrayıl Elşad oğlunun idarə etdiyi “Opel Vectra” və 1987-ci il təvəllüdlü Nuriyev Tural Əjdər oğlunun idarə etdiyi “VAZ 211440” avtomobillərlə toqquşub və yük avtomobili yolun sol kənarına çıxaraq aşıb.

 

Qəza nəticəsində “VAZ 211440” markalı nəqliyyat vasitəsində olan sərnişinlər 1960-cı il təvəllüdlü Babayev Əli Hacıbaba oğlu və onun həyat yoldaşı 1960-cı il təvəllüdlü Babayeva Səlminaz Xudat qızı, eləcə də “VAZ 21061” markalı nəqliyyat vasitəsində olan sərnişin 2014-cü il təvəllüdlü Quliyeva Həqiqət Kamil qızı ölüb, sürücülərsə ağır xəsarət alıblar.

 

Sürücü Azizov Abduljalil Elbrusoviç deyib ki, hadisə zamanı qəzanın baş verdiyi yerdən qaçmayıb: “Orada məni bir neçə nəfər “Toyota” markalı avtomobilə oturtdu. Onlar mənə dedilər ki, hadisə yerinə qəzaya düşən maşınlarda ölən şəxslərin yaxınları gəlib məni döyə bilərlər, ona görə sakitcə orada polislərin gəlməsini gözləyim”.

 

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 6 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

 

Kamal Məmmədov

Tarix: 7 İyun 2023, 10:24   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin