BURADA REKLAMINIZ OLA
BİLƏR

BDU-nun tələbəsinin ölümündə günahlandırılan komendantla bağlı QƏRAR

Ali Məhkəmədə Bakı Dövlət Universitetinin (BDU) tələbəsinin ölümünə səbəb olmaqda təqsirləndirilən universitetinin 2 saylı yataqxananın komendantı olmuş və tələbə şəhərciyinin direktoru vəzifəsini icra etmiş Pərvaz Əsgərovun barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası davam etdirilib.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, Nazim Mövsümovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Bildirilib ki, Pərvaz Əsgərov kassasiya şikayətinin geri götürülməsi ilə bağlı məhkəməyə müraciət edib. 

 

Ali Məhkəmə onun müraciətini təmin edib.

 

Yasamal Rayon Məhkəməsinin hökmü ilə P.Əsgərov 3 il müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq taxma) cəzasına məhkum edilib. Bundan başqa, zərərçəkmiş şəxslərin mülki iddiası qismən təmin olunub.

 

Belə ki, zərərçəkmiş şəxslərin hər birinə maddi ziyana görə min manat, mənəvi ziyana görə isə 3 min manat, ümumilikdə 4 min məbləğində pul vəsaitinin BDU-dan tutularaq verilməsi qərarı çıxarılıb.

 

Hökmlə razı olmayan təqsirləndirilən şəxs P.Əsgərov, mülki cavabdeh BDU və zərərçəkən şəxslər apelyasiya şikayəti verib. Bakı Apelyasiya Məhkəməsinin hökmünə əsasən, P.Əsgərovun cəzası 1 il azaldılıb və onun barəsində qəti olaraq 2 il azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.

 

Mülki cavabdeh kimi tanınan BDU-nun şikayəti isə qismən təmin edilib. Belə ki, maddi ziyana görə min manat pulun verilməsi hissəsi qərardan çıxarılıb. Zərərçəkənlərə mənəvi zərərə görə 3 min manat məbləğində pul vəsaitinin BDU-dan tutularaq zərərçəkənlərə verilməsi qərarı çıxarılıb.

 

Hökmün qalan hissəsi isə dəyişdirilmədən saxlanılıb.

 

Qeyd: 2019-cu il noyabrın 21-də BDU-nun 2 saylı yataqxanasında universitetin tələbələri – 1999-cu il təvəllüdlü Şəkər Xasmətovanın zəhərlənərək vəfat etməsi, 1998-ci il təvəllüdlü Dilrubə Quliyeva və Həmidə İbadovanın isə zəhərlənərək həyat üçün təhlükəli olan ağır zərər vurmaya aid xəsarət almaları faktı ilə bağlı Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmaqla Baş Prokurorluğun İstintaq İdarəsində istintaq aparılıb.

 

İstintaqla yataqxananın komendantı və tələbə şəhərciyinin direktoru vəzifəsini icra edən P.Əsgərovun işinə və xidməti vəzifəsinə vicdansız və laqeyd münasibət bəslədiyi, vəzifəsini yerinə yetirməyərək yataqxananın birinci mərtəbəsində yerləşən ümumi hamam otağında özbaşına axar su qızdırıcılarının və onlara birləşdirilmiş tüstü bacalarının düzgün quraşdırılmasını, onlara müvafiq texniki xidmət göstərilməsini təmin etməyərək ehtiyatsızlıqdan iki nəfərin ağır zərər vurmaya aid xəsarət almalarına, bir nəfərin isə ölümünə səbəb olmasına əsaslı şübhələr müəyyən edilib.

 

P.Əsgərova Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona ittiham elan edilib və barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmişdi.

 

Kamal Məmmədov

Tarix: 8 İyun 2023, 08:20   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin