BURADA REKLAMINIZ OLA
BİLƏR

Yay aylarında günəş, hovuz və dəniz suyundan keçən bu infeksiyalardan uşaqları qoruyun - DİQQƏT

“Havaların istiləşməsi və məktəblərin bağlanması ilə tətil mövsümü başlayır. Uşaqlar daha çox parkda, dənizdə və hovuzda vaxt keçirir, qidalanma vərdişləri dəyişir.  Bu da yaz xəstəliklərinin yaranmasına səbəb ola bilir. Yay aylarında uşaqlarda daha çox görülən xəstəliklər  günəş yanıqları, günvurma, ishal, səpgi, milçək və həşərat dişləmələri, hovuz suyundan keçən göz, qulaq infeksiyaları, sidik yollarının infeksiyaları və dəri infeksiyalarıdır”.

 

Bu sözləri Pravda.az-a müsahibəsində pediatr-infeksionist Aytən Ziyadova deyib.

Referans Klinik Laboratoriya Mərkəzi - Dr.Aytən Ziyadova

Həkim bildirib ki, yay aylarında günəş şüalarından ehtiyatlı olmaq lazımdır: “Günəş D vitamininin əsas mənbəyidir və uşaqlarda sümük inkişafı üçün çox vacibdir. Ancaq yayda günəş zərərlidir. Mümkünsə, xüsusilə günəş şüalarının ən kəskin olduğu saatlar olan 11.00-15.00 arası uşaqlarımızı çölə çıxarmamalıyıq.  Çölə çıxmazdan yarım saat əvvəl ən azı 30, lazımdırsa, 50 faktorlu günəş kremindən istifadə edilməlidir. Uşaqlar üçün 6-cı aydan etibarən günəşdən qoruyucu vasitələrdən istifadə etmək olar.  Çölə çıxarkən yay üçün papaq, eynək kimi günəşdən qoruyan aksesuarlardan istifadə edilməlidir”.

 

A.Ziyadovanın sözlərinə görə, 6 aydan kiçik körpələr çölə çıxarkən kölgədə saxlanmalı, onlara günəşdən qoruyan uzun və qalın olmayan paltarlar geyindirilməli, papaq taxılmalıdır: “Günəş yanıqları adətən qızartı ilə başlayır. Günəşdə qalma müddəti artdıqca dərinin alt qatlarında maye ilə dolu qabarcıqlara səbəb olan yanıqlar meydana gələ bilər. Əgər günəş yanığı əmələ gəlibsə, soyuq və nəm kompreslər tətbiq olunmalıdır. Yanıqla əlaqəli ağrı varsa, “Parasetamol” verilməlidir. Dəridə qaşıntı varsa, bunu aradan qaldırmaq üçün anti-histaminiklərdən istifadə edilə bilər. Günəş vurmasından qorunmaq üçün kifayət qədər maye qəbul etmək çox vacibdir.  Uşaqlar su, meyvə suyu və ayran kimi içkiləri, bostan qarpızı kimi yay meyvələrini bol-bol istehlak etməlidirlər. Günvurma zamanı uşağın maye qəbulu yaxşı deyilsə və ya qusma varsa, sağlamlıq müəssisəsinə müraciət edilməlidir.  Ümumiyyətlə, yayda qida və içkilərdə ehtiyatlı olmaq məsləhətdir”.

 

Həkim bildirib ki, diareya, yəni ishal uşaqlarda həddindən artıq maye itkisi ilə ağır simptomlara səbəb ola bilər: “Xüsusilə kiçik körpələrdə bu, daha ağır ola bilər və çox ciddi qəbul edilməlidir. Uşaqlarda ishal artdıqda ən əhəmiyyətli müalicə bədəndə itirilən mayenin ağızla əvəz edilməsidir. İshal uzun müddətdirsə, ağızdan maye qəbulu kifayət deyilsə, qusma və ya digər əlavə hallar varsa, həkimə müraciət edilməlidir. İshalın qarşısını almaq üçün çöldə satılan, uzun müddət istidə gözləyən, təmiz su ilə yuyulmayan, təhlükəli qidalardan uzaq durmaq lazımdır. Qablaşdırılmış məhsullara üstünlük verilməlidir”.

 

A.Ziyadova məsləhət görüb ki, uşaqlara əl yuma vərdişi öyrədilsin: “Yay aylarında evdə hazırlanan yeməklər açıq yerdə çox gözləmədən istehlak edilməli və ya soyuducuda saxlanmalıdır.  İçməli su təmiz olmalıdır.  İsti aylarda qidalanma vərdişlərinin dəyişməsi və maye qəbulunun olmaması səbəbindən təkcə ishal deyil, qəbizlik də olur.  Ən çox boyun, gövdə, qoltuqaltı, qasıq nahiyələrində tərləmə müşahidə edilir. Bunun qarşısını almağın ən yaxşı yolu ilıq təmiz su ilə yuyunmaqdır.  Dəriyə yapışmayan, enli, pambıqdan olan geyimlərə üstünlük verilməlidir”.

 

O bildirib ki, yay aylarında milçək və həşərat dişləmələri də çox olur: “Ağcaqanad torları xüsusilə körpələr üçün isti yerlərdə istirahət edərkən istifadə edilə bilər.  Körpələrin qol və ayaqlarını örtən nazik paltarlara üstünlük verilməlidir. Güclü səpgi və şiddətli qaşınma zamanı həkimə müraciət edilməlidir. Bir daha vurğulayırıq, hovuz suyu infeksiya mənbəyi ola bilər.  Hovuzların təmizlənməsi xlordan istifadə etməklə həyata keçirilir. Bununla belə, bəzi yoluxucu infeksiyalar hətta xlorlu hovuzlarda da insana keçə bilər. Məsələn, qulaq infeksiyaları natəmiz hovuzlarda keçən göbələklər, bakteriya və viruslar nəticəsində yaranır.  Xarici qulaq kanalında şiddətli ağrı, axıntı və qaşınma ola bilər. Xarici qulaq infeksiyası artarsa, həkimə müraciət etmək lazımdır. Hovuzda və ya dənizdə çimərkən suyun qulağa daxil olmasının qarşısını almaq üçün qulaq tıxaclarından istifadə etmək olar. Sidik yolları infeksiyaları isə xüsusilə qızlarda daha çox olur. Bu, ızdırma, qusma, qarın ağrısı, sidiyə çıxanda ağrı, tez-tez sidiyə getmə, sidik qaçırma kimi əlamətlərə səbəb ola bilər. Sidik yolları infeksiyaları nəticəsində gələcəkdə ciddi fəsadların qarşısını almaq üçün erkən diaqnoz çox vacibdir. Sidik yollarının infeksiyasının qarşısını almaq üçün dənizdə və hovuzda çimdikdən sonra duş qəbul etmək lazımdır”.

 

A.Ziyadova bildirib ki, ümumiyyətlə, dənizdən və hovuzdan çıxdıqdan sonra yaş çimərlik paltarı mütləq qurusu ilə əvəz olunmalıdır: “Hovuzdan keçən digər xəstəlik isə “konyunktivit” adlanan göz infeksiyalarıdır. Gözlərdə qızartı, yığılma, axıntı və sulanma müşahidə olunur. Belə halda mütləq həkimlə məsləhətləşmək lazımdır. Bu infeksiyanın müalicəsində anti-biotik göz damcılarından istifadə edilməlidir. Xlorlu su da göz qıcıqlanmasına səbəb ola bilər. “Konyunktivit”dən qorunmaq üçün hovuzdan çıxarkən mütləq duş qəbul etməli, hovuza girərkən hovuz eynəklərini taxmalısınız. Kontakt linza taxan uşaqlar hovuza girərkən linzalarını çıxarmalıdırlar”.

 

Aytəkin Qardaşova

Tarix: 8 İyun 2023, 13:25   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin