BURADA REKLAMINIZ OLA
BİLƏR

Xəzər Dəniz Gəmiçiliyi müharibə iştirakçısının müraciətinə niyə cavab vermir?

Vətən müharibəsi iştirakçısı Məmmədov Samran Rəffaq oğlu Publika.az-a şikayət məktubu ünvanlayıb. O bildirir ki, uzun müddətdir ixtisası üzrə iş tapa bilmir.

 

Samran Məmmədov 2018-ci ildə Azərbaycan Dövlət Dəniz Akademiyasının Azərbaycan Dənizçilik Kollecindən “Gəmilərin təmiri” ixtisası üzrə məzun olub. Dəfələrlə aidiyyəti qurumlara müraciət etməsinə baxmayaraq, onun üçün iş tapmaq müşkülə çevrilib.

 

Hazırda çətin durumda olan Məmmədov “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə bir neçə dəfə müraciət edib. Lakin onun müraciətinə baxılmadığını söyləyir.

 

Samran Məmmədov 44 günlük Vətən müharibəsində “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.

Vətən müharibəsində iştirak edən gənclərin məşğulluq məsələləri, peşə qabiliyyətinin təkmilləşdirilməsi ölkə rəhbərinin də diqqətindədir.

 

Prezident İlham Əliyev 2022-ci il fevralın 18-də yeni təyin olunan icra başçılarını qəbul edərkən Vətən müharibəsi iştirakçılarının məşğulluğu məsələsinə toxunub. Dövlət başçısı bəyan edib ki, onların peşə qabiliyyətinin təkmilləşdirilməsi üçün müxtəlif tədbirlər görülməlidir:

 

“Mənim tərəfimdən sahibkarlara tövsiyə edilib ki, işə qəbulda, ilk növbədə, Vətən müharibəsində fərqlənmiş gənclərimizi nəzərə alsınlar. Əlbəttə ki, dövlət qurumları qarşısında bu vəzifəni mən qoymuşam. Siz də bu amili nəzərə almalısınız ki, öz canını fəda etməyə hazır olan gənclərimiz işlə təmin edilsin. Onların peşə qabiliyyətinin təkmilləşdirilməsi üçün müxtəlif tədbirlər görülməlidir. Yəni, biz onları gələcək fəaliyyətə hazırlamalıyıq. Bir daha qeyd etmək istəyirəm ki, kadr məsələlərinin düzgün təşkilində əsas prinsiplər, bax, dediyim iş qabiliyyəti, vətənpərvərlik və dövlətçilik əsasları olmalıdır”, - dövlət başçısı qeyd edib.

Maraqlıdır, Vətən müharibəsi iştirakçısının məhz ixtisası ilə bağlı aidiyyəti qurum olan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nə müraciəti hansı səbəbdən cavabsız qalıb? İşə ehtiyacı olan, sosial durumu çox ağır olan müharibə iştirakçısının müraciətinin cavablandırılmamasının xüsusi səbəbi varmı?

 

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-dən Publika.az-ın sorğusuna cavab olaraq bildirildi ki, Samran Məmmədovun müraciəti qeydə alınıb və hazırda baxılır:

 

“Vətən müharibəsi iştirakçısı Məmmədov Samran Rəffaq oğlunun ASCO-ya müraciəti də aidiyyətı üzrə qeydə alınıb. Onun müraciətinə baxıldıqdan sonra müvafiq qaydada cavablandırılacaq.

 

Məlumat üçün bildirək ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də (ASCO) Vətən müharibəsi iştirakçılarına hər zaman həssaslıqla yanaşılır. İndiyədək 114 nəfər Vətən müharibəsi iştirakçısı ASCO-da işlə təmin olunub. Bundan başqa, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin başlatdığı “Məşğulluq Marafonu” çərçivəsində 7 nəfər müharibə iştirakçısı ASCO-da işə qəbul edilib.

 

ASCO-da şəhid ailə üzvləri və Vətən müharibəsi iştirakçıları ilə iş üzrə Komissiya fəaliyyət göstərir. Komissiyanın yaradılmasında məqsəd bu kateqoriyadan olan vətəndaşlarımızın dəstəklənməsi, habelə onların sosial rifah halının yaxşılaşdırılmasının daha səmərəli təşkilindən ibarətdir”.

Tarix: 8 İyun 2023, 16:44   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin