BURADA REKLAMINIZ OLA
BİLƏR

“Diqlas”ın xarabalığa çevrilən ərazisi niyə hələ də boşdur? - Aidiyyatı qurumlar susur

Vaxtilə Bakının Nizami rayonu 8-ci kilometr qəsəbəsində yerləşən “Diqlas” ticarət mərkəzi 2019-cu il martın 26-da yanğın nəticəsində yararsız hala düşmüşdü. Elə həmin ilin avqust ayında “Diqlas”dan geridə qalan beton divarlar da sökülüb, ərazisi isə o vaxtdan bu günədək hasarlanıb. Ticarət mərkəzinin yerində  hələ də heç bir obyekt tikilməyib.

 

Pravda.az xəbər verir ki, xeyli sayda sahibkarın ziyan gördüyü hadisədən bir müddət sonra - 2020-ci ilin əvvəlində sözügedən ərazidə yaşayış binası, supermarket tikiləcəyi ilə bağlı söyləntilər var idi. Lakin bu məlumat da təsdiqini tapmadı.

 

Aydındır ki, şəxsi mülkiyyət olduğu üçün aidiyyatı qurumlar əraziyə toxuna bilmirlər. Axı sahibkarın könlü heç nə tikmək istəmirsə, o deməkdir ki, şəhərin mərkəzində geniş bir ərazi hasarlı, yararsız halda qalmalıdır? Bu ərazi dövlət tərəfindən müsadirə oluna, yaxud satın alına bilməzmi?

 

Şəhərin görünüşünə xələl gətirən hasarlanmış, zibil basmış ərazi həm də piyadaların yolunu işğal edir.

 

Bu illər ərzində Dövlət Şəhərsalma və Arxitektura Komitəsi məsələ ilə bağlı mətbuata verdiyi açıqlamalarda yalnız bunu deyib: ““Diqlas”ın yerində hansısa tikinti işlərinin aparılması ilə bağlı Komitəyə rəsmi müraciət daxil olmayıb”. Bu gedişlə müraciət daxil olacağı da müşkül görünür.

 

Paytaxtın mərkəzində, iri iaşə obyektlərinin yerləşdiyi, insanların sıx olduğu ərazidə belə bir “xarabalıq” nə üçün qalmalıdır? Sahibkarın nəsə tikmək imkanı yoxdursa, ən azından ərazidə uşaqlar üçün park, yaxud yaşıllıq sala bilər. 

 

Dörd ildir, “şəxsi mülkiyyət” deyib keçməklə məsələ həllini tapmayıbsa, artıq Bakı Şəhər İcra Hakimiyyəti aidiyyatı üzrə müdaxilə etməlidir.

 

Aytəkin Qardaşova

Tarix: 9 İyun 2023, 13:27   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin