BURADA REKLAMINIZ OLA
BİLƏR

Günəş yanığı üçün nə faydalıdır?

Günəş yanığı dərinin güclü günəş işığına məruz qalması nəticəsində yaranan təsirlənmiş nahiyənin kəskin iltihabı vəziyyətidir. Dərisinin rəngi açıq olan şəxslər və uşaqlar yanıq riski altındadır. Bu şəxslər günəş yanığına qarşı daha çox həssasdırlar. Günəş yanığı dərinin çox hissəsini əhatə edərsə, insan həyatı üçün təhlükəli vəziyyət yarada bilər. Bu səbəbdən dərisinin rəngi açıq olan şəxslər və uşaqlar günəşə çıxarkən papaq və günəş eynəyi kimi qoruyucu aksessuarlardan istifadə etməli və günəşin zərərli şüaları əleyhinə olan qoruyucu kremlərdən istifadə  etməlidirlər.

 

Yüngül günəş yanığı yalnız qızartıya səbəb olduğu halda, ağır yanıqlar isə çapıqlara səbəb ola bilər. Günəş yanığına solarium kimi süni işıq da səbəb ola bilər. Yanıq nəticəsində yaranan zərər ilk növbədə epidermisə, yəni dərinin ən üst qatına təsir edir. Bununla belə, zədələnmə və iltihab epidermisin altındakı təbəqədə də baş verə bilər. Təkrarlanan günəş yanığı halları dərinin daha sürətli qocalmasına səbəb olur və nəticədə dəri xərçənginə gətirib çıxarır.

 

Günəş yanığının əlamətləri hansılardır?

 

Günəş yanığının tipik əlaməti qızarmış dəridir. Bundan əlavə, dəridə bir az şişkinlik və qaşıntı da ola bilər. Şiddətli yanıqlarda dəridə suluqlar da ola bilər. Şiddətli ağrı və ya şişkinlik varsa, dərhal həkimə müraciət etmək lazımdır. Günəş yanığı aşağıdakı simptomlardan hər hansı biri ilə müşayiət olunarsa, mümkün qədər tez hər hansı bir tibb məntəqəsinə getmək vacibdir:

 

- Ürəkbulanma və qusma

- Baş ağrısı

- Qızdırma

- Titrəmə

- Boyun tutulması

 

Körpələr və ya kiçik uşaqlar günəş yanığına məruz qalıblarsa, bu halda da həkimə müraciət edilməlidir.

 

Günəş yanığı üçün nə faydalıdır?

 

Günəş yanığı zamanı dərinin kifayət qədər soyudulması vacibdir. Dəriyə soyuq nəsə sürtmək ağrıları aradan qaldırır və iltihabın qarşısını alır. Ancaq buz kubları kimi həddindən artıq soyuq olan vasitə ilə müalicə uyğun deyil. Soyuq suya batırılmış dəsmaldan istifadə etmək kifayətdir. Soyuq kompres tətbiqi ən azı yarım saat, ən çoxu isə yanıq nahiyəsində ağrılar yox olana qədər davam etdirilməlidir. Bundan əlavə bol maye qəbulu vacibdir. Çünki günəş yanığı baş verərkən dəridən çox miqdarda maye itirilir.

 

Evdə günəş yanığı üçün xalq arasında tətbiq olunan yanmış dəriyə soyuq qatıq sürtmək yalnız soyuq olduğu üçün ağrıları yüngülləşdirə bilər, ancaq dəridə yanıq nəticəsində yaranan iltihaba müalicəvi təsir göstərmir. Süd məhsullarının tərkibindəki bakteriyalar infeksiyaya səbəb ola bildiyi üçün qatıq və pendir kimi qidaları dəriyə sürtməkdən çəkinmək lazımdır. Dəriyə diş məcunu sürtmək faydadan çox zərər verəcək bir tətbiq olduğu üçün heç vaxt edilməməsi lazım olan bir tətbiqdir.

 

Tərkibində çobanyastığı və ya aloe vera olan məhsullar iltihab əleyhinə xüsusiyyətlərinə görə yanmış nahiyəyə tətbiq olunarsa, sağalmanı sürətləndirir. Dəriyə hər hansı bir məlhəm və ya krem sürməzdən əvvəl, onun tərkibində olan hər hansı bir qatqıya allergiyanız olub-olmadığını yoxlayın. Bunun üçün dərinin kiçik bir hissəsinə həmin məlhəm və ya kremdən tətbiq etməklə sınaqdan keçirə bilərsiz. Gündə bir neçə dəfə yanmış nahiyələrə nəmləndirici gel və losyonların tətbiqi maye itkisini minimuma endirməyə kömək edir.

 

Xəyal

Tarix: 12 İyun 2023, 17:26   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin