BURADA REKLAMINIZ OLA
BİLƏR

Əkrəm Həsənov: “Lenin baba yolunda” şeirini ucadan dəfələrlə təkrarlayaraq ona pərəstiş etmişəm

Bu gün onun 150 illiyidir. 80-ci illərədək doğulmuş hər bir vətəndaşımızın bütü! Hamı kimi mən də uşaqlıqda “Lenin baba yolunda” şeirini ucadan dəfələrlə təkrarlayaraq ona pərəstiş etmişəm, oktyabrat, pioner olmuşam (komsomola çatmadım). İndiyədək üzvü olduğum yeganə birlik məhz onun adını daşımış pioner təşkilatı olub. Uşaqlığımın ən xoşbəxt anlarından biri 9 yaşında onun cəsədi görmək olub.

 

20 yanvardan sonra isə pioner qalstukumu cırıb onu lənətləmişəm. Xalqımın bəlalarının əsas səbəbkarı kimi onu görmüşəm. Oxuduğum orta məktəbdə onun iri şəklini 9-cu sinifdə oxuyanda faktiki mən çıxartdırmışam!

İndi isə ona münasibətim bir qədər yumşalıb. Bütün mənfiləri ilə yanaşı etiraf edirəm ki, tarixin ən dahi və uğurlu mütəfəkkiri, liderlərindən biri olub. Əzmkarlığı nəticəsidə tarixdə misli görünməmiş eksperimental dövlət qurub! Həmin dövlət əhalisinin başına oyun açsa da, bəşər tarixinə müsbət təsir göstərib. Məhz SSRİ-nin mövcudluğu digər ölkələri sosial dövlət modelinə keçməyə, insanların sosial hüquqlarını təmin etməyə məcbur edib, kapitalizmi daha humanist olmağa vadar edib.

 

O, əqidəli olub. Nə edibsə, özü üçün, ailəsi üçün deyil, inandığı ideya uğrunda edib. Oğru olmayıb. Nə qədər təəccüblü olsa da, səmimi inanıb ki, insanların bir hissəsini əzib qıraraq, bəşəriyyəti xoşbəxt, ağ günə çıxaracaq.

Hətta Azərbaycana da xeyli zərəri dəysə də, müsbəti də olub. Məsələn, məhz o inad edib ki, SSRİ federal dövlət olsun. Belə olmasaydı, Azərbaycan formal da olsa müstəqil respublika kimi SSRİ-nin deyil, muxtar respublika kimi Rusiyanın tərkibinə qatılacaqdı. Tarix göstərdi ki, Rusiyanın tərkibinə qatılmış Tatarstan, Çeçenistan və s. müstəqil ola bilmədilər. Məhz onun qurduğu dövlət xalqımıza təhsil verib, XX əsrdə bəlkə də biz müsəlman dünyasının ən savadlı xalqı idik... Məhz onun dəstəyi Atatürkün qurduğu Türkiyə Cümhuriyyətinin ayaqda qalmasının əsas səbəblərindən biri olub...

 

Haqqında yazmaq fikrim yox idi. Çünki onun mənfiləri və müsbətləri mənim üçün hazırda əhəmiyyət kəsb etmir. Sırf ideya baxımdan deyil, hətta mahiyyətcə də mənim adamım deyil. Çünki dağıdıcı olub. Mən isə əqidəsindən asılı olmayaraq qurucu insanlara meylliyəm. Bu baxımdan, məsələn, Stalin mənə daha yaxındır.

 

Lakin məhz indi o, aktualdır. Çünki onun mübarizə apardığı kapitalizm növbəti dərin böhrana qərq olub. Koronavirus böhranı göstərdi ki, dövlətlərin 100 il ərzində apardığı sosial siyasət istənilən nəticəni vermədi. Sosial ədalətsizlik mövzusu, siniflər, kasıb və varlılar arasındakı qarşıdurma əvvəlki tək aktualdır.

 

Ən əsası isə bəlli oldu ki, əksər insanlar üçün hansısa ideal hüquqlar və azadlıqlar, liberal demokratiya və s. ikincidərəcəli məsələlərdir. İnsanların çoxuna azadlıq yox, çörək pulu, işli sabaha əminlik və kasıb bərabərlik lazımdır! Nəinki 80-ci, hətta 90-cı və 2000-ci illərdə doğulmuş və heç vaxt ona pərəstiş etməmiş, əsasən heç onu tanımayanlar belə hazırda onun sözləri ilə danışır (“Dövlət bunu etməlidir, onu təmin etməlidir! Varlılardan alaq kasıblara paylayaq!” və s.). Sanki “Lenin yaşayıb, yaşayır, yaşayacaq!” şüarı yenidən dirçəlib.

 

Deməli, onun kimisi yenə peyda olsa, əksəriyyət onun arxasınca gedəcək. Qorxulu olan da məhz budur! Deməli, bəşəriyyət düzgün nəticələr çıxara bilməyib, səhv yolla gedir. Amma bu o demək deyil ki, düzgün yol onun yoludur. Bəs düzgün yol hansıdır? Qarşıdakı çox ağır, böyük sarsıntılı illər deyil, onilliklər göstərəcək...

 

Əkrəm Həsənov

 

Vəkil

Fotoları təqdim edirik
Tarix: 22 Aprel 2020, 09:49   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin