BURADA REKLAMINIZ OLA
BİLƏR

Qurban bayramında bunlara diqqət edilməli: Hansı heyvanları qurban kəsə bilərik? - AÇIQLAMA

Müsəlmanların müqəddəs bayramlarından sayılan Qurban bayramına sayılı günlər qalıb. Xəbər verdiyimiz kimi, artıq Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi Qurban bayramı günlərində 138 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətlərinin təşkil olunacağını açıqlayıb. Bu ərəfədə insanlar daha çox “hansı növ heyvanları kəsmək olar?”, “qəssab daha çox nələrə əməl etməlidir?” kimi sualları müzakirə edirlər. Qurban Allah tərəfindən İbrahim peyğəmbərə buyurulmuş, böyük Hәcc ayı olan Zilhiccənin onuncu, yəni bayram günündә, bayram namazından sonra kəsilən heyvana deyilir. İslam alimlərinin rəyinə görə, Qurban kəsən şəxs kəsdiyi heyvanın hər tükünə görə savab qazanır. Onun kəsdiyi qurbanlıq heyvanda isə heç bir eyib olmamalıdır. Bir gözü kor, ayağı axsaq, arıq, halsız, xəstə, buynuzu dibindən sınmış və ya qulağı dibindən kəsilmiş heyvanların Allah üçün qurban kəsilməsi bəyənilmir. Bildirilir ki, bayram namazından sonra bayramın dördüncü günü məğrib namazına qədər qurbanların kәsilməsi icazəlidir. Qurbanlıq heyvanı kəsən biri Zilhiccə ayının birinci günündən etibarən saçını və dırnaqlarını kəsməməlidir.

 

Mövzu ilə bağlı Pravda.az-a açıqlama verən ilahiyyatçı Elşad Miri bildirib ki, İslamda Ramazan bayramı ilə oxşar olaraq Qurban bayramında da  bölüşmək, paylaşmaq, bayramı birlikdə qeyd etmək anlayışı var.

““Quran”da “Həcc” surəsinin 37-ci ayəsində bildirilib ki, kəsdiyiniz heyvanların nə əti, nə də qanı Allaha çatır, Allaha çatan ancaq sizin Ona qarşı məsuliyyətli olmağınızdır. Qurban bayramı anlayışı, sadəcə, bir bayramlaşmadır. Ona görə buradakı əsas məqsəd ət yemək yox, həqiqətən başqaları ilə bölüşmək, ictimai yardımlaşmadır. “Ənam” deyilən anlayış da var. Yəni Qurban bayramında ev heyvanları kimi nəzərdə tutulan heyvanların - qoyundan, keçidən, inəkdən, dəvədən qurban kəsilməsi nəzərdə tutulur. Bu heyvanları kəsib paylayırlar. Paylayarkən insanlar özləri bilirlər ki, ətin nə qədərini paylayacaqlar, nə qədərini özlərində saxlayacaqlar. Ətin çox hissəsini paylamaq daha məqsədəuyğundur, gözəldir. Eyni zamanda baxmaq lazımdır, müəyyən yaş aralığı olmalıdır ki, kəsilən heyvan quzu olmasın. Yəni bu gün kəsilən heyvanlar neçə yaşda kəsilirsə, qurbanlıq heyvanların da buna uyğun kəsilib, ətinin paylanması daha məqsədəuyğundur”, - ilahiyyatçı bildirib.

 

Aytəkin Qardaşova

Tarix: 22 İyun 2023, 13:59   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin