BURADA REKLAMINIZ OLA
BİLƏR

Ağstafada səhiyyə işçilərinin əməkhaqları mənimsənilir? – RƏSMİ AÇIQLAMA

Ağstafa Rayon İcra Hakimiyyəti rayonda baş verənlərlə bağlı yayılan məlumatlara münasibət bildirib.

 

Pravda.az-ın xəbərinə görə, açıqlamada deyilir:

 

“Son zamanlar bəzi saytlarda Ağstafa ilə paylaşılan yazıda guya, rayonda səhiyyə işçilərinin əməkhaqları Ağstafa rayon İcra Hakimiyyəti başçısının müavini Lalə Eyyubovanın nəzarəti ilə mənimsənilir. Böhtan xarakterli bu dezinformasiyaya cavab olaraq bildiririk ki, Ağstafa rayon Mərkəzi Xəstəxanasının Ağstafa Rayon İcra Hakimiyyətinə heç bir tabeçiliyi yoxdur. Nəzərə çatdırırq ki, respublikanın bütün rayonlarında, o cümlədən Ağstafada səhiyyə xidmətinə nəzarət “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” tərəfindən həyata keçirilir. Mərkəzi Xəstəxananın idarə olunması, səhiyyə işçilərinin aylıq əməkhaqlarına əlavələrin, habelə rayon büdcəsində səhiyyə xidməti üçün nəzərdə tutulmuş digər vəsaitlərin xərclənməsi mexanizmi Rayon İcra Hakimiyyətinin səlahiyyətlərindən tamamilə kənardır.

 

Ölkə rəhbərliyinin müvafiq tapşırıqlarına uyğun olaraq Ağstafa Rayon İcra Hakimiyyəti koronavirus pandemiyası ilə əlaqədar xüsusi karantin rejimində tənha ahıllara, eləcə də digər həssas kateqoriyadan olan sakinləri daim diqqətdə saxlayır. Bu istiqamətdə icra olunan tədbirlər sırasında rayonda və kənarda yaşayan ağstafalı iş adamlarının və sahibkarların dəstəyi ilə aztəminatlı ailələrə sosial yardım edilir. Yeni Azərbaycan Partiyasının və Ağstafa Rayon İcra Hakimiyyətinin könüllülərinin, eləcə də rayon ictimaiyyətinin fəallarının iştirakı ilə ərzaq yardımları həmin ailələrin ünvanlarına çatdırılır. Ağstafa Rayon İcra Hakimiyyəti ilə əlaqədar bəzi saytlarda və sosial şəbəkələrdə dərc olunan bu cür xarakterli yazılar qərəzli və tam əsassızdır”.

 

Qeyd: Jurnalist Əvəz Zeynallı Ağstafa rayonundan daxil olan şikayəti ictimailəşdirib. Şikayətdə qeyd olunub: "Ağstafa rayonu 2 xanıma qalıb - vur çatlasın, çal oynasın. Bir neçə gün əvvəl sizə yazmişdım, amma bu xanımlar heç nəyi vecinə almırlar. Bunlar "qara maska"lılardan da qorxmadılar. Cindirlər-şeytandırlar, bilmirəm. Söhbət gedir İcra Hakimiyyətinin müavini Lalə Eyyubova və Səhiyyə şöbəsinin müdiri Fatma Vəliyevadan. 2 şərik - koronavirusdan varlanan 2 qadın. Ağstafa rayon səhiyyəsinin rəhbəri Fatma xanim Prezidentin dediklərinə zidd çıxaraq virusla bağlı işçilərə ayrılmış maaşların 3 misli olan pulu vermir. Bu pulu rayon mərkəzindən 50-60, bəlkə də 70-80 km uzaqlıqda olan kənd məntəqə həkimlərinin adlarına yazıb - Böyük Kəsik kənd məntəqəsinin müdiri - İmanova İradə (deputat Məlahət İbrahimqızının baldızı), Sadıxlı kənd məntəqəsinin müdiri İlham həkim, Muğanlı kənd məntəqəsinin həkimi Şeyx həkim (adı Şeyxdir). Bu həkimlər Fatma Vəliyevanın adamlarıdır. Koronavirusdan xəstələnən xəstələrdən xəstəxananın dörd bir yanı açıq olan koridorda yaxma götürülür, hətta koronavirus olan ailəni guya karantinə alıblar - evdən çıxır, hamısı ortalıqda gəzir, cəmiyyət içinə çıxırlar. Heç bir nəzarət yoxdur. Tovuz və Qazax rayonları həkimlərin bayram və bazar günləri işlədikləri pulu maaşın üstünə vurub veriblər. Amma Ağstafa bu pulu vermir. Ezamiyyətə gedib-gələn həkim və tibb bacılarının ezamiyyət pulları verilmir. Soruşanda deyir ki, ele bil mənə bağışlamısız, sizin yanınızda mənim heç hörmətim yoxdurmu? Həkimlərə deyir ki, xəstəni çox yazın, qoy bizə çox yardım göndərsinlər. Ağstafada çox savadlı cərrahlar var, Tibb Universitetini qırmızı diplomla bitiriblər. Hər bir xəstəliyin öhdəsindən bacarıqla gəlirlər. Bu, Fatma xanımı qane etmir, niyə siz mənə hesab verməlisiniz, amma vermirsiniz, mən də xəstələri başqa rayona göndərirəm və hesabımı alıram."

 

Xatırlatma: Dövlət Təhlükəsizliyi Xidmətinin 2019-cu ilin dekabrın 19-da yaydığı məlumata görə, Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyevin müntəzəm olaraq vəzifə səlahiyyətlərindən sui-istifadə etməsinə dair əsaslı şübhələr yaranıb. Belə ki, Nizaməddin Quliyevin rayon icra hakimiyyəti başçısının müavini Ramiz Tatarovun vasitəsilə 2019-cu ilin may ayından etibarən yerli icra hakimiyyəti və digər yerli dövlət orqanlarının vəzifəli şəxslərindən müxtəlif adlar altında pul vəsaitləri tələb edərək almasına dair əsaslı şübhələr müəyyən edilib. Nizaməddin Quliyevin müavini Ramiz Tatarov vasitəsilə fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdən rüşvət tələb edərək almasına dair əsaslı şübhələr müəyyən edilib. Bununla yanaşı, Nizaməddin Quliyevin səhiyyə, təhsil və digər yerli dövlət təsisatları rəhbərlərindən büdcə vəsaitləri hesabına yerli dövlət orqanlarının saxlanılması xərclərinə ayrılan vəsaitlərin müəyyən hissəsinin nağdlaşdırılaraq ona təqdim olunmasını tələb etməsi və alması, ictimai işlərə cəlb olunan aztəminatlı şəxslərə ayrılan əmək haqqı kartlarını ələ keçirib mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib. Nizaməddin Quliyev və müavini Ramiz Tatarovun xidməti otaqlarında keçirilən baxış zamanı müxtəlif vəzifəli şəxslərdən, sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdən alınmış vəsaitlərin öz əlyazmaları ilə tərtib olunmuş siyahıları, pul vəsaitləri, sənədlər, iş üzrə əhəmiyyət kəsb edən digər dəlillər götürülüb. Nizaməddin Quliyev və başqaları vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, külli miqdarda təkrar rüşvət alma, mənimsəmə və digər faktlara görə Dövlət Təhlükəsizliyi Xidmətində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanılmış cinayət işləri üzrə şübhəli şəxs qismində saxlanılıblar. Məhkəmənin qərarı ilə onlar barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib. Aprelin 13-də Səbail rayon Məhkəməsində Ağstafanın sabiq icra başçısı Nizaməddin Quliyev və onun birinci müavini Ramiz Tatarovun həbs müddətinin uzadılması ilə bağlı istintaq orqanının verdiyi təqdimata baxılıb. Təqsirləndrilən şəxslər barəsində seçilmiş həbs qətimkan tədbirini daha 3 ay uzadılması barədə qərar qəbul edib.

 

Kənan

Tarix: 22 Aprel 2020, 19:06   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin