BURADA REKLAMINIZ OLA
BİLƏR

Qətl törədən rəssama 15 il həbs cəzası verildi

Şəki Ağır Cinayətlər Məhkəməsində Zaqatalada qətl törətməkdə təqsirləndirilən Qriqoriy Burqandinovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Xaliq Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə o, 15 müddətinə azadlıqdan məhrum edilib. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Şəki Apellyasiya Məhkəməsi Qriqoriy Burqandinovun şikayətini təmin etməyib.

 

Qeyd: Hadisə rayonun Fındıqlı kənd inzibati ərazisində, Fındıqlı kənd sakini 70 yaşlı Qriqoriy Burqandinova məxsus fındıq bağında baş verib. Qriqoriy Burqandinovla Zaqatala şəhər sakini 52 yaşlı Elxan Xəlilov arasında şəxsi münasibətlər zəminində mübahisə baş verib. Mübahisə zamanı Qriqoriy Burqandinov əlində olan spirtli içki şüşəsi ilə Elxan Xəlilovun baş nahiyəsindən zərbə endirib. Hadisə nəticəsində ağır xəsarət alan Elxan Xəlilov hadisə yerində ölüb. Qriqoriy Burqandinov cinayəti törətdikdən sonra hadisə yerindən qaçıb. İsti izlərlə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Elxan Xəlilovu öldürməkdə şübhəli sayılan Qriqoriy Burqandinov tutularaq istintaqa cəlb edilib.

 

Məlumata görə, qətlə yetirilən Elxan Xəlilov Qriqoriy Burqandinovun fındıq bağının yaxınlığında olan başqa bir bağda gözətçi işləyirmiş.

 

Qətli törətməkdə təqsirləndirilən Qriqoriy Burqandinov kənddə hamı tərəfindən sevilən insan olub, kəndin xeyrində-şərində, ictimai işlərində yaxından iştirak edib. O, həm də rəssamlıq sənəti ilə məşğul olub.

 

Kamal Məmmədov

Tarix: 25 İyun 2023, 16:05   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin