BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycan mədəniyyətinin xarici ölkələrdə təbliği nəticəsində ölkəmiz dünya miqyasında tanınır - RƏY

Aparılan tədqiqatlar sübut edir ki, Azərbaycanın 5 min illik dövlətçilik tarixi var. Bunu sübut edən, günümüzə qədər gəlib çıxan kifayət qədər faktlar mövcuddur. Azərbaycanın tarixinin inkişafı zaman-zaman onun mədəniyyətinin, adət-ənənələrinin, elm və təhsilinin, ədəbiyyatının da tərəqqisinə səbəb olub. Azərbaycan xalqı dövlətçilik ənənələrinə bağlı bir xalqdır və bu təməllər üzərində öz milli-mənəvi dəyərlərini formalaşdırıb. Hər bir dövlətin gələcəyi, hərtərəfli tərəqqisi onun malik olduğu elmi-intellektual, mənəvi potensialından asılıdır. Azərbaycan dövləti öz tarxinin, mədəni-mənəvi dəyərlərinin qorunmasını, təbliğini daim diqqətdə saxlayır. Məhz bunun nəticəsidir ki, Azərbaycan zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxıb.

 

Mövzu ilə bağlı Pravda.az-a fikirlərini bölüşən Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib ki, Azərbaycan çox zəngin mili-mənəvi, mədəni sərvətə malikdir.

 

 

“Bizim üçün sənət nümunələrimizin milli çərçivədən çıxaraq dünya miqyasında yayılması və bəşəri mahiyyət kəsb etməsi olduqca əhəmiyyətlidir. Azərbaycanın qədim dövlətçilik tarixinə, ənənələrinə malik olduğunu sübut edən bir sıra tarixi abidələri, sənət əsərləri, musiqisi mövcuddur. Ölkəmiz müstəqillik qazandıqdan sonra Azərbaycan mədəniyyətinin inkişaf istiqamətləri də zənginləşib. Həmçinin müstəqillik illərində mədəniyyətimizdə milli irsin qorunub-saxlanılması, eyni zamanda onun dünya miqyasında təbliğ edilməsi sahəsində böyük işlər görülüb. Bu gün də  bu sahədə görülən tədbirlər davam etdirilir. Artıq uzun illərdir ki, Azərbaycan mədəniyyətinin xarici ölkələrdə təbliği nəticəsində ölkəmiz dünya miqyasında tanınır. Bu sahədə  Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri Mehriban Əliyevanın müstəsna xidmətləri danılmazdır. Mədəniyyətimizin təbliği yolunda xarici ölkələrdə keçirilən Azərbaycan mədəniyyəti günləri, ölkəmizlə bağlı sərgilər, müxtəlif beynəlxalq mədəniyyət hadisələri, layihələr, müsabiqələrlə yanaşı, həm də Bakıda keçirilən beynəlxalq humanitar, mədəniyyətlərarası forumlar, dinlərarası konfranslar da mühüm əhəmiyyət kəsb edir. Xüsusilə nəşrlərimizin dünyanın nüfuzlu beynəlxalq sərgilərində yer almasını vurğulamaq istəyirəm. Azərbaycan mədəniyyətini daha da zənginləşdirən və müasirləşdirən bir sıra ənənələrimiz də mövcuddur ki, bunlar özlüyündə beynəlxalq marağa səbəb olur. Bölgələrdə mövsümi festivallar yerli və xarici turistləri cəlb etməklə, xalqın qədim adət-ənənələrinin, mətbəx, süfrə mədəniyyətlərinin yayılmasına şərait yaradır”, - deputat bildirib.

 

Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat xidmətinin rəhbəri Əziz Əlibəyli isə Azərbaycanın dövlət siyasətinin təbliği məsələsindən danışıb:

 

 

“Xarici siyasətin aktorları var. Dövlətin xarici siyasətinin təbliği aktorların məqsədlərindən asılıdır. Ölkənin xarici siyasətinin məqsədləri nədir? Bunun əsasında formalaşan bir konsepsiya olmalıdır. Şübhəsiz ki, əvvəllər Azərbaycan xarici siyasəti Qarabağ münaqişəsi fonunda şəkillənən xarici siyasət idi. Amma 2020-ci il Vətən müharibəsindən sonra dövlətin xarici siyasətinin prioritetləri də dəyişdi. Regionda xüsusi ağırlığı olan bir dövlətə çevrilmə, beynəlxalq münasibətlərdə çəkisini artırmış oyunçu, dərhal onun beynəlxalq düzəndəki yeni keyfiyyət yanaşması meydana çıxdı. Bu, birinci halda spesifik qurumlar vasitəsilə həyata keçirilən fəaliyyət hesab olunur. Yəni prosesə dövlətin diplomatik korpusu - səfirliklər, konsulluqlar üzərindən baxmaq lazımdır. İkinci halda xarici siyasətin təbliğində agentlər, diaspor, lobbi xüsusi mühüm əhəmiyyət kəsb edir. Azərbaycanın xarici siyasət xəttində təbliğat istiqamətindən danışsaq, Azərbaycan həqiqətləri istiqamətində çağırış Ermənistanla münasibətlər fonunda aktual qalır - “Xocalıya ədalət”, “Qarabağ həqiqətləri” kimi məsələlər... Amma neft diplomatiyasının bəhrəsini görmüş ölkə kimi xarici siyasətdə Azərbaycanın təbliği ilə bağlı xüsusi məsələlər üzərində işləyirik. Bu, multikulturalizm üzərindən mədəniyyət siyasəti, dini siyasət, incəsənət, memarlıq siyasətidir. Azərbaycanın xətti ilə dünyanın bir çox ölkəsində, o cümlədən Papalıqda - Vatikanda nə qədər müqəddəs məkanlar təmir olunub. Bütün bunların hamısı xarici siyasətin təbliğinə aiddir. Davamlı şəkildə Azərbaycanın lobbiçiliyini edən nüfuzlu şəxslərin, Azərbaycansevərlərin tədbirləri, məqalələri də vaxtaşırı görünür. Əlbəttə, bütöv Azərbaycan məsələsi kontekstində xarici siyasətin təbliği özünə yeni meydan qazanmaqda, hibrid təbliğə keçməkdədir, türk diasporu adına uyğunlaşmağa doğru gedir”.

 

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə yardımı ilə “Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği” mövzusu üzrə dərc olunub.

 

Aytəkin Qardaşova

 

Tarix: 25 İyun 2023, 16:34   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin