BURADA REKLAMINIZ OLA
BİLƏR

Məktəblinin ölümünə görə "Azərişıq" ASC-nin əməkdaşına cəza verildi

Cəlilabad Rayon Məhkəməsində səhlənkarlıqda təqsirləndirilən Telman Əhmədovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim hakim Vüsal Cəbrayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə 5 il müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib. Hökmdən narazı qalan məhkum və zərərçəkmiş şəxsin hüquqi varisi və mülki iddiaçı Zeynalov Yaşar Şəmsəddin oğlu apellyasiya şikayəti veriblər. Şirvan Apellyasiya Məhkəməsi Telman Əhmədovun apellyasiya şikayətini təmin etməyib. Yaşar Zeynalov tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunub.

 

Belə ki, Cəlilabad Rayon Məhkəməsinin hökmü zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilib. Məhkumun barəsində 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Telman Əhmədov cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.

 

Qeyd: 08.02.2022-ci il tarixdə Cəlilabad rayonunun Ocaqlı kənd 1 nömrəli tam orta məktəbinin 1-ci sinif şagirdi, 2015-ci il təvəllüdlü Hüseyn Zeynalovun təhsil aldığı məktəbin həyətində elektrik cərəyanı vurması nəticəsində ölməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb.

 

İstintaqla “Azərişıq” ASC-nin Cənub Regional Enerji Təchizatı və Satışı İdarəsinin Cəlilabad Elektrik şəbəkəsinin kənd-1 sahəsi üzrə usta vəzifəsində işləyən Telman Əhmədovun öz xidməti vəzifələrini yerinə yetirməməsi səbəbindən Hüseyn Zeynalovun elektrik cərəyanı vurması nəticəsində ölməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Toplanan sübutlarla Telman Əhmədova Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə yekun ittiham elan edilərək cinayət işi baxılması üçün Cəlilabad Rayon Məhkəməsinə göndərilib.

 

Kamal Məmmədov

Tarix: 26 İyun 2023, 10:18   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin