BURADA REKLAMINIZ OLA
BİLƏR

Mənzil alarkən zəlzələyə davamlı olub-olmadığını necə bilək? – “Bu evlər zəlzələyə yetərincə həssasdırlar” - AÇIQLAMA

“Yeni tikili çoxmərtəbəli binalardan mənzil alarkən vətəndaşların zəlzələyə davamlılıqla bağlı qayğısı varsa, bilsinlər ki, Bakı ərazisində Rixter şkalası ilə 9 bal gücündə zəlzələyə dözəcək konstruksiya planları təsdiq olunur. Əks halda müvafiq dövlət orqanları tərəfindən inşaata icazə verilmir. Tələblər yerinə yetirilsə belə, inşaat zamanı da Fövqəladə Hallar Nazirliyi tərəfindən nəzarət aparılır. İnşaat bitdikdən sonra yenidən təftiş aparılır. Vətəndaş ev alacağı binada bütün bu qaydaların həyata keçib-keçmədiyini bilmək istəyirsə, aidiyyatı üzrə müraciət edir ki, filan inşaat şirkəti tərəfindən tikinti aparılarkən standartlara cavab verən konstruksiya planı olub, ya yox. İnanıram ki, FHN və digər aidiyyatı qurumlar vətəndaşa bu barədə yazılı şəkildə cavab verəcəklər”.

 

Bu sözləri Pravda.az-a müsahibəsində iqtisadçı ekspert, “Opera Group” MMC-nin direktoru Firdovsi Xəlilov deyib.

F.Xəlilov hesab edir ki, cəmiyyətdə zəlzələ barədə ciddi boşluq, məlumatsızlıq var: “Mən seysmoloq, geoloq, yaxud bu məsələnin mütəxəssisi deyiləm, amma ümumi təhsil səviyyəsinin tələblərinə uyğun olaraq, təhsilli insanlar minimum məlumatlara sahib olmalı, ətrafdakı insanları da məlumatlandırmalıdırlar. Cəmiyyətimizdəki insanların böyük əksəriyyəti zəlzələnin şiddəti ilə gücünü ayırd edə bilmir. Bunlar ayrı-ayrı şeylərdir. Əksər insanlar digər dövlətlərdəki, xüsusən Türkiyədəki reallıqla yaşayırlar. Orada baş verənlərin, serialların təsiri altında qalırlar. Abşeronun hər tərəfi buruqlarla doludur. Gil və qum zəmin üstündə olan zəlzələnin şiddəti Türkiyədəki qaya zəminlərə, dağlıq relyeflərə nisbətən qat-qat az olur. Davametmə amplitudası da, yerin ümumi gərginliyi də az olur. Çünki hər tərəfimiz buruqlardır. Əslində, seysmik olaraq Türkiyədən daha aktivik, lakin hər yanımız palçıq vulkanlarıdır. Bir şəkildə yerdəki gərginlik üzə vurur”.

 

Ekspertin sözlərinə görə, binaların heç biri sonsuz və əbədi deyil: “Hər birinin eksplotasiya müddəti var. Bu müddət ərzində binanın tikintisində istifadə olunan inşaat materialları da köhnəlir, keyfiyyətini itirir, restavrasiyaya ehtiyacı olur. Yaşayış binalarında müddət keçdikcə iki növ köhnəlmə baş verir. Birincisi, bina arxitektur olaraq zamanın tələbinə cavab verməməyə başlayır, digər tərəfdən də qeyd etdiyimiz kimi, inşaat materiallarının ömrü bitmiş olur. Məsələn, Abşerondan tutmuş Azərbaycanın hər yerində “Xuruşovka” deyilən binalara rast gəlirik. Bu binalar təyinat etibarilə 30 illik eksplotasiya üçün nəzərdə tutulmuş müvəqqəti “sığınacaqlar”dır - Sovet dönəmində urbanizasiyanın sürətli getdiyi zamanlarda böyük mənzil ehtiyacını müvəqqəti qarşılamaq üçün nəzərdə tutulan sığınacaqlar. Bu binalar adətən piltələr şəklində olur, buradakı dəmir bağlantılar da ömrünü başa vurub, çürüyüb. Hazırda bu binaların sökülərək yerində yeni binaların tikilməsi prosesini təşviq etmək, sürətləndirmək lazımdır. “Xurşovka”, “Stalinka” dediyimiz binalar mişar daşları ilə - “kubik”lərlə inşa olunub. Əslində, insanlar fikirləşirlər ki, çoxmərtəbəli bina “kubik”lə inşa edilibsə, bu, çox möhkəmdir. Amma bu, kökündən yanlış fikirdir. Beton piltələrin bağlantıları möhkəm olduğu müddətdə zəlzələ zamanı aşarsa, piltənin altında sağ qalmaq olur, amma “kubik”in altında əsla. Çünki bu daşlar hissələr şəklində dağılır. “Kubik”lər daşıyıcı deyil, daşıyıcı kolonların da ömrü çoxdan başa vurulub. Nəzərə alsaq ki, Sovet dönəmində də kimsə “fərasətli” çıxıb inşaat materiallarından oğurlayıb. Deməli, üçmərtəbədən hündür köhnə binalar da sökülməlidir, çünki ömürlərini başa vurublar”.

 

Ekspert deyib ki, 1980-ci illər və 1990-2000-ci illərin əvvəlində kütləvi şəkildə ölkədə fərdi yaşayış evləri tikilib: “Əsasən də rayonlarımızda 12 metrin – 12-yə, 15-in 15-ə ölçülərindədir. Kürsü üstündə ikimərtəbəli evlərdir, heç birinin kolonları yoxdur. Xalq özü bildiyi şəkildə bünövrəsini döşəyib. Bünövrələri etibarlı deyil, bütün yük mişar daşlı divarların üzərinə verilib. Aralarında monolitlər yoxdur. Bu evlər alçaq olmalarına baxmayaraq, zəlzələyə yetərincə həssasdırlar. Eyni zamanda belə evləri yayda soyutmaq çox bahalı prosesdir, habelə qışda isitmək. Məsələn, şərti olaraq 12 metrin – 12-yə, 15-in 15-ə, ikimərtəbəli, monolit olmayan, daşdan tikilmiş rayon evinin isidilməsi üçün ən azından 1500-2000 kub qaz istehlak olunmalıdır. Bunun isə qiyməti məlumdur. Hətta bu qədər xərcdən sonra da o ev yetərincə isinməyəcək. Hazırda çoxmərtəbəli binaların bünövrələrində 400 marka betonlardan istifadə olunur. 400 marka beton o demək deyil ki, 50-60 il sonra da bu marka yerində qalacaq. Təxminən, 80 il müddət keçdikdən sonra keyfiyyətini müəyyən qədər itirməyə başlayır. İnsanlar fərdi ev tikən zaman da bu məsələyə diqqət yetirməlidirlər. Fərdi evlərin inşası zamanı, təəssüf ki, vətəndaşlarımız FHN-ni kosmosdan gələn qüvvə kimi görür, ərazisinə buraxmır. FHN əməkdaşları səhv başa düşülürlər. Yaxşı olar ki, vətəndaşlar özləri fərdi ev tikərkən konstruktora göstərsinlər, vacib məqamlara diqqət yetirsinlər. Bakı seysmoaktiv zonadır. Azərbaycan bütövlükdə seysmik zonadadır. O demək deyil ki, çoxmərtəbəli bina deyilsə, hər şey güvəndədir. Xeyr, belə bir şey yoxdur. Bünövrəni, yerin qatını, yük bölgüsünü düzgün etməsəniz, hər hansı kiçik sarsıntıda üstünüzə aşmasa da, qoyduğunuz bütün xərc bata bilər. Ortadan çat yaranar, müəyyən müddət sonra sıradan çıxar. Hatayda zəlzələ zamanı yıxılan binaların böyük əksriyyəti - 98%-dən çoxu 15 yaşlı binalar idi. Statistikada bir-iki faiz yanılmış ola bilərəm. Hansı ki, o binalar tikiləndə Türkiyədə nəzarət yox idi. Allaha şükürlər olsun ki, bu səviyyədə nəzarətsizlik bizim ölkəmizdə heç vaxt olmayıb. Nə Sovet dövründə, nə də ondan sonrakı dövrdə. Təsəvvür edin, Türkiyədə çoxmərtəbəli binalar, ümumiyyətlə, kolonsuzdur. Kolonların içində, təxminən, 22 diametr armatur olmalıdır. Bu da varsa belə, yeddilik-səkkizlik olub. Əlbəttə, kiçik bir sarsıntıda o binalar uçmağa məhkum idi. İnsanlarımız rahat olsunlar. Sovet dövründə və ondan sonrakı dönəmlərdə Azərbaycanda tikilən binalar Türkiyədə 15 il öncəyə qədər tikilən binaların hamısından qat-qat keyfiyyətlidir. Ən azından təhlükəsizlik baxımından belədir”.

 

Aytəkin Qardaşova

Tarix: 6 İyul 2023, 13:35   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin