BURADA REKLAMINIZ OLA
BİLƏR

“Xalqımız “Heydər Əliyev İli”ni yüksək coşqu ilə keçirir” - RƏY

Bəşər tarixi boyu xalqların, millətlərin ən çox arzusunda olduqları siyasi, hüquqi və mənəvi tələbatları arasında əsas nemət müstəqillikdir. Müstəqil olmayan xalq daim var ola bilməz. Azərbaycan xalqı və dövlətinin tarixin səhnəsində özünəməxsus yer tutmasını, gerçək müstəqilliyini əldə edərək qoruyub saxlamasını təmin edən ulu öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyası bütün dünyada məskunlaşmış azərbaycanlıları əhatə edən, dünya azərbaycanlılarını vahid mərkəzdə birləşdirən milli məfkurəyə çevrilib. Azərbaycançılıq məfkurəsi bu gün bizim ideoloji əsaslarımızı təşkil edir. Bu ölkədə yaşayan müxtəlif etnik qrupları və xalqları dövlətin ümumi mənafeyi ətrafında birləşdirmək “Azərbaycançılıq” termininin yaranmasında əsas ideologiya olub. Azərbaycançılıq ideologiyasının inkişafı hər bir vətəndaşın torpaq, Vətən sevgisindən, milli-mənəvi dəyərlərə, tarixinə, dilinə bağlılığından irəli gəlir. Azərbaycançılıq ideologiyasının inkişaf etdirilməsi, diaspor quruculuğunun dövlət siyasətinin əsas tərkib hissəsinə çevrilməsi mühüm qərarların qəbulunda əhəmiyyətli rol oynayıb.

 

Mövzu ilə bağlı Pravda.az-a fikirlərini bölüşən Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib ki, Heydər Əliyev tərəfindən əsası qoyulan Azərbaycançılıq ideologiyası yalnız ideologiya deyil, həm də elmdir.

Deputat bildirib ki, bu ideologiya təbliğ olunmaqla bərabər həm də öyrənilir: “Azərbaycançılıqla bağlı bir çox əsərlər, elmi məqalələr çap olunub. Bəs bu ideologiyanın nəinki Azərbaycan xalqı tərəfindən, Heydər Əliyev ideyalarına sadiq olan insanlar tərəfindən öyrənilməsinin, təbliğ olunmasının səbəbi nədir? Bu ideologiyanın əsasını vətənpərvərlik, Azərbaycançılıq, birlik, milli-mənəvi dəyərlərə sadiqlik, azərbaycanlıların vətəndaşı olduqları ölkənin ictimai-siyasi həyatında fəal iştirakı və həmin ölkələrə töhfələr verməsi təşkil edir. Bu həm də azərbaycanlıların həmrəyliyinin ideologiyasıdır. Azərbaycançılıq ideologiyası dünən də var idi, bu gün də var. Nə qədər Azərbaycan var, bu ideologiya da inkişaf edib möhkəmlənəcək. Azərbaycançılığı təbliğ etmək, Azərbaycanın milli-mənəvi dəyərlərini dünyaya çatdırmaq, bütöv, müstəqil azərbaycanlıları bir yerdə görmək Heydər Əliyevin ən böyük arzusu idi. O, istər respublika daxilində, istərsə də xarici ölkələrdə daim öz çıxışlarında Azərbaycan diasporunun təşkilatlanmasına, təşəkkül tapmasına, azərbaycanlıların bir məqsəd uğrunda birləşməsinə böyük əhəmiyyət verirdi. Heydər Əliyevin təşəbbüsü ilə azərbaycanlıların qurultayının çağrılması, onun hakimiyyətdə olduğu illərdə dünya azərbaycanlılarının birliyi uğrunda təşkilatlanmanın xeyli sürətlənməsi, dünya ölkələrində fəaliyyət göstərən tanınmış azərbaycanlıların respublikamıza dəvət olunması, onların mükafatlandırılması, tanıdılması təşəkkül tapmışdı. Bu gün Ulu Öndərin qoyduğu yol hörmətli Prezidentimiz İlham Əliyev tərəfindən çox uğurla davam etidrilir. Azərbaycançılıq Azərbaycanın tarixini, məişətini, İslami, humanist dəyərlərə sahibliyini, azərbaycanlıların bəşəri ideyalarının təbliğini, Azərbaycan xalqının bu ideyaların ətrafında birləşmək Azərbaycanın qüdrətli olması, tanınması, həqiqətlərinin dünyaya yayılması üçün çox vacibdir. Biz Azərbaycançılıq ideologiyasının səmərəsini, faydasını 44 günlük Vətən müharibəsində aydın şəkildə gördük. Dünya azərbaycanlıları bir yumruq kimi birləşdilər, 44 gün ərzində Azərbaycanın haqq səsinin dünyaya yayılmasında fəal iştirak etdilər, Ordumuza, xalqımıza böyük dəstək verdilər. İstər mətbuat səhifələrində, istər televiziyalarda Azərbaycan həqiqətlərini, uğurlarını, Azərbaycanda gedən prosesləri dünya xalqlarına çatdırmaq üçün əllərindən gələni əsirgəmədilər. Həmin günlərdə hər bir azərbaycanlı dünyanın ən ucqar guşəsində yaşayan azərbaycanlı belə, müharibədə iştirak etməyi, erməni faşistlərinə qarşı mübarizə aparmağı özünün şərəfli vəzifəsi hesab etdi. Bununla əlaqədar xeyli müraciətlər oldu. Bu birlik daxildə də özünü bariz şəkildə göstərdi. Həmin dövrdə bir nəfər belə, cəbhədən yayınmadı, fərrarilik etmədi. Hər bir kəs torpaq, vətən, Azərbaycançılıq uğrunda mübarizə aparmağı öz şərəfli vəzifəsi hesab etdi. Nəticədə torpaqlarımız azad olundu. Ulu Öndərimizin vəsiyyət etdiyi, qarşıya qoyduğu vəzifə məhz bu idi. Çətində, dar gündə azərbaycanlılar bir yerdə olmalı, birləşməli, Azərbaycanın inkişafı, tərəqqisi, müstəqilliyi, azadlığı uğrunda birgə mübarizə aparmalıdırlar. Əlbəttə ki, bu ideyalar bu gün yaşayır, qalibdir. Ölkəmizin Prezidenti cənab İlham Əliyev dünya azərbaycanlılarının birliyi uğrunda əldə olan bütün vasitələrdən istifadə edir. İstər Dünya Azərbaycanlılarının Qurultayları, istərsə də hörmətli Prezidentimizin xarici ölkələrə səfəri zamanı Azərbaycan diaspor təşkilatları ilə görüşməsi, tanınmış insanların Azərbyacana dəvət olunması, onların mükafatlandırılmaları, tanıdılmaları istiqamətində çox ciddi işlər gedir. Bu, bir daha göstərir ki, Azərbaycan xalqı, dövlət rəhbəri, dünyada yaşayan hər bir azərbaycanlı Heydər Əliyevin ideyalarına sahibdir. Bu ideyaların yaşaması, qalib gəlməsi üçün özlərinin mübarizliyini əsirgəmirlər. 

 

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Aqil Məmmədov isə deyib ki, Heydər Əliyev istər Sovetlər dövründə rəhbərliyi zamanı, istərsə də müstəqil Azərbaycan dövlətinə rəhbərliyi zamanı daim Azərbaycançılıq ideologiyasının təbliği istiqamətində uğurlu addımlar atıb:

“Elə bir sahə yoxdur ki, onun inkişafı ilə əlaqədar Ulu Öndərin sərəncamı, fərmanı olmasın. Dəfələrlə çıxışlarımda da demişəm ki, varsa, misal çəkin, görək hansısa sahə Ulu Öndərin diqqətindən kənarda qalıb? O, 1969-cu ildə hakimiyyətə gəldikdən qısa vaxt sonra Cəmşid Naxçıvanski adına hərbi liseyin açılamasının razılığını Moskvadan ala bildi. O zamanlar üçün çox çətin, hər adamın bacara bilmədiyi işi Ulu Öndər bacardı. Çünki həmin vaxt Moskva icazə vermirdi ki, Sovet İttifaqına daxil olan ölkələrdə hərbi sahədə inkişaf olsun. Bu, məqsədli şəkildə aparılan bir siyasət idi. Amma Heydər Əliyev buna nail oldu. Bu gün Ordumuzun yüksək səviyyədə inkişafının təməli məhz 1971-ci ildə qoyulub. Həmin dövrlər əsas məsələlərdən biri Azərbaycançılıq məfkurəsi idi. Ulu Öndər Sovetlər dövründə Konstitusiyada dəyişiklik edilən zaman Azərbaycan dilinin dövlət dili kimi qəbul edilməsinə də nail oldu. O zamankı rejimin tərkibində bu işləri görə biləcək qabiliyyətdə olan yeganə şəxs Ulu Öndər idi. Heydər Əliyev hər zaman deyirdi: “Mən həmişə fəxr etmişəm ki, azərbaycanlıyam”. Heydər Əliyev Azərbaycan dilində yüksək səviyyədə danışması ilə də seçilirdi. O, rus dilində çox gözəl nitq qabiliyyətinə malik idi, hətta rusların özündən yaxşı danışırdı. Amma Azərbaycan dilində danışarkən bir kəlimə belə rus sözündən istifadə etmirdi. Bu da Heydər Əliyevin öz Ana dilinə bağlılığından, öz dilini yüksək səviyyədə sevməsindən irəli gələn məsələdir. Səməd Vurğunun “Azərbaycan” şeirini böyük məhəbbətlə, kövrək hislərlə səsləndirməsi Heydər Əliyevin Azərbaycana məhəbbətinin bariz nümunəsidir. O, Azərbaycan dilinin inkişafı ilə əlaqədar tapşırıqlar verib, bu sahədə yüksək səviyyədə işlər görüb. Ulu Öndərin xidmətləri unudulmazdır. Heydər Əliyevin siyasətini bu gün cənab Prezident İlham Əliyev uğurla davam etdirir. Bugünkü müasir, müstəqil, güclü, regionda söz sahibi olan Azərbaycanın inkişafına Ulu Öndərin siyasətini uğurla davam etdirməklə nail olmuşuq. Heydər Əliyev siyasətini daim təbliğ etməli, gələcək nəsillərə çatdırmalıyıq. Bu istiqamətdə uğurlu işlər görməliyik. Ulu Öndərin siyasəti nə qədər ki var, əminəm ki, Azərbaycan bir o qədər daha güclü, inkişaf etmiş ölkəyə çevriləcək.

 

Deputat bildirib ki, müstəqillik dövründə Azərbaycana rəhbərliyi zamanı Konstitusiyanın hazırlanmasında da Heydər Əliyevin xüsusi əməyi var: “Konstitusiya yaradılanda hər maddəsini ayrı-ayrı geniş şəkildə təhlil edib, böyük əmək sərf etdi. Bugünkü Konstitusiyamızın yaranmasında Ulu Öndərin əməyi böyükdür. Müstəqil Azərbaycan parçalanmaqdan, dağılmaqdan, 1920-ci ildə başına gələn müsibətlərdən qoruyan da məhz Heydər Əliyev olub. Bütün bu xidmətləri yalnız Ulu Öndər göstərə bilərdi. O vaxtlar xalq haqlı olaraq üzünü Heydər Əliyevə tutdu. İnanın ki, o vaxtkı rəhbərlik Heydər Əliyevə Moskvadan qayıdanda şərait yaratsaydı, bəlkə də, başımıza gələn müsibətlərin heç biri olmazdı. 1987-ci ildə Heydər Əliyev istefa verdikdən sonra hadisələr necə cərəyan etdi? Elə bil ki, ermənipərəst qüvvələr addım atmaq üçün Heydər Əliyevin getməsini gözləyirdilər. Hadisələr 1987-ci ildə başladı. Heydər Əliyevin gücü bundan ibarət idi ki, o, nə vaxt hakimiyyətdə olubsa, heç bir qüvvə Azərbaycanın ərazi bütövlüyü barədə söhbət apara bilməzdi. Onun hakimiyyətə qayıdışı ilə atəşkəs əldə olundu, Əsrin Müqaviləsi imzalandı, ölkə iqtisadiyyatı dirçəlməyə başladı, ölkədəki hərcmərclik ortadan qaldırıldı, vətəndaş müharibəsinin qarşısı alındı... Ulu Öndərin böyüklüyü bundan ibarətdir. Buna görə də xalqımız “Heydər Əliyev İli”ni həqiqətən də yüksək coşqu ilə keçirir, onu doğmalıqla xatırlayır. Nə qədər Azərbaycan var, Ulu Öndər həmişə bizim qəlbimizdə, ruhumuzda yaşayacaq. Heydər Əliyevlə bağlı çox danışmaq olar. Onun Sovetlər dövründəki rəhbərliyi mənim uşaqlıq dövrümə düşsə də, ikinci dəfə hakimiyyətə qayıdışından sonrakı hadisələri daha yaxşı xatırlayıram. Heydər Əliyevin gördüyü işləri sevə-sevə danışıram. Allah Ulu Öndərimizə rəhmət eləsin. Əgər Heydər Əliyev olmasaydı, bugünkü güclü Azərbaycandan danışa bilməzdik. Ulu Öndərin uğurlu siyasətinin davamı olan 44 günlük Vətən müharibəsində əldə etdiyimiz qələbə Azərbaycanı 200-300 illik durğunluq dövründən çıxardı, bizi özümüzə qaytardı, milli-mənəvi dəyərlərimizi bizə qaytardı. Heydər Əliyevin siyasəti uğurla davam etməsəydi, bəlkə də, bugünkü uğurlu qələbədən də danışmazdıq”.

 

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə yardımı ilə “Azərbaycançılıq ideyasının təbliği – “Heydər Əliyev İli”” mövzusu üzrə dərc olunub.

 

Aytəkin Qardaşova

Tarix: 8 İyul 2023, 13:58   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin