BURADA REKLAMINIZ OLA
BİLƏR

Elmin Nuri: “BDU kimi nəhəng universitet hətta öz tələbələrini belə magistraturaya cəlb etmək imkanına malik deyil”

“Təkcə Bakı Dövlət Universiteti yox, konkret olaraq üçünü-dördünü çıxmaq şərti ilə bir çox universitetlərimizdə magistratura səviyyəsi üçün faydalı tədris proqramı yoxdur. Magistraturada təhsili daha faydalı, əmək bacarığına yönəlik qurmaqdan ötrü birinci həmin universitetlərdə Strateji Araşdırmalar Mərkəzi tipində bir bölmə və Karyera Mərkəzi fəaliyyət göstərməlidir. Bizdə ad var ki, guya bütün universitetlərdə karyera mərkəzləri fəaliyyət göstərir. Hamısında olmasa da, böyük əksəriyyətində var. Amma bu, o demək deyil ki, həmin mərkəzlər işləyirlər. Onların fəaliyyəti formaldır. Karyera Mərkəzi nə deməkdir? İstər bakalavrda, istərsə də magistraturada təhsil alanların faydalılıq indeksini hesablayır, bununla bağlı işlər görür, doktorantura səviyyəsi üçün uyğun proqramın hazırlanmasında təminat rolunu oynayır. Bizdə işin hələ heç birinci mərhələsi yoxdur, sıfır səviyyəsindədir. Buna görə də magistratura səviyyəsi üzrə təhsil alanlar o qədər də məmnun görünmürlər. Çünkü onların aldıqları tədris, tədrisin məzmunu, keyfiyyət və faydalılığı bakalavr səviyyəsindən qətiyyən fərqlənmir. Bu, üç-dörd universiteti çıxmaqla əksəriyyətində belədir. Bu gün universitetlərimizin magistratura, tədrisin faydalılığı ilə bağlı konkret fəaliyyət proqramlarının olmaması bir çox problemlərə yol açır. Onlardan biri də məzunların xaricə üz tutmasıdır. Baxın, Bakı Dövlət Universiteti kimi nəhəng, tarixi bir universitet, hətta öz tələbələrini belə öz magistraturasına cəlb etmək imkanına malik deyil. Bununla bağlı çox ciddi tədbirlər görmək lazımdır”.

 

Bu sözləri Pravda.az-a müsahibəsində Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, elm və təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri deyib.

 

O, bir sıra təkliflərini irəli sürüb: “Bakalavrla bağlı ikili diplom proqramları tətbiq edilib. BDU-da da son iki il ərzində bir neçə dəfə bu proqramlar həyata keçirilib. Bu, yaxşıdır. Müəyyən tədris proqramlarına imza atılır. Bu da yaxşıdır, amma təəssüf ki, bunların əksəriyyəti bakalavrla bağlıdır. Axı biz magistraturanı da unuda bilmərik. Magistratura ilə bağlı, demək olar, faydalı beynəlxalq əməkdaşlıq, təhsil proqramımız yoxdur. Birinci bu olmalıdır. Təkcə BDU-dan yox, bütün universitetlərdən söhbət gedir. Universitetlərimiz magistratura səviyyəsini tamamən kölgədə saxlayıblar. Heç bir iş görülmür. Görürlürsə də, bunun faydalılığı yoxdur. Təhsil sahəsində çalışanlar da, bu sahəyə aid olmayan adamlar da bunun nəticəsini görmürlərsə, deməli, ortada elə bir iş qurulmayıb. Magistratura səviyyəsində beynəlxalq və yerli əhəmiyyətli proqramlar olmalıdır. Bu, ən vacibidir. İkincisi, bizdə magistratura proqramı ilə bağlı təcili ikili diplom proqramlarının sayı artırılmalıdır. Məsələn, bu, Bakı Dövlət Universitetində yoxdur. Təsəvvür edin, Azərbaycan Dövlət Pedaqoji Universiteti öz təhsil keyfiyyətinə görə digərlərini ötüb-keçməsə də, bəzi məqamlarda onlardan kənarda qalsa da, universitetin Corc Vaşinqton Unversiteti ilə həyata keçirdiyi ikili diplom proqramı universitetin nüfuzunu nə dərəcədə artırmış oldu. Bir çox müəllimlərin, pedaqoqların seçimini 180 dərəcə dəyişdi. Bu, magistratura pilləsi üçündür. ADPU ilə yanaşı Bakı Ali Neft Məktəbi, ADA Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti bunu edib. Bəs başqa universitetlər niyə bunu etmir? Axı digər universitetlər də var. Niyə onlarda da olmasın? Ən nəhayət, magistratura səviyyəsi üzrə qiyabi təhsil artıq bərpa edilməlidir. Çünki bakalavrı bitirən məzun artıq əmək bazarında yerini formalaşdırmaqla bağlı düşünür. Amma magistratura bizdə yalnız əyani təhsil hüququ verdiyi üçün bakalavrlar seçim qarşısında qalırlar. Azərbaycan universitetlərinin təklif etdiyi və təşkil etdiyi magistratura təhsili o qədər də faydalı olmadığına görə gənclər ya xaricə üz tuturlar, ya da ümumiyyətlə magistratura sevdasından əl çəkir, birbaşa əmək bazarına atılmış olurlar. Onlardan biri də mənəm. Uzun müddət bu səbəbdən magistraturada oxumaq istəmədim. Eyni zamanda magistratura üzrə axşam növbələrinin sayı artırılmalıdır. İnanın ki, bu il magistraturaya imtahan verən, yaxşı bal toplayan xeyli sayda məzun var ki, onlar birbaşa mənə müraciət etdilər. Soruşdular ki, hansı universitetlərdə axşam növbəsində oxuya bilərik? Təəssüf ki, axşam növbəsinin sayı azdır. Magistr elə şəxsdir ki, o, əmək bazarındakı praktiki bacarığı ilə intellektual bazarda, yəni elmi-akademik mühitdəki nəzəri bacarığını sintez etməlidir. Bütün bunlar olmasa, BDU başda olmaqla, digər universitetlərimizdəki magistratura təhsili çox adamı qane etməyəcək”.

 

Aytəkin Qardaşova

Tarix: 10 İyul 2023, 18:00   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin