BURADA REKLAMINIZ OLA
BİLƏR

“Özəl mənzil fondunun idarə olunmasında vahid tarif prinsipi birmənalı olaraq yolverilməzdir” - AÇIQLAMA

Binaların saxlanılması ilə bağlı ödənişlərin mənzilin kvadratına görə hesablanması narazılıqlar yaradır. Bina evlərində yaşayan vətəndaşlar təklif edirlər ki, bu sahədə vahid tarif sistemi olmalıdır.

 

“Rahat Yaşam” İPE GROUP MMC-nin Kommersiya şöbəsinin rəhbəri, çoxmənzilli binaların idarəetməsi üzrə mütəxəssis Elxan Orucov Pravda.az-a müsahibəsində deyib ki, dünya ölkələrində olduğu kimi, ölkəmizdə də bu sahə mənzil qanunvericiliyi ilə tənzimlənir.

Ekpsert vurğulayıb ki, Mənzil Məcəlləsinin tələbinə uyğun olaraq, mülkiyyətçilər çoxmənzilli binaların üç idarəetmə formasından birini seçməyə borcludurlar: “Məcəllənin 141-ci maddəsinin 2.1., 2.2., 2.3.  bəndlərinə əsasən, binanın sahə mülkiyyətçiləri tərəfindən bilavasitə idarə edilmə, mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti və ya ixtisaslaşmış istehlak kooperativi tərəfindən idarə edilmə, idarəedici təşkilat tərəfindən idarə edilmə mövcuddur. İdarəetmə formasından asılı olmayaraq, çoxmənzilli binaların ümumi əmlakının saxlanması (kommunal) xərcləri Məcəllənin 38.2 maddəsinin “çoxmənzilli binanın sahə mülkiyyətçisinin hesabına ödənilən binanın ümumi əmlakının saxlanması üzrə məcburi xərclərdə mülkiyyətçinin payı onun binanın ümumi əmlakına mülkiyyət hüququnda payına mütənasib olaraq müəyyənləşdirilir” tələbinə uyğun olaraq müəyyən edilir. Yəni hər bir sahə - mənzil mülkiyyətçisi binanın saxlanması xərclərində mənzilin sahəsinə mütənasib olaraq iştirak etməyə borcludur. Eyni zamanda Məcəllənin 139.1 maddəsi deyir ki, kommunal xidmətlərə görə haqqın miqdarı qanunvericiliyə əsasən müəyyənləşdirilmiş tariflər əsasında müvafiq fəaliyyət növünü həyata keçirən şəxslərlə bağlanan müqavilələrdə müəyyən edilir. Yəni kommunal ödənişlərin miqdarı müəyyən edilərkən binanın saxlanması üzrə cari və digər xərclər hesablanaraq müvafiq fəaliyyət növünü həyata keçirən şirkətlərlə bağlanan müqavilələrə əsasən müəyyənləşdirilməlidir. Burada bir məqama xüsusilə diqqət yetirmək lazımdır ki, binaya xidmət göstərən şirkətlərin də müəyyən miqdarda xidmət haqqı olduğundan bu məbləğ binanın ümumi büdcəsinə əlavə edilərək kommunal ödənişlərin miqdarı müəyyənləşdirilərkən nəzərə alınmalıdır”.

 

E.Orucov deyib ki, kommunal tarifin müəyyən olunması ilə bağlı hesablama apararkən xərclər binanın mənzillər üzrə ümumi sahəsinə bölünərək hər kvadrat-metr sahəyə düşən aylıq kommunal xidmət haqqı müəyyən edilməlidir: “Lakin bununla bağlı bir çox binalarda mülkiyyətçilərlə idarəedicilər arasında ciddi narazılıq yaranır. Daha böyük sahəyə sahib olan mülkiyyətçilər sahəyə mütənasib olaraq hesablanan ödənişi qəbul etməyərək ödənişdən imtina edirlər və ya tam olaraq öhdəliklərini yerinə yetirməyərək bu kimi təzyiq vasitələrindən istifadə edirlər. Binada ortaq - standart tarifin müəyyən edilməsini tələb edirlər. Halbuki Məcəllənin 140.1-ci maddəsi deyir ki, çoxmənzilli binanın sahə mülkiyyətçisi ona məxsus olan sahənin saxlanması xərclərini çəkməyə, habelə yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq ödəmək yolu ilə çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına çəkilən xərclərdə onun həmin əmlaka ümumi mülkiyyət hüququnda payına mütənasib olaraq iştirak etməyə borcludur. Yəni hər bir mülkiyyətçi sahəsinə uyğun ödəniş etməlidir. Lakin bununla razılaşmayan bəzi mülkiyyətçilər, binanın xərclərinin bütün mənzillər arasında bərabər bölünməsini tələb edirlər. Bu hall həm mənzil qanunvericiliyinin, həm mənzil hüquqlarının, həm də ədalət prinsiplərinin pozulması deməkdir. Vətəndaş mənzil alarkən daha böyük sahə üçün daha çox vəsait ödəyirsə, eyni yanaşma ilə binanın saxlanması xərcləri də sahəsinin böyüklüyünə görə fərqlənməlidir”.

 

Mütəxəssisin sözlərinə görə, hələ bu azmış kimi bəzi mülkiyyətçilər satın aldıqları mənzillərin təmirsiz, təmirli və ya mənzildə yaşayış olmadığını nəzərə alaraq buna görə də xüsus güzəşt tələb edirlər: “Mənzil qanunvericiliyin 137.10  və 135.1-ci maddələrində deyilir ki, mülkiyyətçilər, kirayəçilər və ya digər şəxslər tərəfindən sahənin istifadə edilməməsi yaşayış sahəsinə və faktiki istehlak edilmiş kommunal xidmətlərə görə haqqın ödənilməməsi üçün əsas deyildir. Eyni zamanda fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Yəni sahənin istifadə edilib-edilməməsindən asılı olmayaraq binanın saxlanması xərcləri mülkiyyətçi və ya xidmətlərdən istifadə edən digər şəxslər tərəfindən birmənalı olaraq aylıq vaxtlı-vaxtında və tam məbləğdə ödənilməlidir”.

 

E.Orucov iki vacib məqama da diqqət çəkib: “Birincisi, son illərdə məcburi dövlət ödənişlərinin artırılması, yanacağın qiymətinin bahalaşması, minimum əmək haqqının artırılması binaların saxlanması xərclərinə də təsir edib. Məhz bununla bağlı son aylarda şəffaf büdcə ilə idarə olunan binalarda tarif artımları qaçılmaz hal alıb. Sakinlərdən qeyd olunan məqamları nəzərə alaraq, idarəedicilərdən tarif artımına səbəb olan açıqlamanı tələb etmələrini, artan xərclərlə tanış olduqdan sonra tarif artımına razılıq vermələrini nəzərə almalarını tövsiyə edirəm. Çünki binanın keyfiyyətli idarə olunması və ümumi əmlakının qorunub-saxlanması üçün yığılan vəsait xərcləri qarşılamalıdır. İkincisi, özəl mənzil fondundan istifadə edən vətəndaşlar bilməlidirlər ki, hər bir binanın özünə uyğun infrastrukturu, işçi heyəti, məcburi dövlət ödənişləri - su, işıq, qaz, əmək haqqından tutulmalar, torpaq vergisi və digər rüsumları, xərcləri var. Bir sözlə, hər binanın kommunal (binanın saxlanması) tarifləri fərqlənməlidir. Özəl mənzil fondunun idarə olunmasında vahid tarif prinsipi birmənalı olaraq yolverilməzdir”.

 

Aytəkin Qardaşova

Tarix: 18 İyul 2023, 09:21   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin