BURADA REKLAMINIZ OLA
BİLƏR

Akif Aşırlı: “Həsən bəy Zərdabi indiki dövrün mətbuatını görsəydi, məyus olmazdı...”

“Düşünürəm, Həsən bəy Zərdabinin arzuları reallaşıb. Onun arzuları bu idi ki, kütləvi şəkildə hər kəs maariflənə, oxuya bilsin, başqa millətlərin öz ana dillərində qəzetləri olduğu kimi Azərbaycanda da belə qəzetlər, media quruluşları olsun, media strukturları formalaşsın. Bu da formalaşıb, var”.

 

Bu sözləri Pravda.az-a müsahibəsində Mətbuat Şurasının İdarə Heyətinin üzvü, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı deyib.

 

O bildirib ki, Həsən bəy Zərdabi Azərbaycanda jurnalistika sisteminin əsasını qoyub: “Ona qədər milli yöndə, ana dilində heç bir qəzet nəşr olunmayıb. Qəzetçiliyin, peşəkarlığın əsası, ümumiyyətlə, jurnalistikamızın bünövrəsi “Əkinçi” ilə başlayır və “Əkinçi”nin bəlli prinsipləri var. Bu prinsiplər obyektivliyə, Azərbaycan ədəbi dilinə hörmətə, doğma dilə sevgiyə, müxtəlif fikirliliyə imkan yaratmaq və hörmət prinsiplərinə söykənir. Həmin ənənələr ayrı-ayrı media quruluşları tərəfindən 148 il sonra bu gün də davam etdirilir, yaşatmağa çalışılır. İnternet media resursları arasında “Əkinçi” prinsiplərinə əməl edən media quruluşları ilə yanaşı həmin prinsiplərdən çıxış etməyən, hörmət qoymayan, peşə dəyərlərinin əleyhinə və əksinə fəaliyyət göstərən dırnaqarası “jurnalistlər” də görürük. Bu, təbiidir. Lakin 148 ili başlanğıc olaraq götürsək, üstünə “Əkinçi” yazsaq, düz istiqamətdə hərəkət edən, “Əkinçi” prinsiplərinə, “Əkinçi”liyə uyğun gələn media quruluşlarını  bir sıraya, “Əkinçi” prinsiplərinə zidd media quruluşlarını əks qütbə düzsək, düşünürəm, “Əkinçi” yönündə olanlar daha çox üstünlük təşkil edər. Buna görə də Həsən bəy Zərdabi indiki dövrün mətbuatını görsəydi, məyus olmazdı...”

 

Aytəkin Qardaşova

Tarix: 21 İyul 2023, 12:16   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin