BURADA REKLAMINIZ OLA
BİLƏR

Vətən müharibəsi Azərbaycan jurnalistikası üçün imtahan idi və jurnalistlər bu imtahanda fərqlənə bildilər - RƏY

Azərbaycan Milli Mətbuatının yaranmasından 148 il ötür. Həmin dövrdən bəri ötən illər ərzində tənəzzül, intibah dövrləri keçən Azərbaycan milli mətbuatı hər zaman cəmiyyətin proseslərə baxışını əks etdirən güzgü rolunu oynayıb. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra milli-mənəvi dəyərlərə qayıdış mətbuat sahəsində də özünü göstərdi. Bu gün ölkəmizdə yüzlərlə mətbu orqan fəaliyyət göstərir. Fasiləsiz davam edən informasiya müharibəsində mətbuat işçiləri öz peşəkarlıqları, vətənpərvərlikləri ilə daim fərqlənirlər. Azərbaycan dövləti milli mətbuatın inkişafına hər zaman böyük diqqət və qayğı ilə yanaşır. Qarabağ uğrunda gedən döyüşlərdə fərqlənən və müxtəlif medallarla təltif edilənlər arasında jurnalistlərin də olması məhz ölkəmizdə bu sahədə çalışanlara göstərilən böyük etimadın təzahürüdür.

 

Mövzu ilə bağlı Pravda.az-a fikirlərini bölüşən "Azxeber.com" saytının baş redaktoru, Mətbuat Şurasının İdarə Heyətinin üzvü Hacıbəy Heydərli deyib ki, Azərbaycan mətbuatı 148 illik çox şərəfli və keşməkeşli yol qət edib.

““Əkinçi”nin 1875-ci il iyulun 22-dən 1877-ci ilin sentyabrınadək cəmi 56 sayı işıq üzü görsə də, onun Azərbaycan milli mətbuatının təşəkkül tapmasında, inkişafında əvəzsiz rolu olub. "Əkinçi" ilə əsası qoyulan mətbuatımız bu gün də cəmiyyətin aynası olmağa davam edir. Son illər media sahəsində aparılan islahatlar da bunu deməyə əsas verir ki, dövlətimiz azad mətbuatın, sağlam rəqabətin, jurnalistlərin sosial durumunun yaxşılaşmasının tərəfdarıdır. Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan mətbuatın inkişafına dövlət qayğısı siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Milli Mətbuat Gününün ölkədə geniş qeyd olunması, media subyektlərinə yardımların göstərilməsi, mətbuat işçilərinin sosial vəziyyətinin yaxşılaşdırılması, jurnalistlərin fərdi müsabiqələrə cəlb edilməsi, media subyektlərinin vergidən azad edilməsi mətbuata və mətbuat işçilərinə qayğının tərkib hissəsidir”, - o bildirib.

 

H.Heydərli vurğulayıb ki, hər cəmiyyətdə olduğu kimi Azərbaycan mediasında da neqativ amillər və yad ünsürlər mövcuddur: “Peşəkar medianın üzərinə düşən əsas missiya məhz bu istiqamətdə işlər aparmaq və mətbuatın saflaşmasına çalışmaqdır. Düşünürəm ki, Azərbaycan mətbuatı öz üzərinə düşən vəzifəni layiqincə yerinə yetirir. Sosial şəbəkələrin trend olduğu bir zamanda mətbuatımız güvənilir xəbər mənbəyi rolunu oynayır. Cəmiyyətimiz informasiyaları dəqiqləşdirmək üçün mediaya müraciət edir, mətbuata güvənir. Peşəkar media da bunu anlamalı və sosial şəbəkələrdə tüğyan edən dezinformasiyalara, feyk nyuslara qarşı mübarizə aparmalıdır”,

 

“İslahatçı Gənclər” İctimai Birliyinin sədri, "Editor.az" informasiya portalının baş redaktoru Fərid Şahbazlı isə deyib ki, Milli Mətbuat Günü yalnız jurnalistlərin deyil, Azərbaycan ictimaiyyətinin bayramıdır:

“Elə bir sahə yoxdur ki, bu və ya digər formada media ilə əlaqəli olmasın. Şübhəsiz ki, əsası Həsən bəy Zərdabi ilə qoyulan Azərbaycan milli mətbuatı bu günə qədər çox böyük keşməkeşli, məsuliyyətli yol keçib. Dərin tarixə ekskursiya etsək, Azərbaycan tarixində Həsən bəy Zərdabiyə - “Əkinçi” qəzetinin yaradılmasına qədər o dövrün xarakterinə uyğun olaraq mətbuat nümunələrinə rast gəlmək mümkündür. Keçən dövr ərzində Azərbaycan mətbuatı doğrudan da çox çətin, şərəfli yol keçib. Zərdabi ilə başlayan bu mətbuat hər zaman - tarixin bütün mərhələlərində cəmiyyətdə maarifçilik missiyasını öz üzərinə götürüb, onun milli şüurunun formalaşmasında, milli-mənəvi dəyərlərin qorunması işində, baş verən proseslərə ictimai nəzarətin həyata keçirilməsində böyük rol oynayıb. Azərbaycan müstəqillik qazandıqdan sonra ulu öndər Heydər Əliyevin hakimiyyəti dövründə milli mətbuat yeni mərhələyə qədəm qoyub. Məhz Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra Azərbaycan məbuatında senzura aradan qaldırılıb. Hələ o dövr üçün iqtisadi baxımdan da kifayət qədər böyük addım atılıb, qəzetlər bütün borclarından azad edilib, mətbuatın azad və təhlükəsiz fəaliyyəti üçün geniş imkanlar yaradılıb”.

 

F.Şahbazlının sözlərinə görə, mətbuat varsa, barəsində yazılan adamlar varsa, şübhəsiz ki, narazılıqlar da olacaq: “Dünyanın heç bir yerində jurnalistika rahat, tam təhlükəsiz sahə deyil. Bu təbiidir. Ümumilikdə, qəbul etmək lazımdır ki, Azərbaycanda mətbuatın inkişafı üçün çox geniş imkanlar yaradılıb. Dövlətin siyasi iradəsi mətbuatın ölkənin ictimai-siyasi, mədəni həyatında, bütün sahələrdə aktiv rol almasına, ictimai nəzarət funksiyasını həyata keçirməsinə şərait yaradır. Bu, birbaşa cənab Prezident tərəfindən dəfələrlə ifadə olunub. Son illər ölkəmizdə media sahəsində islahatların yeni mərhələsi başlayıb. Medianın İnkişafı Agentliyinin yaradılması, ardınca müxtəlif islahat xarakterli tədbirlərin həyata keçirilməsi, media reyestrinin yaradılması, saytlara, qəzetlərə ayrıca yardımların edilməsi, müxtəlif jurnalistlərin ayrı-ayrılıqda peşə hazırlıq səviyyəsinin yüksəldilməsi üçün yerli və beynəlxalq mütəxəssislərin iştirakı ilə təlimlərin keçirilməsi - bütün bunların bir məqsədi var: Azərbaycan mediasında, mətbuatında keyfiyyətcə yeni mərhələyə keçid etmək, Azərbaycan jurnalistlərinin, mediasının beynəlxalq standartlara uyğun fəaliyyətinə töhfə verməkdir. Bu, qısa zamanın işi deyil, amma proses çox uğurla davam etdirilir. Azərbaycan mətbuatının 22 iyulda peşə bayramını qeyd etməyə böyük mənəvi haqqı çatır. Bunu açıq demək lazımdır ki, xüsusən 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan jurnalistləri öz qələmlərini silaha, süngüyə çevirib, əsl informasiya müharibəsi apardılar. Düşmənin yalanlarına, informasiya terroruna qarşı ciddi şəkildə mövqe ortaya qoydular. Yerli və beynəlxalq müstəvidə bunu bacardılar. Vətən müharibəsi Azərbaycan jurnalistikası üçün bir imtahan idi. Düşünürəm, Azərbaycan jurnalistləri bu imtahanda fərqlənə bildilər. Bütün həmkarları Milli Mətbuat Günü münasibətilə təbrik edirəm, Azərbaycan mətbuatını bundan sonra daha böyük uğurlar gözlədiyini düşünürəm”.

 

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə yardımı ilə “Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi” mövzusu üzrə dərc olunub.

 

Aytəkin Qardaşova

Tarix: 21 İyul 2023, 15:13   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin