BURADA REKLAMINIZ OLA
BİLƏR

“Azərbaycanın atdığı addımlar fonunda Avropa İttifaqının siyasi liderlərinin bəziləri heç də düzgün yolda deyillər” - RƏY

Müstəqillik əldə etdikdən sonra Azərbaycanın üzləşdiyi sosial-iqtisadi və siyasi problemləri müvəffəqiyyətlə həll etməsi onun beynəlxalq aləmdəki mövqeyini gücləndirdi, ayrı-ayrı ölkələrlə milli dövlət mənafelərinə cavab verən qarşılıqlı-faydalı əlaqələr qurması, dünya birliyinə inteqrasiyası prosesini intensivləşdirdi. Azərbaycanın xarici siyasətində ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrin qurulması, bu istiqamətdə əməkdaşlığın genişləndirilməsi xüsusi yer tutur. Xüsusilə Vətən müharibəsindəki zəfərindən sonra Azərbaycanın beynəlxalq əlaqələr sistemində nüfuzu daha da artdı. Prezident İlham Əliyevin bu istiqamətdə atdığı qətiyyətli addımlar, istər xarici səfərləri, istərsə də beynəlxalq tədbirlərdə iştirakı Azərbaycanın qüdrətli ölkələr sırasına qoşulmasından xəbər verir. Bu gün Azərbaycan dünya siyasətinin formalaşdırılmasında aparıcı rol oynayan dövlətlərlə, o cümlədən siyasi çəkisinə və iqtisadi potensialına görə beynəlxalq aləmdə özünəməxsus yer tutan Avropa ölkələri ilə qarşılıqlı münasibətlərini gücləndirib.

 

Mövzu ilə bağlı Pravda.az-a fikirlərini bölüşən Milli Məclisin deputatı Elman Nəsirov deyib ki, Azərbaycanın Avropa ölkələri ilə münasibətləri dinamik inkişaf tempinə malikdir.

Deputat bildirib ki, xüsusilə Avropa İttifaqının 9 ölkəsi ilə Azərbaycan strateji tərəfdaşlıq sənədləri imzalayıb: “Bu gün Avropanın enerji təhlükəsizliyinin təminatında Azərbaycan həlledici rola malikdir. Azərbaycan Avropa üçün yeni alternativ enerji mənbəyidir. Nəzərə alsaq ki, Rusiya-Ukrayna müharibəsi fonunda Avropa ölkələrinin neftə, xüsusilə qaza olan tələbatı kəskin artıb, bu reallıqda Avropa İttifaqının siyasi rəhbərliyi Azərbaycandan dəfələrlə təvəqqe edib ki, ölkəmiz Avropaya qaz təchizatını iki dəfə artırsın. Cənab Prezident İlham Əliyev onların bu xahişinə müsbət yanaşıb. TAP layihəsinin ötürmək qabiliyyəti ildə 10 milyard kubmetrdir. Bu rəqəmin 20 milyarda çatdırılması hədəflənib. TANAP-ın isə ötürmə qabiliyyəti 16 milyard kubmetrdir. Bunun da iki dəfə artırılaraq 32 milyarda çatdırılması məqsəd seçilib. Bu istiqamətdə işlər görülməkdədir. Şahdəniz yatağı ilə yanaşı Abşeron yatağının da işə salınması imkanlarının reallaşdırılması üçün olduqca münbit şərait təmin edilib”.

 

E.Nəsirov təəssüflə vurğulayıb ki, Azərbaycanın atdığı bu addımlar fonunda Avropanın bəzi ölkələri, eyni zamanda Avropa İttifaqının siyasi liderlərinin bəziləri heç də düzgün yolda deyillər: “Onlar Avropanın strateji əhəmiyyətli maraqlarını kənara qoyub, erməni maraqlarına xidmət edirlər. Bu günlərdə Aİ-nin xarici əlaqələr və təhlükəsizlik məsələləri üzrə ali komissarı Cozef Borrel Ermənistanın yanında olduğunu növbəti dəfə bəyan etdi, Azəbaycanın ədalətli mövqeyinin əleyhinə bir mövqe ortaya qoydu. O, Laçın sərhəd-buraxılış məntəqəsinin ləğv edilməsi tələbinə qoşulur, ermənilərin bu tələbini müdafiə edir. Eyni zamanda Azərbaycanın irəli sürdüyü alternativ Ağdam-Xankəndi yolunun istifadəyə verilməsi təklifini qəbul etmir. Bütün bunlar acı təəssüf doğurur, çoxlu suallar yaradır. Niyə Avropanın bir çox siyasi liderləri, Aİ-nin siyasi rəhbərlərindən bəziləri beləcə Aİ-nin nəhəng iqtisadi maraqlarını bir kənara qoyur, amma dar erməni maraqlarına xidmət edirlər? Yəqin ki, burada qaranlıq, dumanlı məqamlar var. Hesab edirəm, Aİ-nin siyasi rəhbərliyi səviyyəsində korrupsiya və rüşvət faktlarının son zamanlar ardıcıl olaraq səslənməsi göstərir ki, biz hələ aysberqin görünən hissəsindən danışırıq...”

 

Politoloq Azad Məsiyev isə deyib ki, Azərbaycan xarici siyasət doktrinasında balanslaşdırıcı siyasətə üstünlük verir: “Həm Qərb, həm Rusiya, həm də Amerika ilə bərabər beynəlxalq hüquq prinsipləri çərçivəsində əməkdaşlıq etməkdədir. Son vaxtlar dünya siyasətində böyük dövlətlərin maraqları toqquşduğuna görə dünyada gedən proseslər birbaşa Azərbaycanın xarici siyasətinə təsir edir. Bildiyiniz ki, ABŞ başda olmaqla Aİ Rusiyanı düşmən elan edib. Onlar Rusiyaya sanksiyalar tətbiq etməklə Rusiyanı dünya siyasətindən təcrid etməkdədirlər. Təbiidir ki, bu siyasət dolayısı ilə Azərbaycana da təsir edir, çünki başda ABŞ olmaqla Qərb Azərbaycana təzyiq göstərir ki, Rusiya ilə münasibətlərinə yenidən baxsın. Rusiyaya tətbiq edilən sanksiyalara Azərbaycanın da qoşulmasını tələb edirlər. Azərbaycan isə öz milli və dövlət maraqlarına uyğun olaraq Rusiya ilə balanslaşdırılmış siyasətini qoruyur. Bu isə ABŞ-nin və Qərbin xoşuna gəlmir. ABŞ və Avropa koalisiyası Cənubi Qafqazda öz siyasətini Ermənistan üzərindən həyata keçirir. Baş nazir Nikol Paşinyanı hakimiyyətə gətirməklə Cənubi Qafqazda öz maraqlarını gücləndirmək istəyirlər. Eyni zamanda Qərb koalisiyası Rusiyanın Ermənistandakı nüfuzunu zəiflətmək üçün Ermənistana həm iqtisadi, həm də siyasi dəstəyini verir. ABŞ Ermənistana böyük həcmdə maliyyə yardımı ayırır. Başda Fransa olmaqla Aİ Ermənistana dəstəyini əsirgəmir, hətta silah yardımı da ayırır. Bütün bunlara baxmayaraq, Azərbaycan yenə də balanslaşdırılmış siyasətini gücləndirir. Azərbaycan Avropanın enerji təhlükəsizliyini təmin etmək üçün, təxminən, Avropanın üçdə bir hissəsini öz üzərinə götürüb, Avropanın 10-a yaxın dövləti ilə ikitərəfli müqavilə bağlayıb, əməkdaşlıq edir. Azərbaycan balans siyasətini gücləndirməklə özünün dünya siyasətində mövqeyini möhkəmləndirir”.

 

Politoloq deyib ki, böyük dövlətlər kiçik dövlətlərdən həmişə vasitə kimi istifadə edirlər: “Ermənistan və Azərbaycan konfliktindən istifadə edərək öz maraqlarını həyata keçirirlər. Ermənistana dəstək verməklə Azərbaycana təzyiq edirlər. Düşünürlər ki, bu cür variantlarla Azərbaycan Rusiya ilə münasibətlərinə yenidən baxacaq. Bu taktika Avropanın yanlış yolda olduğunu bir daha göstərir. Avropa İttifaqı Ermənistan-Azərbaycan məsələsinin sülh yolu ilə həllində vasitəçilik nümayiş etdirir. Vasitəçi olan tərəf heç vaxt birtərəfli siyasət həyata keçirməməlidir. Aİ Ermənistana açıq dəstək verirsə, bu, sülh prosesinə təsir edə bilər. Bununla bitərəfliklərini pozmuş olurlar. Belə variantlar Azərbaycan-Avropa münasibətlərinə xələl gətirə bilər”.

 

A.Məsiyev əlavə edib: “Region baxımından götürsək, regionda Türkiyənin də fəallaşması, birbaşa təsir imkanlarının genişləşməsi üçün Türkiyə və digər türkdilli dövlətlərlə əməkdaşlığımızı daha da gücləndirməliyik. Çünki dünya artıq qütbləşib və yeni güc mərkəzlərinin yaranmasına ehtiyac duyur. Bu baxımdan Türkiyə başda olmaqla Turan İttifaqının yaranması, bir millət, bir ittifaq halına gəlməsi tək Azərbaycan üçün deyil, Türk Dünyası ilə gələcək hədəflərin yaxşı mənada inkişafı üçün vacib məsələdir. Bu sahədə də Azərbaycan öz siyasətini gücləndirir. Artıq Avropa bəşəriyyət üçün təhlükə mənbəyinə çevrilib. Faktiki Ukrayna ərazisində Üçüncü Dünya müharibəsi gedir. Bu da Avropanın mərkəzindədir. Əgər Avropa bəşəriyyət üçün nümunə olacaq bir bölgədirsə, onda bu qədər münaqişə ocaqlarının yaranmasının, insan itkisinin səbəbi də elə Avropadır. Artıq Ukrayna ərazisində gedən Üçüncü Dünya müharibəsinin bu cür qızışdırılması başda Avropa dövlətləri, ABŞ olmaqla Aİ-dir. Bu münaqişənin getdikcə dərin kök salması artıq nüvə silahının işə düşməsinə gətirib çıxara bilər. Bu da bəşəriyyət üçün böyük təhlükə mənbəyidir. Belə avantürist siyasəti, qərəzli yanaşması, öz maraqlarını beynəlxalq hüquq prinsiplərinin önünə gətirməsi Avropanın bəşəriyyət üçün təhlükə mənbəyinə çevrilməsinə səbəb olub. Azərbaycan dünyada gedən qütbləşmə prosesində öz mövqeyini dəqiqləşdirməlidir və bu istiqamətdə fəaliyyətini gücləndirir. Bu mövqe bir millət, bir ittifaq halına, Turan İttifaqının yaranmasına hesablanmalıdır. Azərbaycanın da bu prosesdə önəm daşıması şübhəsizdir. Azərbaycan Avropa-Azərbayan münasibətlərində də  balanslaşdırılmış siyasət aparmaqla istər Qərblə, istərsə də Rusiya, Şərq və digər bölgələrlə əməkdaşlığının güclənməsində maraqlıdır. Bu cür siyasət Azərbaycan üçün vacibdir”.

 

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə yardımı ilə “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” mövzusu üzrə dərc olunub.

 

Aytəkin Qardaşova

Tarix: 28 İyul 2023, 15:50   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin