BURADA REKLAMINIZ OLA
BİLƏR

Psixoloq Rəşad Dağlının məsələsindən danışdı: “Nəyisə kişi kimi sübut etməyə çalışmazdan əvvəl başınızın boş olub-olmadığını yoxlayın”

Tanınmış psixoloq Nizami Orucov 9 il 6 ay azadlıqdan məhrum edilən meyxanaçı Rəşad Dağlının qətlə yetirdiyi şəxslə yazışmaları fonunda Azərbaycanda törədilən cinayətlərin psixoloji səbəblərini açıqlayıb.

 

Pravda.az xəbər verir ki, N.Orucov Rəşad Dağlıya gələn “Rəşad, “üzdəniraq” söhbətin gedir, gəl qabağını al...” mesajını belə şərh edib:

 

“Bircə “üzdəniraq” sözünə görə mövzu qızışıb haralara gedib çıxıb. Problemin arxasında sadəcə bir psixoloji məqam durur. Bunu da 50-100, 200-300 manata psixoloq yanına gedib həll edə bilərsiniz. Bunun adı “natamamlıq kompleksi”dir. Kimlərsə sizə “üzdəniraq” deyirsə və siz bunun əksini sübut etməklə məşğulsunuzsa, yaxud bu mövzu ilə ciddi şəkildə maraqlanırsınızsa, ciddiyə alırsınızsa, onda sizin natamamlıq kompleksi probleminiz var. Bunun isə kişiliklə, qeyrətlə heç bir əlaqəsi yoxdur. Qısaca izah edim. Videoda nəsə danışıram, heç kimin anası, bacısı, arvadı, qızı ilə işim yoxdur ki, kimsə mənə ağır, pis söz desin. Bir oğlan videonun altında məni təhqir edib. Boş-bekar idim, oğlanın profilinə girdim, evli olduğu yazılmışdı. Xanımının da adı qeyd olunmuşdu. Onun da profilinə keçdim ki, görüm bu necə ailədir. Bu xanım əri olmasına baxmayaraq, aktiv “axtarışdadır”. Yəni özünə kişi axtarır. Əri isə məni təhqir edir. Sözümün canı budur ki, yazılan sözlərə reaksiya vermək lazım deyil. İllər əvvəl Əli Kərimlinin ünvanına siyasi məqsədlər üçün bu söhbəti ortaya atmışdılar. Əli Kərimli, məncə, küçə söhbətləri səviyyəsində tarixi bir cavab verdi. O adam siyasətçidir, mən psixoloqam, belə söhbətlər apara bilmərəm. Təbii ki, bunlar düşük, səviyyəsiz söhbətlərdir. Dilə gətirməyə belə utanıram. Hörmətli gənclər, adekvat insanlar və digərləri, bu həyatda mərdiməzarların sayı-hesabı yoxdur. Mən belə onlarla qarşılaşmışam. Paxıllıq çəkən, gözü götürməyən o qədər insan var ki. Onlar kimdənsə acıq çıxarmağa çalışırlar. Rəşad Dağlı da ictimai şəxsdir. Təəssüf ki, bəzi adamlar natamamlıq kompleksinə qurban gedir. Buna qurban getməyin. Mərdiməzar insanlar həyatda həmişə ilişməyə və ilişdirməyə çalışırlar. Unutmayın, bizim bir həyatımız var, o da müqəddəsdir. Mən şəxsən öz həyatımı müqəddəs bilirəm. Nəyəsə reaksiya verməmişdən əvvəl düşünün. İnamsızlıq, natamamlıq kompleksi kimi psixoloji problemlərinizi vaxtında həll edin. 30-50 manata həll edə biləcəyiniz problemlərin nəticəsi olaraq 5-10 il həyatınız məhv olmasın. Həbsxanada məhv olan həyatın davamını da artıq toparlaya bilməyəcəksiniz. Azadlıq müqəddəsdir. Nəyisə kişi kimi sübut etməyə çalışmazdan əvvəl başınızın boş olub-olmadığını yoxlayın. Həyatdır, bəzən insan kontroldan çıxır. Kimisə öldürdünüz və həbsxanada eşidirsiniz, Yaponiyada iki azərbaycanlı söhbət edir ki, siz “üzdəniraqsınız”. Gözləyəcəksiniz ki, 10 il həbsxanada yatıb çıxandan sonra Yaponiyaya gedib söhbət xırdalayasınız? Bu, gülməlidir, cahillikdir. Həm ağlamalıdır, həm də gülməli...”

 

Aytəkin Qardaşova

Tarix: 1 Avqust 2023, 15:25   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin