BURADA REKLAMINIZ OLA
BİLƏR

Təkzib: “Azəralüminium” cərimələnmədiyini bildirir - YENİLƏNDİ

Bu günlərdə “parvda.az” xəbər portalında “Azəralüminium cərimələndi” başlıqılı xəbər işıq üzü görmüşdür.

 

Adı çəkilən xəbərin başlığından görünür ki, yekun məhkəmə aktının olmamasına baxmayaraq, “Azəralüminium” MMC barəsində sanki yekun məhkəmə aktı və ya inzibati orqanın qərarı əsasında cərimə inzibati tənbeh tədbiri tətbiq olunmuşdur. Halbuki məsələ ilə bağlı bu günədək hər hansı yekun məhkəmə aktı qəbul olunmamışdır. Bu səbəbdən belə xəbər başlıqları tərəfimizdən ictimaiyyətə təhrif olunmuş məlumatın ötürülməsi kimi qiymətləndirilməklə təəssüf hissi ilə qarşılanmaqdadır.

 

Qeyd olunanlarla bağlı bildiririk ki, mülkiyyət hüququ dövlətə məxsus müəssisə olaraq “Azəralüminium” MMC ölkəmizin ixracyönümlü iqtisadiyyatının inkişafına töhfəsini verməklə yerli və beynəlxalq səviyyədə öz işgüzar nüfuzunu daim qoruyan və fəaliyyətini qeyd olunan istiqamətdə təşkil edən qabaqcıl istehsal müəssisələrindən biri kimi tanınmaqdadır.

 

Fəaliyyətinin təmin edilməsi məqsədilə “Azəralüminium” mütəmadi olaraq dövlət satınalmaları haqqında qanunvericiliyin tələbləri çərçivəsində bir sıra xarici ölkələrdən istehsal prosesinin təşkili məqsədini daşıyan məhsullar idxal etməkdədir. Həmin məhsulların çatdırılması və ölkədaxili gömrük orqanlarında bəyan edilməsi müxtəlif ixtisaslaşmış daşıma şirkətləri tərəfindən icra olunsa da, məhsullar “Azəralüminium”un adına idxal olunur və bir sıra hallarda obyektiv səbəblərdən daşıma şirkətləri idxal bəyannamələrinin təqdim olunmasında gecikmələrə yol verə bilirlər ki, bu hal “Azəralüminium”a qarşı inzibati tənbeh tədbirlərinin tətbiqi ilə nəticələnə bilir. Bu kimi hallarda müəssisəyə tətbiq oluna bilən cərimə məbləğləri daşıma şirkətləri ilə aparılan ödənişlər çərçivəsində əvəzləşdirilir ki, bu da müəssisənin vəziyyətdən zərərsiz çıxmasını şərtləndirir.

 

“Azəralüminium” MMC “pravda.az” xəbər portalının redaksiyasının işıq üzü görmüş xəbərinə etiraz etməklə redaksiyanı bu cür əsaslandırılmamış, çaşdırıcı sərlövhəli məlumatların paylaşılmasının qarşısını almağa çağırır və media təmsilçilərini müəssisə ilə bağlı xəbərlər paylaşarkən təhriflərə yol verilməməsi məqsədilə əvvəlcədən aşağıdakı əlaqə vasitələri ilə “Azəralüminium” MMC-nin baş ofisi ilə əlaqə saxlamağa dəvət edir.

 

***

 

2023-08-02 13:14

 

“Azəralüminium” Məhdud Məsuliyyətli Cəmiyyətinə cərimə protokolu yazılıb.

 

Pravda.az-ın xəbərinə görə, şirkət barəsində Dövlət Gömrük Komitəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir) maddəsi ilə protokol tərtib edilib.

 

İş Gəncə Şəhər Məhkəməsinin hakimi Orxan Cəfərlinin sədrliyi ilə araşdırılacaq.

 

Kamal Məmmədov

Tarix: 3 Avqust 2023, 14:32   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin