BURADA REKLAMINIZ OLA
BİLƏR

“AAAF Park” binaya qaz vermədiyi üçün cərimələndi

Sumqayıt Apellyasiya Məhkəməsində “AAAF-İnşaat” və şirkətin rəhbəri Tofiq Heydərovun apellyasiya şikayətinə baxılıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət maddi və mənəvi ziyanın ödənilməsi ilə bağlı Əsgərova Raziyə Sahibqulu qızının iddiasının təmin edilməsi barədə Abşeron Rayon Məhkəməsinin qərarından verilib.

 

İddiaçı Əsgərova Raziyyə Sahibqulu qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “AAAF-İnşaat” MMC-dən və onun direktoru Heydərov Tofiq Mirhəsən oğlundan mənzilinə birgə vurduqları 3000 manat, mənzildəki əmlakına vurduqları 6000 manat maddi ziyan və 50 000 manat mənəvi ziyanın, 30 manat dövlət rüsumunun, hüquqi yardım üçün vəkil-nümayəndəyə verdiyi etibarnaməyə və müqaviləyə ödədiyi 911 manat 50 qəpik pulun, axırıncı dəfə müalicəsi üçün həkimə ödədiyi 74 manat pulun, cəmi 60015 manat 50 qəpik pulun şərikli qaydada tutularaq ona ödənilməsi barədə və yaşadığı mənzilin başqa binada və yaxud həmin binada orta hissədə istilik sistemi ilə təchiz edilmiş, eyni ölçüdə digər mənzillə dəyişdirilməsi vəzifəsinin cavabdehlərin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edib.

 

Əsgərova Raziyyə Sahibqulu qızı iddiasını onunla əsaslandırıb ki, “AAAF-İnşaat” MMC-nin direktoru Heydərov Tofiq Mirhəsən oğlu ilə torpaq sahəsinin və fərdi yaşayış evinin alqı-satqısı haqqında müqavilə bağlayıb. “AAAF-İnşaat” MMC-nin Xırdalan şəhəri, Səttar Bəhlulzadə 33-də “AAAF-Park” yaşayış massivindəki inşa edilən 4 mərtəbəli yaşayış binasında ümumi sahəsi 47.4 kv.metr olan bir otaqdan ibarət 3 saylı mənzilini 38 000  manata alıb. Əri Əsgərov Oktay Əhməd oğlu ilə birlikdə köçüb həmin mənzildə yaşamağa başlayıb.  Lakin bir-neçə il sonra binada qaz, işıq və istilik olmadığına görə yaşadıqları mənzilin tavanından və divarlarından su axıb, bunun nəticəsində mənzilə külli miqdarda ziyan dəyib, mənzilin təmiri zərər görüb, mənzildəki əmlakı tam məhv olub, mənzildə yaşamaq qevri-mümkün hala gəlib. Bunun nəticəsində əri  Əsgərov Oktay Əhməd oğlu müalicəsi mümkün olmayan ağır xəstəliyə tutularaq 2-ci qrup əlil olub. Dəymiş ziyan barədə “AAAF-İnşaat’' MMC-nin rəhbərliyinə və onun direktoru Heydərov Tofıq Mirhəsən oğluna dəfələrlə müraciət etsə də, heç bir müsbət nəticəsi olmayıb, bunun nəticəsində o sistematik olaraq ciddi mənəvi iztirab keçirib, hirslənərək həyəcanlanıb, əsəb gərginliyi keçirib, müalicəsinə külli miqdarda pul xərcləsə də, sağalmayıb.

 

Abşeron Rayon Məhkəməsi cavabdehlər Heydərov Tofiq Mirhəsən oğlundan və “AAAF-İnşaat” MMC-dən 2 462 manat məbləğində ziyan, 500 manat mənəvi ziyan, hüquqi yardım almaq üçün ödədiyi 911,50 manat, müalicəsi üçün çəkdiyi 74,30 manat xərc, 30 manat dövlət rüsumu olmaqla,  cəmi 3967 manat 50 manat qəpiyin müştərək qaydada ödənilməsi barədə qərar verib.

 

Hər iki cavabdeh apelyasiya şikayəti verərək qətnamənin ləğv, iddianın rədd olunmasını xahiş edib. Hakim Şəmsəddin Abbasovun sədrlik etdiyi kollegiya qətnamənin Heydərov Tofiq Mirhəsən oğluna dair hissədə ləğv edilməsinə qərar verib.

 

“AAAF-İnşaat” MMC-nin apelyasiya şikayəti isə qismən təmin edilib. Yeni qərarda müalicə üçün çəkilmiş 74,30 manat xərcin cavabdehlərdən tutulması hissəs ləğv edilib, mənəvi ziyana görə 200 manat, hüquqi yardım almaq üçün vəkil xərcinə görə 300 manat, ödənilmiş  30 manat dövlət rüsumunun 20 manatı “AAAF-İnşaat” MMC-dən tutularaq iddiaçı Əsgərova Raziyyə Sahibqulu qızına ödənilməsi qeyd edilib.

 

Qətnamə qalan hissədə  - cavabdeh “AAAF-İnşaat” MMC-dən 2 462 manat məbləğində zərərin tutularaq ödənilməsi hissəsində dəyişdirilmədən saxlanılıb.

Tarix: 30 Noyabr 2019, 09:10   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin